COVAX-ın vaksin oyunu: Azərbaycana qarşı bu cür qərəzin səbəbi nədir?
Vaksinin olduğu bir dünyada hər gün minlərlə insan virus səbəbindən həyatını itirir...
Dünyada koronavirusa yoluxanların sayı yenə də artan xətt üzrə gedir.
Yenixeber.org: Eyni zamanda ölüm sayı da yüksəlir və ekspertlər bu halı 3-cü dalğa kimi xarakterizə edirlər. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 127 milyon 362 min 208 nəfərdir. Bu zamana qədər koronavirusdan 2 milyon 790 min 830 nəfər dünyasını dəyişib və bu rəqəmlər hər ötən saat bir qədər də artır. Ekspertlər bildirirlər ki, dünya əhalisinin 70 faizi vaksinasiya olunarsa, bu virusun ölüm təhlükəsindən yaxa qurtarmaq mümkün olacaq.
Doğrudur, hazırda dünyada vaksinasiya prosesi sürətlə davam etdirilir, lakin burada da bəzi dairələrin ikili yanaşması, ədalət prinsipinə riayət etməməsi, ümumən dünya, o cümlədən də Azərbaycan üçün problemlər yaradır.
Əvvəlcə onu qeyd edək ki, ötən il COVİD-19 pandemiyası başladıqdan etibarən Azərbaycan onunla mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış etdi.
Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirildi və bu, beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verdi.
Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu. Həmin ərəfədə Azərbaycan prezidenti çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşdü və bu istiqamətdə birgə səylərin önəmini qeyd etdi.
Ancaq nə baş verdi? Ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılan COVAX təsisatı vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasına məsul qurum kimi BMT-yə üzv olan 189 ölkəni vaksinlə təmin edəcəyi vədi versə də, hazırda görürük ki, bu vədlərə düzgün əməl olunmur. Nəticədə vaksinin olduğu bir dünyada hər gün minlərlə insan virus səbəbindən həyatını itirir.
Razılaşmaya görə 92 kasıb və aşağı gəlirli ölkə peyvəndi COVAX-a toplanan vəsait hesabına çox ucuz və ya pulsuz əldə edəcəkdi. 2021-ci ilin vaksinasiya hədəfinə çatmaq üçün sxemə görə ən azı 2 milyard dollar lazım olduğu halda, COVAX daha artıq, 6 milyard dollar toplayıb.
ÜST tərəfindən bildirilib ki, zəngin dövlətlər ikitərəfli razılaşmalara üstünlük verir və vaksini COVAX vasitəsilə deyil, birbaşa istehsalçı şirkətdən almaq istəyirlər. Bu səbəbdən vaksin şirkətləri bütün dozalarını COVAX-a təhvil vermirlər, birbaşa dövlətlərə satırlar. ÜST bütün dövlətləri COVAX vasitəsilə vaksin almağa çağırıb. Ancaq dəyişən bir şey yoxdur.
COVAX Azərbaycan tərəfinə bildirmişdi ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməsinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.
Maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb.
Durumu təhlil edən ekspertlər bildirirlər ki, belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Bildirilir ki, sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu, qəbuledilməzdir. Belə ki, bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan var, digər tərəfdən isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX.
Musavat.com-a danışan politoloq Qabil Hüseynli söyləyib ki, Qərb artıq dəyərlərindən uzaqlaşır:
“Azərbaycan Covid-lə bağlı bir sıra yardımlarda iştirak edib, vaksinin ədalətli şəkildə bölünməsi məsələsini qaldırıb. Bununla belə, ölkəmizə qarşı ögey münasibət sərgilənir. Necə olur ki, qonşu ölkələrə bu vaksini asanlıqla ötürə bilirlər, ancaq hər zaman yanlarında olan, mühüm enerji mənbəyi, dəmiryolu logistikası qovşağı olan, dünyanın iqtisadi inkişafında böyük rol oynayan Azərbaycana qarşı bu cür yad münasibət göstərirlər. Bu, nəyinki başadüşülməz, həmçinin qeyri-insanidir. Onların hansı meyarları nəzərdə tutaraq belə bir bölgünü aparmaları anlaşılan deyil. İnsanın ağlına xristian təəssübkeşliyi, ikili standartlar, orta əsrlər təfəkkürü, türkfobiya kimi məsələlər gəlir. Qərb utanıb-çəkinmədən bu bədnam siyasəti həyata keçirir. Ən qəribəsi odur ki, bu vaksinin ən yaxşısını kəşf edən də türkdür. Türk alimi bu saat öz həyat yoldaşı ilə birlikdə xərçəng xəstəliyinə qarşı dərmanın hazırlanması istiqamətində tədqiqatları dərinləşdirir. Göründüyü kimi Qərb dünyasının bu cür yanaşmasının heç bir əsası yoxdur. Bu, insanda kin və küdurətdən başqa heç nə oyada bilmir”.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, professor Rəşad Mahmudov Real Tv-yə bildirib ki, Kanada kimi ölkələr vətəndaşlarının sayından 4 dəfə çox vaksin sifariş verib:
“Əlbəttə ki, bu, bir çox hadisələrdə olduğu kimi dünyanın qlobal problemlər qarşısında həmrəyliyini ortaya qoymaqda çətinlik çəkməsi reallığını göstərir. Hələ dünyada bu virus yeni yayılanda və səhiyyə təşkilatları nə edəcəyini bilmədikləri zamanda Azərbaycan təkcə öz vətəndaşını düşünməyib, regionda bir çox ölkələrə yardım etdi. Eləcə də Azərbaycan tərəfindən dünyada iqtisadi baxımdan əziyyət çəkən 20 ölkəyə də yardım olundu. Qoşulmama Hərəkatının sədri qismində cənab prezident tərəfindən dəfələrlə tədbirlər keçirildi. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürüldü və 2021-ci il 23 mart tarixində qəbul edildi.
COVAX-ın yaradılmasından məqsəd dünyada vaksinin ədalətli şəkildə bölünməsi idi. Lakin biz bunu görmürük. Hələ koroanvirusa qarşı “remdesivir” adlı dərmanın da Amerikadan başqa ölkəyə aparılmayacağı deyilsə də, Azərbaycanda koronavirusun geniş yayıldığı ötən ilin yay aylarında dövlətimiz bu dərmanı Azərbaycana gətirə bildi. Yəni demək istəyirəm ki, çarəsiz qaldığımız zamanda belə cənab prezident öz şəxsi nüfuzundan belə istifadə edərək, planlanan hədəflərə çatmaq üçün əlindən gələni edir. Azərbaycan dövləti dünyadakı bütün ədalətsizliklərə baxmayaraq, öz vətəndaşının sağlamlığını özünə prioritet hesab edir və bütün problemlərə rəğmən, dövlətimiz lazımı addımları atacaq, vətəndaşını qoruyacaq”.
Ekspertlər bildirirlər ki, Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Onu da qeyd edək ki, regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.(musavat)
Əli Rais