Azərbaycanın Türkiyəyə qaz ixracı -41% artıb
Bu ilin iyun ayında Türkiyə Azərbaycandan 917,6 mln kubmetr həcmində təbii qaz idxal edib.
Yenixeber.org: Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu göstərici ötən ilin iyun ayından 41% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (bazarda payı- 46,09%) olub. Onu 468,39 mln kubmetrlə Əlcəzair (bazar payı 23,53%) və 262,08 mln kubmetrlə Qətər (bazarda payı- 13,16%) izləyib.
Bundan başqa, hesabat dövründə Türkiyənin Rusiyadan idxal etdiyi qazın həcmi 7,4 dəfə azalaraq 156,54 mln kubmetrə enib. Bununla da Rusiya bu siyahıda dördüncü yerdə qərarlaşıb.
İyun ayında Türkiyənin qaz idxalında ən böyük dəyişiklik İrandan qaz alışında qeydə alınıb. Belə ki, ötən ilin iyun ayında bu ölkədən 227,04 mln kubmetr qaz idxal edildiyi halda, bu ilin iyun ayında qaz idxal etməyib.
Bu ilin I yarısında Türkiyə 22,487 mlrd kub metr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır. Azərbaycan 2020-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 5,4 milyard kubmetr qaz ixrac etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.