İki ildə Azərbaycanda seçici sayı 1 milyon artıb? –MSK-dan açıqlama
Ötən həftə Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçicilərin sayını açıqlayıb. MSK-dan bildirildiyinə görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.
Yenixeber.org: Bəs iki ildə ölkədə 1 milyondan çox seçici necə arta bilər?
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci il aprelin 1-i Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb. Halbuki, 2020-ci il martın 1-i əhali sayı 10 milyon 79 mindən bir qədər çox açıqlanmışdı. Demək, əhali bu iki ildə heç 100 min belə artmayıb. Üstəlik, seçici yaşlı insanların sayı ilə də bağlı vahid rəqəm yoxdur.
DSK-dan "Turan" agnetliyinə bildirilib ki, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb.
Qurumdan qeyd olunub ki, ölkədə əhalinin siyahıyaalma prosesi vahid statistik metodologiya əsasında aparılır: "Proses zamanı sonuncu siyahıyaalma məlumatlarından istifadə olunur və doğulanlar, ölənlər, miqrasiya edənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir".
MSK-dan isə "Turan"a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib.