Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edildi -FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib.
Yenixeber.org: Mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. E.Azadxanov bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub.
2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.
O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.
E.Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.