Formula 1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizdə orta hesabla, 3000 dollar pul xərcləyir.
Yenixeber.org: Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, Formula yarışına baxmağa gələnlər adətən, maddi imkanları yüksək olan fanatlardır.
"Formula yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox 5 ulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından istifadə edirlər. Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün ölkəmiz Formula 1 yarışlarından çox da gəlir əldə edə bilmədi. Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə gələcək turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq".
"Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə obyektlərində kifayət qədər pul xərcləyirlər. Formula 1 yarışları ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir. İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez görəcəyik", - Assosiasiya sədri vurğulayıb.