Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi-RƏSMİ
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişib.
Yenixeber.org: Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
“Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var", yazmışdım. Cavabı: "Gözlə, gələcəm" olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü, əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!
PS: Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!”, - deyə Səmayə Məmmədova özünün feysbukdakı səhifəsində qeyd edib.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə oranı bitirib. 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışıb. 1986-1987-ci illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduğdan sonra 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin olunub.
Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.