Redaktor seçimi
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Nazir Azad Rəhimovun biznes imperiyası açıqlandı-
“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+
Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-
Səhiyyənin onkoloji oliqarxı və ya Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?-
Günün xəbəri

BÖYÜK SAVAŞIN MƏŞQİ... - İndi necə davranacağıqsa, savaşı da elə aparacağıq

Fazil Mustafa, millət vəkili

 

Qarabağı yalnız savaş yolu ilə qaytaracağıq. Qarabağı savaş yolu ilə qaytarmaq üçün savaşa hazır olan ordu lazımdır. Ordudan da öncə savaşın bütün çiləsini çəkməyə hazır olan xalqın çoxluğu lazımdır. 

Yenixeber.org: Əlbəttə, ötən əsrin 80-ci illərindən başalyaraq gözümüzün önündə sadə yaşamından yaranmış şəraitin qəhrəmana çevrilmiş yüzlərlə azərbaycanlı ilə yanaşı öz evindən kənarda baş verənlərə biganə, “bir qismət çörəklə” baş girləyən çoxluğu da unutmadan xalq deyilən əlahəzrət və amorf varlığı dəqiq təsəvvür etmədən, hərtərəfli tanımadan bu savaş qərarının verilməsi üzərində həmişə tərəddüdümüz qüvvədə qalacaqdır. 

"Ali Baş Komandan əmr versin, hamımız döyüşə hazırıq!" ritorikası əlbəttə ki, təbliğat üçün, ruh yüksəkliyi üçün lazımdır, lakin bu ritorikanın altında real məzmun durmalıdır: bu da xalqın mövcud psixoloji durumudur. Bir siyasətçinin əsas vəzifəsi xalqı ekstremal duruma hazırlamaqdır, onun üçün doğru hədəfləri hazırlayıb təqdim etməkdir. 

Konkret zaman şərtlərində mövcud cəmiyyətə doğru hədəf göstərmək çox vacibdir. Xüsusilə də bizim kimi dinini cəhalətə uduzmuş, elmini savadsızlığa tabe etdirmiş, “böyük yol” hədəfi “kəsə yol”la əvəzlənmiş bir cəmiyyətin içində doğru mühakimə ilə müzakirə açmanın çətinliyini gözə alaraq irəliyə doğru yenə də səbrlə addımlamalıyıq. İnsanların duyğularını coşduraraq quyunun dibinə də yollaya bilərsən, ağıllarını hərəkətə gətirərək səbrlə uğur zirvəsinə də yüksəldə bilərsən. 

Bunun üçün dövlət siyasətində üç sahə əlahiddə əhəmiyət daşıyır: təhsil, səhiyyə və mədəniyyət sahəsi. Hər üçünün də yaxşı və yaxud zay məhsulunu bütün tarixi dövrlərdə sonrakı yaşamımızın təzahürlərində gördük, düyduq, yazdıq. 

Bir gerçəyi qəbul etməliyik ki, bu xalqın rus işğalına qədər normal təhsili olmadı. Bu işğaldan sonra açılan modern məktəblər bizim xalqın çox kiçik bir hissəsini yeni dünyaya daşıya bildi. Arazın o tayı ilə bu tayının fərqi bizim dövlət quruculuğumuzda özünü tam biruzə verdi. Arazın yuxarısında modern təhsil almış varlıqlar öz toplumunu müstəqil dövlət quruluşuna daşıya bildilər

Arazın aşağısında isə sayı yuxarıdakından üç dəfə çox eyni azərbaycanlı hələ dövlət quruluşu bir yana dursun, geriçi təhsil və xəstə dini düşüncə sayəsində bu gün hələ öz ana dilinə insan dili kimi şəhadətnamə verilməsini xısın-xısın, qorxa-qorxa dilə gətirir. 

Təhsil həm də sağlamlığı və mədəniyyəti bərqərar edir. Bizim bu günkü sağlıq və mədəniyyət durumumuz da təhsildə qazandığımız natamamlıqlara tam uyğundur. Bəzilərinin şişirtdikləri kimi, düşünmürəm ki, biz təhsil sahəsində ideoloji totalitarizmin ən üst quruluşlarından biri olan SSRİ-nin yaratdığı imkanlardan yaxın qonşularımızdan daha ağıllı yararlana bilmişik. Halbuki sayımız onlardan daha artıq, ancaq qarşımıza hansısa sahədə faydalı hədəflər qoya bilmədiyimizə görə, o dövrün də beynəlmiləl paylaşımlarından layiqincə istifadə edə bilmədik. 

