Hansı daha ucuz ərzaq satır, yarmarkalar, yoxsa supermarketlər?- Reportaj, Fotolar
Yenixeber.org: Həftə sonları Bakının müxtəlif yerlərində yarmarka adı altında bazarlar fəaliyyət göstərir. İnsanlar əllərinə zənbillərini alıb, ucuz hesab etdikləri bu bazarlara yollanırlar. Bazarda, demək olar ki, bütün növ tərəvəzlər, balıq, ət, yağ, bal, bir sözlə, hər şey satılır. Ancaq insanlar heç də bu bazardan zənbil dolusu çıxmırlar. Səbəb isə sadədir – sərfəli olmayan qiymətlər.
“Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən yarmarkada mal və satıcı kifayət qədər çox olsa da alıcı azdır. İlk baxışdan təklifin tələbi üstələdiyini görüb, qiymətlərin aşağı olacağını düşünürsən. Lakin yarmarkada gəzərək fərqli mənzərənin şahidi olursan.
Pendir və şor iyinin ətrafı bürüdüyü bazarda meyvələr kifayət qədər bol olsa da, qiymətlər yüksəkdir. Almanın kiloqramı 1-2.5 manata, şaftalı 2 manata, üzüm 1.50-2.20 manata, armud 2 manata, nar 1-2 manata, mandarin 2-2.50 manata satılır. Yarmarkada digər meyvələrə isə, demək olar ki, rast gəlinmir.
Tərəvəzlərə gəlincə, bu məhsulların da qiymətləri yüksəkdir. Yerli Gədəbəy kartofunun kiloqramı 1 manatdır, Türkiyə, Gürcüstan, Rusiyadan gətirilən kartofun qiyməti isə 70-80 qəpik arasında dəyişir. Soğanın 3 kiloqramı 1 manat, kök 80 qəpik-1 manata, göyərtilərin kiçik dəstələri 10 qəpik, kələmin kiloqramı 80 qəpiyə, pomidor 1.80- 2 manata, xiyar 1.60-2 manata, lobya (paxla) 1.60 manata, sarımsağın kiloqramı 6 manata satılır.
Ağartı məhsullarının qiymətləri də ucuz sayılmaz. Məsələn, pendirin kiloqramı 4-8 manat arasında dəyişir. Südün bir litri isə 1 manatadır.
Çərəzlərə gəlincə isə, qozun kiloqramı 4 manatdır, fındıq da 4-5 manata satılır.
Satıcılarla söhbət etdiyimiz zaman onlar bildirdilər ki, qiymətləri heç də baha hesab etmirlər. Hətta bəziləri and-aman etdilər ki, satdıqları məhsulun hər kiloqramından 10 qəpik qazanırlar:
“Burada yer pulu olaraq 30 manat veririk. Məhsulları da kənddən maşınlara yükləyib, özümüz gətiririk. Benzinin də qiyməti bahalaşandan sonra yanacağa pulumuz çox gedir. Yəni bütün bu kimi xərcləri nəzərə alanda qiymətlər normaldır. Heç buradan bizə 10 qəpik qalır, ya qalmır. Bir şey də var ki, bəzi məhsulların artıq mövsümü başa çatır. Ona görə də qiymətləri bahadır. Məsələn, üzümü əvvəl 1.30 manata satırdıqsa, indi Salyan üzümü 2 manatadır”, - deyə satıcılar bildirdilər.
Alıcılar isə qiymətlərdən narazılıqlarını bildirdilər. Söylədilər ki, mağazalarda getdikcə qiymətlər bahalaşır. Bazarlarda da vəziyyət göz qabağındadır:
“Hər gün mağazalarda qiymətlər bir neçə qəpik bahalaşır. Ancaq yenə də bazarla müqayisədə bəzi tərəvəzlər daha ucuzdur. Ona görə də buraya gəlib, əziyyət çəkməyə dəyməz”, - deyə bazardan əliboş gedən alıcılar bildirdilər.
Səslənən fikirlərdən sonra biz də Bakıda fəaliyyət göstərən iri supermarketlərdə olub, oradakı qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, doğrudan da supermarketlərdəki həftəsonu endirimləri yarmarka ilə müqayisədə daha sərfəlidir.
Məsələn, supermarketdə mandarin 1 manat 59 qəpiyə, alma 1.70 manat, şaftalı 2 manat, armud 1.60-2.50 manat, üzüm 95 qəpiyə satılır. Tərəvəzlərə gəlincə isə pomidor 1.65 manat, soğanın kiloqramı 29 qəpik, kartof 69 qəpik, sarımsağın kiloqramı 4.50 manatdır. Göründüyü kimi, yarmarka ilə müqayisədə supermarketlərdə bəzi qiymətlər daha ucuzdur. Üstəlik, bazarda rast gəlmədiyiniz meyvələri burada tapmaq olar. Ən əsası da bütün ərzaq məhsulları təmiz qaydada, xüsusi vitrinlərdə satılır…
Əli Rais
Fotolar müəllifindir