BRİTANİYA UNİVERSİTETİNİ BİTİRİB, DİPLOMU TƏSDİQ OLUNMUR! –Təhsil Nazirliyində absurd
Xaricdə ali təhsil alan məzunların diplomlarının Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınması prosesində çox ciddi problemlər və qeyri-şəffaflıq var.
Yenixeber.org: Redaksiyamıza daxil olan müraciətlərdən belə görünür ki, əvvəllər əsasən Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrin ali təhsil müəssisələrində təhsil alan məzunların diplomlarının tanınmasından imtina olunurdusa, hazırda Avropanın, ABŞ-ın, Türkiyənin dünyaca nüfuzlu universitetlərini bitirənlər belə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində süründürməçiliklə üzləşirlər. Bu süründürməçilik isə xüsusən də hərbi xidmətə gedən gənclər üçün ciddi problemlər yaradır.
Qeyd edək ki, təkcə bu il diplomun tanınması məqsədilə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə 3570 yeni müraciət daxil olub. Bu barədə bir neçə gün əvvəl Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli məlumat verib.
O bildirib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Bunun da bütün səbəbləri aydın şəkildə göstərilib. Şəxslərin böyük əksəriyyəti problemsiz sənədlərin tanınmasına nail olub. Azərbaycan vətəndaşları ən çox Türkiyə universitetlərində təhsil alırlar. Bu il həmin ölkənin məzunları içərisində diplomu tanınmayan olmayıb. Mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”.
H.Həsənli etiraf edib ki, diplomların tanınmasında gecikmə halları var və bunun səbəbləri müxtəlifdir: “Səbəblərdən biri müvafiq təşkilatlarla işləməklə bağlıdır. Daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Çünki müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib gəldikdən sonra hərbi xidmətə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”.
Göründüyü kimi, H.Həsənli diplomların tanınmasının gecikdirilməsi hallarını etiraf etsə də, bunun səbəbi ilə bağlı heç bir tutarlı arqument göstərmir. “Müvafiq təşkilatlarla işləmək”, “müsahibələrin təşkili üçün vaxt təyin etmək asan olmur” kimi arqumentlər konkretlikdən uzaqdır və bəhanə xarakteri daşıyır. Məsələn, sual oluna bilər ki, müsahibələrin təşkili üçün vaxt təyin etmək niyə çətindir? Vətəndaş diplomunu tanınmaya təqdim edibsə, tutaq ki, bir ay ərzində müsahibə günü təyin edib, vətəndaşa xəbər etməkdə nə çətinlik ola bilər?
Akkreditasiya və Nostrifikasiya İdarəsinin gün təyin etməkdə çətinlik çəkməsi isə, yuxarıda da qeyd etdiyimiz kimi, xüsusən də hərbi xidmətə yollanan gənclər üçün problemlər yaradır. Konkret faktlardan belə görünür ki, belə çətinliklər onlar üçün məqsədli şəkildə yaradılır və müəyyən maraqların təmin olunmasına xidmət edir.Məsələ ondadır ki, ali təhsilli gənclər üçün hərbi xidmət 1 il olduğu halda, ali təhsili olmayanlar üçün 1 il yarımdır. Xaricdə təhsil alıb vətənə döndükdən 1-2 ay sonra hərbi xidmətə yollanan gənclərin diplomları bu müddət ərzində Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadıqda onlar 1 il 6 ay hərbi xidmət keçməli olurlar. Belə olduqda isə kimlərinsə öz şəxsi maraqlarını təmin etməsi üçün əlverişli şərait yaranmış olur. Valideynlər öz övladlarının 6 ay artıq xidmət etməməsi üçün müəyyən diqtələrə boyun əyməli olurlar…
Belə məqsədli süründürməçiliklə üzləşmiş valideynlərdən biri “AzPolitika.info”ya üz tutub. Adının çəkilməsini istəməyən valideyin bildirir ki, oğlu Britaniyanın nüfuzlu universitetlərindən birini uğurla başa vuraraq vətənə dönüb, hərbi xidmətə getməyə hazırlaşır. Lakin aylardır onun diplomunun tanınmasına nail ola bilmir. “Təhsil Nazirliyinə sənədləri onlayn təqdim etmişik. Kefləri gələndən-gələnə cavab yazırlar ki, məsələn, bu sənəd çatışmır. Dərhal onu da təqdim edirik. Üstündən bir ay keçir, bu dəfə cavab gəlir ki, filan sənədi bir daha təqdim edin. Beləliklə, aylardır süründürürlər”.
Vətəndaş deyir ki, məqsədin nə olduğu ona bəllidir, eşitdirilib, amma o yoldan getmək fikri yoxdur…
Ümumiyyətlə, xaricdə təhsil alanların diplomlarının tanınması meyarları bəlli deyil. Məsələn, faktlar var ki, eyni fakültədə və hətta bir qrupda təhsil almış məzunlardan birinin diplomu tanınıb, digərininki isə yox. Yəni belə çıxır ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi məzunun biliklərini yenidən qiymətləndirir, bir növ onu “dövlət imtahanı”na cəlb edir. Yəni universitetin səlahiyyətini mənimsəyir. Bu isə absurddur. Məntiqlə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı fərdlərin yox, bütövlükdə təhsil müəssisələrinin diplomlarının tanınıb-tanınmaması haqda qərar verməlidir. Məsələn, elan etməlidir ki, Ukraynanın filan universitetinin diplomunu tanıyır və yaxud da əksinə, tanımır. Həmin universitetdə təhsil almaq istəyən Azərbaycan vətəndaşı da əvvəldən bilməlidir ki, onun diplomu tanınacaq, ya tanınmayacaq.
İndiki tanınma mexanizmi isə absurd olmaqla yanaşı təhsil məmurlarının müəyyən maraqlarının təmin olunmasına da münbit şərait yaradır. Məsələn, təşkil olunan müsahibələrdə əsasən məzunların dil biliklərinə fikir verilir. Tutaq ki, Rusiya universitetini bitirən məzun rus dilini yaxşı bilirsə, diplomu tanınır, bilmirsə imtina qərarı verilir. Nəticədə, hər iki vətəndaşın – həm rus dilini bilənin, həm də bilməyənin diplomunun arxasında bilik durmasa da, birinin diplomu tanınır, birininki tanınmır. Halbuki, hər ikisi rüşvətlə qəbul olunub, qiyabi təhsil alıb və imtahanlardan da rüşvətlə keçiblər. Sadəcə, biri rusdilli ailədə və ya çevrədə böyüdüyünə görə rus dilini bilir, digəri isə bilmir.
Və yaxud başqa bir misal. Bir gənc pul hesabına Rusiyanın səviyyəsiz bir ali təhsil müəssisəsinin diplomunu alır, digər bir gənc Türkiyənin. Akkreditasiya və Nostrifikasiya İdarəsi rus dilini bilmədiyinə görə Rusiyadan alınan diplomu tanımır, Türkiyədən alınan diplomu isə tanıyır. Çünki Türkiyədən diplom gətirən türk dilini bilir – biliyi, savadı olmasa da olar!
Bütün bu sadaladıqlarımız ondan xəbər verir ki, xaricdə təhsil alan gənclərin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması mexanizmi dəyişməli, burda qeyri-müəyyənlik və sui-istifadə halları aradan qaldırılmalı, şəffaflıq və konkretlik olmalıdır. Ən əsası, Təhsil Nazirliyi ayrı-ayrı fərdlərin deyil, təhsil müəssisələrinin diplomlarının tanınıb-tanınmaması məsələsini həll etməlidir.(azpolitika.info)
Rasim ƏLİYEV