Hələ də “Neftçi”nin ölmə-diril qazandığı bürüncü dünya çempionluğu kimi qeyd edirik, böyrümüzdəki çempionlar, kubok alanlar sakitcə yerlərində oturublar. Rəsm, musiqi, mədəniyyət, idmanın digər sahələri, akademik mühit, universitetlərin səviyyəsi, tibb və hüquq təhsilinin səviyyəsi kimləri qane edirsə, onları kiçicik bir neçə arqumentlə yerində oturtmaq mümkündür. Biz çox istedadlı xalqıq, biz fərdlər olaraq gözlənilməz möcüzələrə imza ata bilərik, biz hansısa xarici mühitdə briliyant qaşı kimi parıldaya bilərik, sadəcə və nə yazıq ki, bir mühüm nöqsanımız var: hədəfsiz xalqıq. Kim olmaq istəyirik, hansı mərtəbəyə yüksəlmək istəyirik, hansı hədəfə çatmaq istəyirik- problemimiz dünən də, bu gün də məhz bununla bağlıdır

Deyirsən ki, uydurulmuş tarixinizi, uydurulmuş dininizi, imitasiyadan ibarət elminizi, sağlamlığa zidd qidalanmanızı, səmərəsiz təhsilinizi təftiş edin, bir daha masaya yatırın, müasirliyə girişinizi əngəlləyən nə varsa zibilliyə tolazlayın və yeni çağın insanı kimi məsuliyyət yükünü üzərinizə alın, o halda hərəkətə keçmək istərkən görürsən ki, hər baş vurduğun sahənin üzərində sanki “əl vurma, qoxar” deyə bir qadağanedici işarə qoyulub.

Bəli, Qarabağda savaş aparmalıyıq. Erməninin yerinə başqası da olsa öz xoşu ilə qan töküb işğal etdiyi torpaqdan könüllü çıxmaz. Demək ki, zorla, döyərək, savaşaraq, qan tökərək düşməni çıxarmalıyıq. İndi təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir ki, qəti qərarını versin. COVİD-19 kod adı altında mülki müdafiə hazırlığını yoxlamaq üçün əməliyyatın başlamasının “həyəcan” komandasını verir.

Yəni düşmən bakteroloji silahla hücum edib, insanlar passiv şəkildə evə çəkilməlidirlər, özlərini əleyhqazlarla qorumalıdırlar, müvafiq ordu birlikləri də düşmənin bu hücumunu xüsusi qoruyucu formalar geyərək dəf etməlidirlər. Cəmi ikicə gün passiv dözmə tələb olunur. Bu zaman görür ki, adamlar əleyhqazları evdən çölə tolazlayırlar, “nəfəs almaqda çətinlik çəkirəm” ərköyünlüyü ilə kütləvi şəkildə virisa yoluxmağa, başqalarını da yoluxdurmağa başlayırlar. Virusa yoluxanların çoxluğu səbəbinə həkimlərin də çoxu xəstələnir və xəstəxanalarda əməlli-başlı xaos yaranır. Bu davranış artıq savaşla bağlı alınacaq qərara ciddi təsirini göstərəcək. Yəni hər hansı bir siyasətçi anlayır ki, xalqın çoxluğunun dəstəyi, səbri və fədakarlığı olmadan uzunmüddətli və itkilərlə müşayət olanan genişmiqyaslı savaş aparmaq mümkün deyil. 

İki günlük qadağaya da başqalarından fərqli olaraq və həmişəki kimi bəndəniz siyasi kimlik olaraq məhz bir savaş məşqi kimi yanaşdığımı gizlətmirəm və dərindən müşahidə edirəm. Bir neçə ayıdır bu məhdudiyyət tədbirləri qüvvədədir. İnsanlar tam da psixoloji passivliyə qapılmasınlar deyə, demək olar ki, ay yarımlıq müəyyən təsridetmədən sonra hökumət tərəfindən hamıya tam sərbəstlik verildi. Deyildi ki, çıxın, işləyin, gəzin, istirahət edin, sadəcə iki şərtə əməl edin: maska taxmaq və sosial məsafə. 

