Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident XTQ-nin hərbi hissəsində olub -FOTOLAR/YENİLƏNDİ

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

Yenixeber.org: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı

- İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.

1999-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynamışlar.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir.

Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu.

Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi.

Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir.

Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandıracağıq. Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi.

Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim tacımız olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.

Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.

Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir.

İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər.

Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir.

Digər silahlı birləşmələrimizdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir.

Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm: “Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

 

 

 

 

 


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. XTQ-nin yaradılmasından 23 il ötür. XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam