Azərbaycanlı həkimlər Rusiyanın koronavirusa qarşı hazırladığı vaksinə inanmır
“Qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir, COVID-19a qarşı vaksin də o qədər effektli olmayacaq"
Yenixeber.org: Ötən gün Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alındığı haqda məlumat yayıldı. Rusiyanın prezidenti Vladimir Putin açıqlama verərək bildirib ki, Rusiya “COVID-19"a qarşı dərmanı qeydə alan ilk ölkədir və vaksin olduqca təsirli işləyir, bütün lazımi testlərdən keçib. Putin həmçinin qeyd edib ki, onun qızlarından birinə həmin vaksindən tətbiq edilib və birinci peyvənddən sonra qızının hərarəti 38 dərəcə, növbəti gün isə 37 dərəcə olub. Daha sonra isə qızı özünü çox yaxşı hiss etməyə başlayıb.
Onu da qeyd edək ki, Rusiyada hazırlanan koronavirus peyvəndinə “Sputnik V” adı qoyulub.
Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatından da reaksiya gəlib. ÜST bildirib ki, yeni növ koronavirusa qarşı vaksinlərin hazırlanması istiqamətində bütün nailiyyətləri alqışlayır və Rusiya peyvəndinin sınaqları ilə bağlı məlumatları yoxlamaq niyyətindədir. Qeyd edilib ki, təşkilat peyvəndlə bağlı tədqiqatların müəyyən olunmuş prosedurlara uyğun aparılmasına əmin olmaq niyyətindədir, eyni zamanda, dərmanın təhlükəsizliyini və effektivliyini qiymətləndirməyə hazırdır. Bununla yanaşı ÜST mütəxəssisləri Rusiya alimləri ilə əlaqə saxlayır.
Xatırladaq ki, bu günə qədər bir neçə ölkə, o cümlədən Amerika, İngiltərə də koronavirusa qarşı peyvəndin tapılması üzərində iş apardıqlarını açıqlamışdılar. Lakin hələlik onlardan heç biri Rusiyada tapılan vaksindən daha pozitiv nəticə əldə edə bilməyib.
Bəzi mütəxəssislər isə bildirir ki, Rusiyada vaksinin tapılması sadəcə böyük ölkələr arasında “vaksin yarışının” bir hissəsidir. Hələlik heç bir vaksin təsirli ola bilməz. Çünki onun insanlar üzərində sınaqdan keçirilməsi, təsirlərə nəzarət proseslərinin həyata keçirilməsi ən azı 1 il vaxt tələb edir. Digər mütəxəssislər isə hesab edir ki, “Covid-19"a qarşı istənilən peyvənd təsirli ola bilməyəcək, çünki qrip xəstəliklərində tətbiq edilən peyvəndlərin heç biri hələlik arzu edilən effektə malik deyil.
Mövzu ilə bağlı Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronaviruslu xəstələrin müalicəsində iştirak edən Ədalət Rüstəm mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib:
“Ümumiyyətlə, qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir. Onların effekti yoxdur. Bu baxımdan COVID-19-a qarşı hazırlanacaq peyvənd də o qədər də effektli olmayacaq.
İkinci bir tərəfdən, inanmıram ki, COVID-19-a qarşı hazırlanacaq peyvənd tez bir zamanda, yəni payız aylarında icad olunsun. Bu baş versə belə, qeyd etdiyim kimi, təsiri o qədər də effektli olmayacaq”.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev də bu fikirlər ilə razılaşdığını bildirib:
“Məlum olduğu kimi, qrip xəstəliklərində peyvəndin təsiri 60 faizdən yuxarı qalxmır. Bu mənada mən də Rusiyanın hazırladığı vaksinə şübhəli yanaşanlar sırasındayam. Çünki bu vaksin hələ tam sınaqdan keçirilməyib. Hətta rusların ekspertlərinin özləri belə buna birmənalı yanaşmır. Ona görə də yaşayırıq, görərik.
Rusiya inkişaf etmiş ölkələr sırasındadır. Onun tibb sahəsi də kifayət qədər yüksək səviyyədədir. Amma bildiyiniz kimi hazırda vaksinlə bağlı sınaqları Türkiyə, ABŞ, Almaniya, İngiltərə da aparır. İndi ruslar hesab edir ki, bu məsələni tamamlayıblar, vaksinləri yetərincə keyfiyyətlidir. Bütün dünya da gözləyir ki, kaş bu vaksin deyildiyi kimi yetərincə effektli, keyfiyyətli, təsirli olsun və insanların canı birdəfəlik bu koronavirusdan qurtarsın. Yəni, hər birimiz bunu arzulayırıq. Arzularımızın gerçəkləşməsini isə gələcək göstərəcək.
Bir daha qeyd edirəm ki, vaksinin hansı ölkədə tapılmasının fərqi yoxdur. Əsas odur ki, vaksin kəşf edilsin. Vaksini də hazırlamaq asan məsələ deyil. Onu sınaqdan keçirmək, insan orqanizminə verə biləcəyi mənfi təsirləri nəzərə almaq, beləliklə, bütün bunları yoxlamaq zaman tələb edir".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələyə bu cür münasibət bildirdi:
“Guya ki, Rusiya indi ilk olaraq vaksin yaradıb. Doğrudur, Rusiya elmi araşdırma institutlarının müəyyən qədər potensialı var. Amma bu, ölkələr arasında olan bir siyasi yarışdır.
Birincisi, həmin vaksini ÜST qəbul etməlidir. Qurum araşdırmalıdır ki, icad olunan vaksin standartlara uyğundurmu, onu insanlar üzərində tətbiq etmək olarmı və sairə. Yəni, Rusiyanın vaksini tapması hələ heç nə demək deyil".
Adil Qeybulla da qeyd etdi ki, qrip xəstəliklərində hələlik uğurlu peyvənd yoxdur: “Qripin 2 mindən çox ştampı var. Lakin indiyənə qədər keyfiyyətli vaksini yoxdur. Hər il ona qarşı vaksin hazırlanır, amma ortada heç nə yoxdur. Bütün bunlar yalnız kommersiya məqsədi güdür. Ona görə də bu cür məsələlərə çox da ciddi yanaşmaq lazım deyil. Bu, vaksin yarışı əslində boş şeylərdir. Şəxsən mənim üçün ciddi görünmür.
Bir neçə il öncə Afrikada hemorragik qızdırma yayılmışdı. Həmin qızdırma geniş yayıldığı ərəfələrdə vaksin icad edildi. Vaksin insanlara tətbiq edilən kimi əks təsirlər göstərməyə başladı. Gördülər ki, vaksin vurulan insanların vəziyyəti ağırlaşmağa başlayır. Sonradan aydınlaşdırdılar ki, orqanizmə virusun hüceyrələri daxil olanda nəinki onun qarşısını alır, əksinə daha da sürətləndirir. Beləliklə, həmin vaksin ləğv edildi. Hemorragik qızdırmanın müalicəsində isə adi dərmanlardan istifadə edildi, hansı ki, həmin dərmanı indi COVID-in müalicəsində istifadə edirlər, guya ki, təsirlidir.
ÜST-ün son məlumatına görə, koronavirusun müalicəsində heç bir dərmanın təsiri yoxdur. O cümlədən “Arbidol”un. Hətta o dərmanın insan orqanizminə ziyanı da var. Ona görə də hesab edirəm ki, insanlar sadəcə karantin qaydalarına riayət etsələr, yəni tibbi maska taxıb, sosial məsafə gözləsələr, əllərini mütəmadi dezinfeskiya etsələr, hansısa vaksinə də ehtiyac qalmaz.
Bu virus uzun müddət davam edə bilməz. Tədricən zəifləyib, yoxa çıxmalıdır. Çünki koronavirus mutasiyaya uğrayan virusdur".(musavat)