“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təkrar seçkilərdə qatılacağı dairəni dəyişmək niyyətindədir.

Yenixeber.org: Baş redaktor əvvəlcə lider elan olunduğu, ardınca isə nəticələri ləğv olunan 35 saylı Xətai üçüncü seçki dairəsindən geri çəkilir. Buna səbəb isə Rauf Arifoğlunun bu seçki dairəsindən digər namizədin qalib elan ediləcəyinə əmin olmasıdır.

Mənbənin dedikləri: “Bu dairədən şansları daha yüksək dəyərləndirilən “Ümid” partiyasının sədri İqbal Ağazadənin seçiləcəyi də şübhəlidir. Hakimiyyət komandasının 35 saylı Xətai üçüncü seçki dairəsindən öz namizədi olacaq və bu üzdən nə Rauf Arifoğlu, nə də İqbal Ağazadənin hər hansı şansı qalmayıb”.

Bu səbəbdən də Rauf Arifoğlu işini şansa buraxmayaraq seçki dairəsini dəyişmək qərarı verib. Onun təkrar seçkilərə 33 saylı Xətai birinci seçki dairəsindən qatılacağı gözlənilir.

“Ümid” sədri iqbal Ağazadənin isə hansı qərar verəcəyi bəlli deyil.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral növbədənkənar parlament seçkilərilə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

(savash.org)