Səhiyyə Nazirliyi -vətəndaşlara müraciət edib
Səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə münasibət bildirib.
Yenixeber.org: Məlumat üçün bildirim ki, yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur.
COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur. Bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər. Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb.
Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyasına 18 yanvar 2021-ci il tarixində start verilib və Azərbaycan regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdəndir.
Ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb. Bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub.
Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən, peyvənd istehsalçılarının təlimatına görə peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir.
Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb. Digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir. Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən “Pfizer” vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb.
Bundan əlavə, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi. Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır.
Hesab edirəm ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil.
Fürsətdən istifadə edərək, COVID-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm.