Novruz bayramı ərəfəsində yarmarkalarda qiymətlər marketlərdən heç də fərqlənmir.
Yenixeber.org: Metronun “Gənclik” stansiyası yaxınlığındakı yarmarkadan reportaj hazırlayarkən öyrəndik ki, bazarlar, supermarketlər və yarmarkalar qiymətlər baxımından bir-biri ilə oxşardırlar.
Metronun “Neftçilər”, “İnşaatçılar” stansiyalarının qarşısındakı çadırlarda da araşdırma apararkən eyni mənzərəni müşahidə etdik.
Ona görə də alıcılar artıq yarmarkalara o dərəcədə maraq göstərmirlər. Ötən il daha çox müştəri görmək olardı. Bu dəfə isə insanlar bayramqabağı bazarlığı elə marketlərdən etməyə üstünlük verirlər.
Çünki qoz-fındıq, şabalıd, püstə, quru meyvələrin qiyməti yarmarkalarda necədirsə, marketlərdə də təxminən eynidir.
Hətta bəzi məşhur marketlər kampaniyalar təşkil edərək istisna məhsulları ucuz satırlar. Məsələn, yarmarkada qabıqlı qozun kilosu 5 manat idisə, hipermarketdə 4 manat olduğunu gördük.
Yarmarkada fındıq 7, - 7, 50 manatdırsa, marketlərdə də 7-8 manatdır. Qoz ləpəsinin qiyməti də fərqli deyil: həm yarmarkalarda, həm marketlərdə 11-12 manatdan almaq olur.
Həmçinin, ərik, kişmiş, albuxara və s. məhsulların qiymətləri yarmarkalarla marketlərdə eynidir. Ərik 4-5 manat, kişmiş 6-12 manat civarındadır.
Satıcılar deyirlər ki, yarmarkada qiymətlərin bazarlardan, marketlərdən fərqlənməməsi onların günahı deyil: “Bu il bahalıqdır. Bizə də məhsullar ucuz gəlmir. Bir yandan da İranla sərhədin bağlanması işləri korladı”.
Yarmarkalara baş çəkən müştərilərin isə reaksiyası “keçəl Həsən, Həsən keçəl” olur. Onlar marketlərə qayıtmağa qərar verirlər. Çünki marketdən alış-veriş etmək daha asandır.
Hazırda Bakı və Abşeronda 5 ünvanda “Kənddən şəhərə” yarmarkaları fəaliyyət göstərir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.
Onun sözlərinə görə, Abşeron rayonunda Xırdalan şəhərində, Bakı şəhərində isə Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında yarmarkalar fəaliyyət göstərir:
“Hazırda qeyd etdiyim ünvanlarda yarmarkalar ancaq həftə sonları fəaliyyət göstərir. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 14-dən 19-dək gündəlik rejimdə olacaq.
Vətəndaşlar həmin yarmarkalardan kənd təsərrüfatı məhsullarını həm sərfəli qiymətə, həm də fermerlərin özündən ala biləcəklər”.
Emil Salamoğlu
Musavat.com
Fotolar müəllifindir