Metro istifadəçilərinin nəzərinə - Yeni stansiyalar və digər şəhərlərimizlə bağlı plan...
Xəbər verdiyimiz kimi, 2020-ci ildə Bakıda hərbi hospitalın qarşısında Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) metronun “bənövşəyi xətti” üzrə yeni stansiyanın açılışı planlaşdırılır.
Yenixeber.org: Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov da məlumat verib. O bildirib ki, şərti adı “B3” olan metro stansiyasında əsas tikinti işləri başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq. O əlavə edib ki, bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb.
Bəs gələn il metronun genişləndirilməsi planları, xüsusən də yeni stansiyaların istifadəyə verilməsi və yeni qatarların alınması ilə bağlı vəziyyət nə yerdədir? Həmçinin, Azərbaycanın digər böyük şəhərlərində metronun tikintisi planda varmı?
Mövzu ilə əlaqədar Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan qurumun rəsmisi qeyd edib ki, metropolitenin genişləndirilməsi yalnız Bakı daxilində nəzərdə tutulub:
“Yeni stansiyaların açılacağı planlaşdırılır. Bunlardan biri də Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) “B3”, yəni bənövşəyi xəttin üçüncü stansiyasının açılacağı planlaşdırılır. Artıq həmin stansiyanın üzərində avtomobil yolu açılıb. Bu da o deməkdir ki, işlərin əsas mərhələsi bitib. Tamamlama işləri stansiyanın içərisində aparılır.
O stansiyanın əhəmiyyəti ondan ibarət olacaq ki, bu stansiyada qatar bir yoldan o biri yola keçəçək, əks istiqamətdə hərəkət edə biləcək. Belə olduqda isə qatarların intensivliyinin, sayının artırılmasına gətirib çıxaracaq. ,Bu qatarlara texniki baxış və qulluq da artdığı üçün elektrik deposuna ehtiyac yaranır. Xocahəsən elektrik deposunda da bu istiqamətdə işlər gedir. Deponun işləri 3 mərhələdə planlaşdırılır. Bu mərhələlərlə birgə deponu xəttə birləşdirən tunellər olmalıdır. Artıq bu tunellərdən birinin yol infrasturukturunun qurulması ilə bağlı işlər gedir, digərinin isə qazıntı işlərinin bitməsinə cüzi vaxt qalıb”.
Mətbuat katibi bildirib ki, 2011-ci ildə Bakı metropoliteninin qəbul olunmuş konseptual inkişaf sxemi var ki, metropolitenin inşaası Bakı şəhərinin daxilində nəzərdə tutulub, digər şəhərlərimizdə metro stansiyalarının tikintisi planlaşdırılmayıb.
Bakı metropoliteni üçün yeni vaqonların alınması
Bir neçə gün əvvəl "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə imzalanmış müqavilə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, müqaviləyə əsasən, il ərzində Rusiya şirkəti Bakı metrosu üçün, ümumilikdə, 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək: "Beləliklə, 3 il ərzində zavodda metropoliten üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək. İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.
Qeyd olunub ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.
Metro stansiyalarında generatorların quraşdırılması
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev Prezident İlham Əliyevin qəbulunda olarkən dövlət başçısı ondan “Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?” – deyə soruşub. R. Rzayev isə bu barədə bütün tapşırıqların yerinə yetirildiyini bildirib:
“Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.
2015-ci ildə "Bakı Metropoliteni" QSC-dən yeni planlarla bağlı açıqlama
Xatırladaq ki, 2015-ci ildə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin o vaxtkı rəisi Nəsimi Paşayev bildirmişi ki, "Bənövşəyi" xəttin digər stansiyalarında da iş gedir: "Yaxın gələcəkdə onlar da istifadəyə veriləcək. Bunlar "Papanin" deyilən ərazidəki şərti adı "B-3" və Heydər Əliyev adına İdman Sarayının arxasında şərti adı "B-4" olan stansiyalardır. Artıq həmin stansiyalarda da işlərə başlanıb".
Qeyd olunub ki, "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq. Ümumilikdə, 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayının 76-dək artırılması planlaşdırılır. Hazırda isə metroda 23 stansiya var və daha 53 stansiyanın tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Həmin vaxt məlumat verilib ki, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl", "Qırmızı", "Sarı", "Bənövşəyi" və "Mavi" xətlərdir. Yeni xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq. Onlar bir-biri ilə kəsişməyəcək.
Bakı Metropolitenindən daha öncə verilən açıqlamaya görə, "Yaşıl xətt" üzrə də yeni stansiyalar inşa edilir. Artıq "Həzi Aslanov-2" stansiyasında işlərin müəyyən hissəsi görülüb. "Xətai" stansiyasından sonra "Ağ şəhər"də, yəni Neft Emalı Zavodunun qarşısında da yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai"dən sonra 3 stansiya olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2"dən sonra birbaşa yenidən "Dərnəgül"ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt" dairəvi olacaq və xətt boyu 10 keçid stansiyası olacaq.
"Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.
"Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq.
Beşinci, "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur.
Yaxın gələcəkdə isə Bakı metrosunun "28 May" stansiyasında "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bundan sonra qatarlar hər iki xətt üzrə bir-birindən ayrı şəkildə, müstəqil hərəkət edəcək.