Qlobal bahalaşma Azərbaycana da ÇATDI -SOS!
Ekspert: ””Qlobal problemdir“ deyərək, ağırlığı vətəndaşların çiynində saxlamaq olmaz“
Yenixeber.org: Əhali arasında bahalıqdan, xüsusilə ərzaq məhsullarının qiymətinin artmasından şikayətlənənlərin sayı artıb. Qlobal bəla olan bahalaşma Azərbaycanı da “vurmaqdadır”. Türkiyədə bahalıq, inflyasiya pik həddədir. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, oradakı bahalığın bizə təsirinin olduğunu söyləmək mümkündür?
Hazırda insanlar inflyasiyaya birtəhər dözürlər. Cəmiyyəti indi ən çox narahat edən odur ki, enerjidaşıyıcılarının qiyməti arta bilər. Devalvasiya narahatlığı yoxdur. Çünki Azərbaycanda devalvasiya adətən neftin dünya bazar qiymətinə bağlı olub. Hazırda neftin qiyməti 130 dollar həddindədir. Bu baxımdan kimsə dolların bahalaşacağını özünə dərd etmir.
Azərbaycanda inflyasiya hazırda neçə faizdir? Anti-inflyasiya tədbirləri hansı səviyyədədir?
İqtisadçı-ekspert Elman Sadiqov mövzunu belə şərh etdi: “Azərbaycanda aprel ayından rəsmi inflyasiya 12.4 faizdir. İkirəqəmli inflyasiya iqtisadiyyatda heç də yaxşı göstərici deyil və təhlükəli hədd deməkdir. Bu o deməkdir ki, əhalinin il ərzində əldə etdiyi qazancın böyük hissəsi inflyasiya tərəfindən udulur. 12.4 faizli inflyasiya həm də ona görə yaxşı göstərici sayılmır ki, Azərbaycanda 4 % üstəgəl 2 % götürülür. Yəni ölkəmizdə 2 və 6 arasında inflyasiya qəbul edilən, gözlənilən, normal inflyasiyadır. Ən əsas səbəb idxal inflyasiyasıdır. Yəni Azərbaycanın daxilindən qaynaqlanan inflyasiya deyil, daha çox dünya bazarlarında istər ərzaq məhsullarının, istər metalların, istər enerji qiymətlərinin artması ilə bağlıdır. Enerji qiymətlərinin artımı da dünya bazarlarında inflyasiyanı sürətləndirən amildir. Hazırda dünya bazarında özünü göstərən inflyasiya Azərbaycanda da müşahidə edilir. İnflyasiyanın təsiri hələ bir müddət davam edəcək. Çünki istər kənd təsərrüfatı məhsulları, istər sənaye məhsullarının dünya bazarında qiyməti artıb. Azərbaycanda əsas təzyiq idxal inflyasiyası ilə bağlıdır. Amma bəzi ölkələr ikiqat inflyasiyaya məruz qalırlar. Bu nə deməkdir?
Elman Sadiqov
Məsələn, qonşu Türkiyə həm idxal inflyasiyasının təzyiqi altındadır, həm də yerli valyutanın devalvasiya ilə dəyər itirməsi nəticəsində ikinci inflyasiya təzyiqinə məruz qalır. Yəni bir tərəfdən, dolların dəyəri artır, idxal olunan məhsulun dəyəri dolların dəyəri artdığı üçün artır. Bu birinci amil. Ümumiyyətlə, məhsulların qiyməti dolların ekvivalentində artır. Türkiyədə ona görə ikiqat inflyasiyadır. Həm dolların dəyər qazanması, həm də dünya bazarında qiymətlərin artması səbəbindəndir. Digər bir səbəb isə Türkiyənin enerji idxal edən ölkə olmasıdır, hazırda enerjinin qiymətinin çox baha olması və nəticə etibarilə də tədiyyə balansı da çox yüksəkdir. Bu da idxal olunan yüksək enerji qiymətləri ilə bağlıdır”.
Ekspert qeyd edib ki, Türkiyədə dollarla və məhsullarla bağlı olan vəziyyət Azərbaycana heç də mənfi təsir göstərmir: “Birincisi, Türkiyədə dolların dəyərinin artması nəticəsində orada məhsulların qiyməti xeyli düşüb. Türkiyə istehsal edən ölkədir, xüsusilə, geyim, trikotaj məhsulları. Yəni biz Türkiyədən dollarla mal aldıqda daha ucuz almış oluruq. Bu, Azərbaycanda inflyasiyaya müsbət təsir göstərməlidir. Yəni Azərbaycan əhalisi bu gün öz şəxsi istehlakı üçün lazım olan məhsulları Türkiyədən idxal edib, bizdə dollar da sabitdir. Nəticə etibarilə bizim Türkiyədən məhsul idxal etməyimiz, bu daxili bazara daha ucuz məhsul idxal etməyimiz deməkdir. Əhali üçün bu müsbət amildir. Əhali ən azı öz geyimini, zəruri istehlak tələbini onunla ödəyir. Burada diqqət ediləsi məqam ikinci məhsullaradır. İkinci məhsullar da var ki, bunlar ya Türkiyədə istehsal olunmur, ya da Türkiyədə istehsal olunsa da, əksər komponentləri xaricdən idxal olunur. Məsələn, kənd təsərrüfatı texnikası. Metalın da dünyada qiyməti artdığı üçün Türkiyədə həmin məhsulların istər-istəməz qiymətləri də artmış olur. Ümumiyyətlə isə dünyanın digər ölkələrindən daha çox Türkiyədən məhsul almağımız bizim üçün ”avantajlı"dır. Bunun da əsas səbəbi lirənin ucuz olmasıdır.
