Lombard şikayətlərinə nə zaman son qoyulacaq? -“Lisenziyalaşdırmaya ehtiyac yoxdur”
Ehtiyacı olan şəxslərə borc pul verən xidmətlərdən olan lombardlar son dövrlər xüsusi diqqət mərkəzindədir.
Yenixeber.org: Səbəb isə bu mərkəzlərin işləmə mexanizmi və onların fəaliyyətinin qeyri-qanuni olmasıdır. Belə ki, lombarddan pul götürmək üçün vətəndaş götürdüyü puldan dəfələrlə artıq dəyəri olan əşyanı orada girov qoymalıdır. Girov kimi, əsasən, qızıl-zinət əşyaları, texnoloji ev avadanlıqları, nəqliyyat vasitələri, daşınmaz əmlak qəbul edilir. Lakin prosesin icrası zamanı tərəflər arasında heç bir rəsmi sənədə imza atılmır. Ona görə də borc götürən borcun kiçik bir hissəsini ödəyə bilməsə, lombarda qoyduğu əşyasını geri ala bilmir. Yəni bəzən qalan 100 manat borca görə ödədiyin külli miqdarda pulla bərabər, girov qoyduğun əşya da bata bilir. Ancaq sözügedən problem lombardlara olan tələbi qəti şəkildə azaltmır. Ona görə də iqtisadçıların əksəriyyəti hesab edir ki, lombardlar haqqında qanunun qəbul edilməsi vacibdir.
Hətta iki gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da “Lombardlar haqqında” qanun layihəsinə diqqət çəkilib. Müzakirədə çıxış edən deputat Vahid Əhmədov dörd il əvvəl Milli Məclisə daxil olan layihənin üzərində müəyyən təzyiqlərin olduğunu, onu qəbul etməkdə əngəllərin törədildiyini vurğulayıb. Millət vəkili bu gün lombardların sayını belə, bilmədiklərinin qeyd edərək, onlara lisenziya verilməsinin, qeydiyyatın - bir sözlə, qanunun qəbulunun vacib olduğunu söyləyib.
Maraqlıdır, “Lombardlar haqqında” qanun layihəsində nələr nəzərdə tutulur? Qanunun qəbul edilməsində kimlər maraqlı deyil? Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür? Qanun nə vaxt qəbul edilə bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, lombardlar əhali ilə maliyyə münasibətlərində müəyyən rol oynayırlar. Onların çevikliyi əhalinin onlara müraciətini labüd edir:
“Amma təbii ki, lombardların təklif etdiyi vəsaitlərin aylıq faiz dərəcələri banklardan bir neçə dəfə yüksək olur. Lombard fəaliyyəti göstərmək üçün xüsusi icazə və lisenziya tələb olunmur. Son zamanlar əhalidən daxil olan şikayətlər bu sahənin müəyyən həddə tənzimlənməsinə zərurət yaratmaqdadır. Xüsusən əhalinin qoyduğu girovların təhlükəsizliyinin təmin olunması, girovların vaxtında insanlara qaytarılmaması, faiz dərəcələrinin yüksək olması, lombardların cəlb etdiyi pul vəsaitlərinin qanuni olub-olmaması ilə bağlı daxil olan şikayətlər hüquqi çərçivələrin təkmilləşdirilməsini labüd edir.
Ancaq eyni zamanda bu sahədə çox sərt nəzarət də effektiv olmaya bilər. Məsələn, bizim fikrimizcə, lombard fəaliyyətinin lisenziyalaşdırılmasına ehtiyac yoxdur. Onların reyestrinin yaradılması kifayət edə bilər. Girovların təhlükəsizliyi və digər məsələlərlə də bağlı hüquqi çərçivələr sərtləşdirilə bilər”.
Millət vəkili onu da diqqətə çatdırıb ki, bütün bu dediklərinin yeni “Lombardlar haqqında” Qanunda tam əks olunması üçün işlər davam etdirilir:
“Qanun layihəsi 2019-cu ildə Milli Məclisə daxil olub. Lakin keçən dövr ərzində bu sahəyə nəzarət orqanı ləğv edilərək onun bir çox səlahiyyətləri Mərkəzi Banka verilib. Bu dəyişikliklər qanunun qəbulu prosesinə müəyyən qədər təsir edib. Çünki əsas məsələlərdən biri də qanunun tələblərinin yerinə yetirilməsinə doğru nəzarət etmə alətlərinin mövcud olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasının iş planına bu qanun daxil edilib. Hesab edirəm ki, bu sessiya dövründə lombard sahəsinin tənzimlənməsi üçün yeni hüquqi mexanizmlər qəbul ediləcək”.