MEHRİBAN VƏZİR ETİBAR ƏLİYEVİN SEÇKİDƏKİ SAXTA QALİBİYYƏTİNDƏN YAZDI-"...öz çirkin işinə bacısını da bulaşdırmışdı..."
Mənzərə acınacaqlı idi. Hər ikisinə görə ürəyim sızladı... hər ikisi toplumun tanıdığı adamlardı.
Mehman Əliyevin işi-gücü, ictimai fəaliyyəti bəlli.
***
...Ötən il Rasim Qaracаnın təşəbbüsü ilə Etibar Əliyevlə bir məclisdə oldum. Hikmət Hacızadə, bir sıra istəkli dostlarımız da orada idi... İlk dəfə Etibar bəylə üz-üzə söhbət etdim. Adam bilik və məlumatla doluymuş... qanacaqlı və ağayana biriymiş...
Qısası, bütün davranışı və danışığı ilə alicənab idi.
Onunla daha əvvəldən həmsöhbət olmamağımı özümə itki saydım...
Mehman da bəlli... yarımtəhsilli, nəyi bilib, nəyi bilmədiyindən xəbərsiz, bütün mədəni və ədəbi göstəriciləri ilə çökdürülmüş orta təhsilimizin statistik yetirməsi... amma fədakar, cürətli, haqqını danmayım... bəlli ictimai xidməti olan bir cavan... kaş ki məktəbdə yaxşı oxumuş olaydı...
Gördüyüm videoda həmin o yarımtəhsilli Mehman öz cəsur sualları ilə elm və ədəb sahibi olan Etibar bəyi yerlə yeksan etdi. Əl çəkmədi, çırpdıqca çırpdı, insafsızca divardan divara vurdu. -Saxtakarsan - dedi. Seçki günü Etibar Əliyevin bacısının ətəyindən tökülən bülletenləri video-sübut göstərdi.
Çox pis oldum... ağrılarımı sözlə anlada bilmirəm...
Etibar bəyin bu çarəsiz halına pərişan oldum.
Bəlkə də o məclis, o tanışlıq olmasaydı bu hadisə mənə bu qədər yer eləməzdi...
Bir cahilin bir alimin üzərinə bu şəkildə yeriməsi yerə-göyə sığmaz... amma alim bunu haqq etmiş, alim özü özünü bir cahilin ayaqları altına salmışdı... məni yandıran bu idi...
Alim hətta öz çirkin işinə bacısını da bulaşdırmışdı...
Mehman küçənin ortasında bar-bar bağırırdı:
- Cavab ver, saxtakar! Cavab ver, yoluna xəyanət etmiş adam! Bacının paltarının altından bülleten tökülürdü!!!
- Bacımı qatma... - deyə Mehmanın əlindən çıxıb daldalanmağa yer axtaran Etibar Əliyev pörtmüş halda etiraz etdi.
BACIMI QATMA???
Əlbəttə, millətimizin şüurunda ana-bacı namusdu... Mehman damara basmışdı...
O məqamda mən də Etibar bəyə bağırmaq istədim:
- Bacını sən qatma, Etibar bəy! Bacı namusdu! Bacının tumanının altından çıxan büllütenlə deputat olmağın bədəli ağırdı! Ödəyəcəksən!
Bacımı qatma!- deyən Etibar bəy bacısını özü qatmışdı! Və bunu Mehmandan tələb etmək haqqını itirmişdi.
Bu söhbətin gerisi mənim duyğularımdı... Boğazımda komalanan qəhərdi... Dolmuş gözlərimdi... Alimlərin ictimai əxlaqıdı...
Daha nə deyim...