Bununla belə, bütün dünya, eləcə də bizim üçün ən təhlükəli olan ərzaq məsələdir. Artıq ərzaq çox strateji məhsul olub. Hər bir ölkə özünün ərzaq təhlükəsizliyini düşünür. Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında yaranan məsələ dəfələrlə qeyd edilib. Anbarlarda olan taxılın dünya bazarına çıxarılması məsələsi gündəmdədir. Həmin anbarlar boşalsa, Ukrayna yenidən biçdiyi taxılı, arpanı, buğdanı anbarlara qoyar. Hazırda dünyanı bu məsələ maraqlandırır ki, ərzaq balansı dünyada pozulmasın. Hazırda bizim ölkəmiz digər ölkələrə nisbətən daha üstün mövqedədir. Səbəb odur ki, dünyada neftin və qazın qiyməti çox yüksəkdir. Tələbat çox yüksəkdir. Bu baxımdan satışda heç bir problem yoxdur. Bu nəticə etibarilə ölkəmizin qazanc əldə etməsinə səbəb olur. Bu da ölkənin tədiyyə balansına, ticarət balansına çox müsbət təsir göstərir. Ölkəyə valyuta daxilolmaları çox yüksək səviyyədədir. Bizim xaricdən hər hansı bir məhsul idxal etməkdə çatışmazlığımız yoxdur. Bəzi ölkələrdə artıq bu var. Digər tərəfdən, bizdə devalvasiya olmadığı üçün dollar da çox baha deyil. Bu il və gələn il üçün bu riskli faktor deyil. Sakit şəkildə istədiyimiz məhsulu idxal edə bilirik. Bəzi ölkələr məhsul almaq üçün artıq borc alırlar. Valyuta çatışmazlığı yaranır. Bəzi ölkələr də artıq devalvasiyalara gedirlər. Bu da ikiqat inflyasiya deməkdir. Bir çox ölkələrdə yerli valyutaların zəifləməsi prosesi gedir. Riskli vəziyyətdir, ona görə bunu qorumaq lazımdır. Yalnız Rusiya-Ukrayna müharibəsi müəyyən dərəcədə həll olunandan sonra artıq gündəm dəyişdiyini görəcəyik".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə büdcəyə yenidən baxılmasının zəruriliyini vurğulayıb: “Apreldən bəri bir neçə dəfə bu məsələni səsləndirmişik. Çünki ”problem qlobal problemdir" deyə problemin ağırlığını vətəndaşların çiynində saxlamaq olmaz. Artan xərclərin az təminatlı insanlara əzici təsirlərini azaltmaq üçün dövlətin mövcud maliyyə resurslarından təcili istifadə etmək lazımdır. Yaxşı ki, ölkə başçısı buna görə 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı xüsusi tapşırıqlar verdi. Əks halda, bu məsələ hələ bir neçə ay gündəmə gələsi deyildi.
Ümid edirəm ki, büdcəyə ediləcək dəyişiklik nəticəlilik baxımından inflyasiyanın vətəndaşlara yaratdığı mənfi təsirə heç olmasa nisbətən adekvat olacaq. Çünki buna real maliyyə imkanları mövcuddur. Təkcə bu ilin yanvar-may aylarında qaz gəlirlərində ötən illə müqayisədə təxmini 900 faizlik bir artım müşahidə edilib. Neft hasilatı isə 3,4% azalmasına rəğmən gəlirləri isə ötən ilin eyni dövr göstəricilərinin 200%-dən çox artığını təşkil edib. Deməli, mövcud valyuta ehtiyatlarını əritmədən cari il üzrə formalaşan gəlirlərin müəyyən hissəsini böhranlı iqtisadi vəziyyətin idarə olunmasına yönəltmək hazırda ən doğru addım olardı.
Valyuta ehtiyatlarının əriməsinə, yoxsa artmasına gəldikdə isə bu ehtiyatların böyük ölçüdə Dövlət Neft Fonduna aid olmasıni nəzərə alsaq, bu məsələdə fondun öz ehtiyatlarının necə idarə edilməsi böyük rol oynayır. Bu məsələ ilə bağlı isə bir statistikanı yazım. 2021-ci ilin əvvəlində fondun qızıl ehtiyatı təxmini 6,2 milyard dollarlıq qiymətləndirilirdisə, ilin sonuna bu göstərici 5,9 milyard dollar olmuşdu.
Yeri gəlmişkən, Hesablama Palatası da Dövlət Neft Fondunun baş verən iqtisadi dəyişikliyə çevik reaksiya vermədiyini və valyuta məzənnələrinin dəyişmələrindən son 4 il ərzində 2,2 milyarddan artıq xərc yarandığı bildirmişdi. Bu rəqəm dövlət büdcəsindən İşğaldan azad edilən yerlərin bərpasına ayrılan puldan çoxdur. Demək ki, ehtiyatların həcminə mənfi təsir təkcə büdcəyə edilən dəyişiklərdən gəlmir. Əksinə, valyuta ehtiyatlarının azalmasına təsir edən ən yaxşı hadisə elə bu vəsaitlərdən sadə insanların yararlana bilməsidir. Çünki bu, iqtisadi tərəfdən effektiv, hüquqi tərəfdən ədalətli, mənəvi tərəfdən isə sadə insanlara halaldır".