Azərbaycanın silahlanması haqda ittihama cavab
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasındakı hərbi və döyüş texnikasının sayı dövlətimizin beynəlxalq qurumlar çərçivəsində imzaladığı sənədlərdə qeyd olunan öhdəliklər və üzərinə götürdüyü tələblərə uyğun olaraq komplektləşdirilir.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən daxil olan məktubda qeyd edilir. Nazirlik bəyan edir ki, son illər Silahlı Qüvvələrin yeni və müasir döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterləri, digər silah-sursatla təchiz edilməsi, o cümlədən ordunun döyüş hazırlığı səviyyəsini müəyyən edən bütün əsas ixtisaslar üzrə vəzifələrə müqavilə əsasında mütəxəssis hərbi qulluqçuların qəbul edilməsi Ermənistan tərəfini ən çox narahat edən məsələlərdən biridir: “Nəzərə alınmalıdır ki, yeni döyüş texnikasının alınması prosesi tam şəffaf şəkildə aparılır. Azərbaycan BMT-nin Silahların idxal-ixrac əməliyyatları, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, ATƏT-in Vyana-2011 Sənədi, Qlobal Hərbi Məlumat Mübadiləsi çərçivəsində İllik İnformasiya Mübadilələrində iştirak edir. Yeni silahların alınması ilə paralel olaraq silinmə və ixtisara salınma prosesi də aparılır. Digər iştirakçı dövlətlər tərəfindən Azərbaycan Silahlı Qüvvələrində Silahlara Nəzarət inspeksiyaları keçirilir. 2014-cü ilin sonuna qədər Silahlı Qüvvələrimizdə AASQ Müqaviləsi çərçivəsində müxtəlif üzv dövlətlər tərəfindən 109 dəfə inspeksiya, Vyana-2011 Sənədi çərçivəsində isə 55 dəfə “Göstərilmiş rayon”un inspeksiyası və 27 Qiymətləndirmə səfəri keçirilib. AASQ haqqında Müqavilənin tələblərini guya Azərbaycanın pozması fikrinin qonşu hərbi-siyasi rejimin müxtəlif vəzifəli subyektləri tərəfindən istənilən yerdə daim səsləndirilməsi bizi təəccübləndirmir və yalnız məsələnin məğzini bilməyən auditoriyaya yönəlib. AASQ Müqaviləsində silahlar üzrə tavanlar keçmiş SSRİ üçün təyin edilib və AASQM-in iştirakçısı olan MDB ölkələri üçün tavanları təyin edən 15 may 1992-ci il tarixli Daşkənd Razılaşması ilə müəyyən edilir. Lakin bu Razılaşma Azərbaycan Respublikasında ratifikasiya olunmadığından, dövlətimiz üçün hüquqi sənəd sayılmır. Bu səbəbdən də Azərbaycanın hər hansı tavanları aşmasından söhbət gedə bilməz”.
Müdafiə Nazirliyindən bildiriblər ki, bu məsələyə ölkənin təhlükəsizliyinin qorunması, mümkün təhdidlərə hazır olmaq və qarşı tərəfin ehtimal edilən güc fəaliyyətlərinə cavab prizmasından baxılmalıdır: “Tam əksinə olaraq, məhz Ermənistan beynəlxalq hüquqa və silahlara nəzarət sahəsində mövcud olan normativ aktlara, xüsusilə tez-tez istinad etdikləri AASQ haqqında Müqavilənin müddəalarına məhəl qoymadan ordusu üçün silahları qeyri-leqal yolla əldə edərək işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirir. Həmin silahlar qeydiyyatdan keçmir, İnformasiya Mübadiləsində elan olunmur, xarici inspeksiya qrupları tərəfindən yoxlanılmır. Bu, artıq təkcə Azərbaycan üçün yox, regional və Avropa təhlükəsizliyi üçün də böyük təhdiddir, eyni zamanda, Ermənistana qarşı istənilən qəti sanksiyaların tətbiq edilməsi üçün beynəlxalq ictimaiyyətə gözəl fürsət yaradır”.
Qeyd edək ki, işğalçı Ermənistan və onun havadarları dəfələrlə çıxış edərək Azərbaycanın ifrat dərəcədə silahlandığını iddia edir və rəsmi Bakının qoşulduğu Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQM) şərtlərini kobud şəkildə pozduğunu bildirirlər.