Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pravoslavlar Pasxa Gününü bu cür qeyd etdilər -FOTOLAR

Bu il pravoslavların müqəddəs Pasxa Günü - İsa Məsihin dirilməsi bayramı aprelin 16-da qeyd olunur. Pravoslavlar 40 gün xüsusi pəhrizlə tutulan orucdan sonra Pasxanı qeyd etmək üçün gecədən başlayaraq kilsələrə toplaşır, dini ayinləri icra edirlər.

Yenixeber.org: Bakıdakı "Müqəddəs Məryəm Ananın Mövludu Kilsəsi"ndə, olub, pravoslavların bu bayramı necə keçirmələrini izlədik.

Burada da insanlar gecə saatlarından başlayaraq kilsəyə axın edir, bayramlarını qeyd edirlər. Artıq günorta saatlarına doğru kilsəyə üz tutanların sayı artmağa başlayır.

Hər il gördüyümüz mənzərə adəti üzrə davam edir - kilsənin həyətində bədmüşk budaqları, sünbül, yasəmən, müxtəlif rənglərdə lalələr və digər güllər satılır. İnsanlar bu gülləri alıb, kilsəyə daxil olur, üzərinə müqəddəs su çiləndikdən sonra evə aparırlar. Bu, bir növ bayramla əlaqədar simvolik xarakter daşıyır.

Güllərin qiymətlərinə gəldikdə, hər kəsin ala biləcəyi qiymətə satılır. Məsələn, bədmüşk budaqları 3 manat, qargülü 1 manat, lalələr 2 manat, yasəmən toplumu 5 manat, sünbül 2 manatdır.

Niyə bədmüşk ağacının budaqları?

Qeyd edək ki, bədmüşk ağacının budaqları provaslavlar üçün xüsusi məna daşıyır. Pravoslavlar müqəddəs su çilənəndikdən sonra bu budaqları evinə aparıb, bir guşədə saxlayır. İnanca görə, pak edilmiş budaqlar növbəti Pasxaya qədər evdəki neqativ ab-havanı, xəstəlikləri, pislikləri özünə çəkir. Adətə görə növbəti Pasxa bayramına yaxın budaqları yandırılır və bayramda yeni budaqlar alınır.

“İsa Məsih dirildi”...

Kilsənin zəngləri təkrar çalınır və insanlar əllərində bədmüşk budaqları, çiçəklər, şirniyyat səbətləri ilə birgə kilsəyə daxil olurlar. Növbə ilə keşişə yaxınlaşır, keşiş isə “İsa Məsih dirildi” deyib, onların bayramlarını təbrik edir, dua oxuya-oxuya şirniyyatlara, bədmüşk ağacının budaqlarına su çiləyir, əvvəl rus, sonra isə Azərbaycan dilində dualar edib, dünyaya sülh və əmin-amanlıq diləyir. Kilsənin yuxarı köşəsində isə xor akapella şəklində “Aleluya” oxuyur.

Pasxa bayramı necə yaranıb?

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra “böyük cümə axşamı” - mənəvi təmizlənmə günü keçirilir. Həmin gün inanclara görə İsa peyğəmbərin dəfni günüdür. Ardınca gələn “böyük şənbə günü” kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan pravoslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.

Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl, israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilas olma”, “qurtulma” deməkdir.

Beləliklə, Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında, gecə və gündüz bərabərləşəndən 30 gün sonra ay bədirlənirsə, ilk bazar günündə bayram edilir.

Boyanmış yumurta və kuliç...

Dua və ayinləri yerinə yetirdikdən sonra insanlar kilsənin həyətində qurulan masanın ətrafına toplaşır, əllərindəki bayram səbətlərini süfrəyə düzürlər.  Pravoslavlar adətləri üzrə şirniyyatların bir qismini aparıb bayram süfrəsinə düzür, digər qismini yaxınlarına, qohumların verirlər. Kim istəsə bir qismini masada, kimsəsizlər üçün sədəqə kimi qoyub, gedir.

Boyanmış yumurta və kuliç Pasxanın əsas rəmzlərindən hesab olunur. İnanca görə, kuliç yeyən şəxslər şər qüvvələrdən, pis ruhlardan uzaq olur. Kuliçi bişirdikdən sonra onu kilsəyə gətirir, keşiş tərəfindən üzərinə dualı su səpildikdən sonra yenidən evə aparıb, bayram süfrəsinə qoyurlar.

Zarina adlı pravoslav deyir ki, indi çox az adam evində kuliç bişirə bilir:

"Əvvəllər hamı evdə bişirərdi. Amma onun bişirilməsi bir qədər əziyyətli olduğu üçün əksəriyyət hazır şəkildə alır. İnanca görə kuliç yeyən şəxslər şər qüvvələrdən, pis ruhlardan uzaq olur".

"Bəs adətən bayram süfrəsində hansı yeməklər olur?" sualımıza müsahibimiz bu cür cavab verdi:

"Digər bayramlarda olduğu kimi bu bayramda da adətən plov bişiririk. Yəni, Azərbaycanın milli yeməklərə üstünlük veririk".

Qeyd etdiyimiz kimi, Pasxanın simvollarından biri boyanmış yumurtadır.  Yumurta boyamaq adəti Mariya Maqdalena ilə əlaqələndirilir. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq bir o qədər çətindir”. Həmin anda ağ yumurta dönüb qırmızı olub. O zamandan qırımızı yumurta dirilmə, Pasxa rəmzidir. İnanca görə, yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinc rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olması üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir...

Pasxa bayramı adəti üzrə bir həftə davam edəcək. Xatırladaq ki, katoliklər Pasxanı bir həftə əvvəl, yəni aprelin 9-da qeyd etmişdilər.(musavat)

Xalidə Gəray
Fotolar müəllifindir




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam