Gömrük generallarının həbs müddəti uzadılıb
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləmiş general-mayoru Ehtiram Xəlilov və Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulovun həbs müddətləri uzadılıb.
Yenixeber.org: Bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, E.Xəlilovun həbs müddəti daha 3 ay, M.Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılıb.
Qeyd edək ki, hər iki şəxs bu il iyunun 10-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.
Araşdırmalar nəticəsində Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.
Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Rəşad Babayev və Şükür Səfərov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.