Özümüzü aldatmayaq, xeyli insan bu tələblərə qarşı səssiz etirazını ortaya qoydu və hətta yolda ona pulsuz verilən maskanı belə əlinin arxası ilə geri itələdi. Bizdə məsələnin ən vahim tərəfi isə, hamının özünü bir-birindən ağıllı saymasıdır. Ağlınız Avropaya getməsin, burada yanındakı tanımadığın azərbaycanlıya qətiyyən deyə bilməzsən ki, “niyə maska taxmırsan?” “Sən kimsən?”, “Sənə nə?”dən başlayıb ən yaxşı halda “Əcəb edirəm”lə tamamlanan epizodlar barədə həm təcrübəmizdən, həm də son vaxtlar deyilənlərdən, yazılanlardan anlayırıq. 

Son iki günün çölə çıxmamaq qadağası ilə bağlı qərarın mahiyyəti də budur. Hələ savaş başlayanda çörək də, ət də, makaron da olmaya bilər. Ən defisit tapılan yemək konservləşmiş mal əti tuşenkası ola bilər. Su qıtlığı da yarana bilər. Üstəlik də çölə çıxarkən başımıza dəmir dəbilqə taxmaq da tələb olunar. İndi təsəvvür edin ki, parça maskanı taxmayanlar dəmir maskanının başına hansı oyunu gətirəcəklər. 

ki gün üçün azuqə dağıtma kampına bənzəyən marketlərə baxdıqca dərindən köks ötürürsən ki, biz savaşa başlayan ordumuza çoxluq olaraq ancaq mədəaltı vəzimizlə dəstək verməyi düşünürük. Bu gün virusla savaş aparan ordumuz- həkimlərimiz, tibb bacılarımız, polislərimiz, nəqliyyat işçilərimiz, risqli peşələrdə çalışan digər məmurlarımızdır. Bu anlayışla onlara lazımi yardımı göstərə bilmədik. Bu gün məsuliyyətli, fədakar insanlarımız da, koronavirus fərarilərinin, yekəxanalarının, inancsızlarının qurbanına çevrilməkdədir.

Bir gün təcrid olunma- sanki bir aylıq savaşın məşqi, iki gün təcrid olunma –sanki iki aylıq savaşın məşqidir. İndi necə davranacağıqsa, savaşı da elə aparacağıq. Biz Qarabağı 70 illik Sovet hakimiyyətinin dinc yaşayış məşqində itirdik. O zaman ki, onlar Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırırdılar, Dağlıq Qarabağda gələcək savaş üçün gizli vəsait toplayırdılar və vəzifədə bir pillə irəliləmək üçün bir-birini satmırdılar, İrəvanda qondarma “soyqırım”a abidə qoyurdular. Onlar Sovet dövrünə öz müstəqillikləri üçün bir məşq prosesi kimi baxırdılar, bizlər isə Şuşa sanatoriyasında kabab yeyəndən sonra təmiz hava udmaq kimi... 

Savaşda da, idmanda da, elmdə də, rəqsdə də, musiqidə də məşq çox önəmlidir. Əgər bu günlük, iki günlük qadağada, ev həbsində bişirdiyimizi çörəksiz yeməyi gözə almadıqsa, ən azı iki günlük oruc tutub, yaxud pəhriz saxlamağı düşünmədiksə, bir neçə həftənin azuqəsini toplamaqla rahatlaşdıqsa, şəxsən mən tabeliyimdə nə qədər güclü ordu olursa olsun, hələlik Vətən torpağının azad olunması üçün savaş qərarını verməyə risq etməzdim.

Savaş, hədəfi olan və bu hədəfə doğru yürüyərkən bütün bəhanələri dəftərindən silmiş, mədəaltı vəzinin diqtəsi ilə deyil, ağlının, əxlaqının diqtəsi ilə danışan, yaşayan xalqa söykənərək aparılır. Bu məşqi bir neçə dəfə təkrarlamalıyıq. Biz istedadlı xalqıq, mütləq alınacaq. Sadəcə bu məşqləri heç olmazsa bu dəfə, bu tarixi anda, bu ağır günlərdə boşuna keçirməyək...

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}