“Üç dəfə doğulmağın” peşimançılığı
"Xeberinfo.com": Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların Şəxsi Heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilmiş, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Bürokratik əngəllər ucbatından veteran statusu ala bilməyən keçmiş döyüşçülərin problemi hələ də tam çözülməyib, müstəqilliyimizin üçüncü onilliyinə miras qalıb. İnternet informasiya məkanında və mətbuatda bu müstəvidə çəkişmələri əks etdirən çoxlu sayda məlumatlara rast gəlmək olur. Döyüş şəraitində xidmət etmiş daxili işlər orqanları əməkdaşlarının da bir çoxu halal haqlarına yiyələnə bilməyiblər.
Redaksiyamıza müraciət etmiş sabiq polis kiçik serjantı Behbudov Mehman Vəli oğlu 01 dekabr 1993-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək Laçın Rayon Polis Şöbəsində Post-patrul Xidməti Bölməsinin polis nəfəri vəzifəsində Füzuli rayon bölgəsində döyüş şəraitində xidmət etmişdir. Bu tarixçəni vətəndaş M.Behbudovun “Əmək kitabçası”ndakı qeydlər, onun göstərilən dövrdə aylar üzrə aldığı əmək haqqını təsdiqləyən DİN-nin maliyyə hissəsinin sənədləri, Laçın RPŞ-nin 08 sentyabr 2014-cü il tarixli 6-1851 nömrəli arayışı da isbat edir. Bundan başqa, M.Behbudovun döyüş şəraitində xidmət etdiyini təsdiqləyə biləcək xeyli şahidi, çiyindaşları vardır. Onların ortaq xatirələri, döyüş şəraitinin necə ağır olduğuna dəlalət edən yada sala biləcəkləri hadisələr vardır.
Lakin Mehman o vaxtdan neçə dəfə cəhd etsə də rastlaşdığı bürokratik əngəllər ucbatından veteran statusu ala bilməyib. Buna nail olmaq üçün ona təklif olunan, eşitdiyi, bildiyi kəsə yollara da getməyib, öz halal haqqına sahib çıxmaqdan ötrü hansısa məmurun korruptiv marağını ödəməyi özünə rəva bilməyib. Nə qədər ki, canı sağdır, əmək qabiliyyətini itirməyib - sınıq qol kimi cəmiyyətin boynundan asılmağı qeyrətinə sığışdırmayıb. Ta ki 2012-ci ilin 31 avqust gününə qədər. Həmin təqvimdə Mehmanın da sərnişin olduğu 194 nömrəli marşrut avtobusu “Ağstafa-Bakı” qatarı ilə toqquşdu. 6 nəfər hadisə yerində öldü, müxtəlif dərəcəli cəsarət alan sərnişinlərdən biri də Mehman oldu.
Yalnız indi keçirdiyi qəzadan sonra əmək qabiliyyətini itirdikdən sonra veteran statusu almaq üçün idarələrin qapısını döymək məcburiyyətində qalan Behbudovun cəhdləri hələ ki, istədiyi nəticəni vermir. Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə torpaqların bütövlüyü uğrunda Füzuli rayonunun Horadiz qəsəbəsi, Böyük Bəhmənli və digər böyürabölgələrində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə yaxından iştirak edən polis əməkdaşları, Azərbaycanın milli qəhrəmanları Qorxmaz Eyvazov və İsrafil Şahverdiyevlə çiyin-çiyinə vuruşan Mehman hələ də müharibə veteranı adı və vəsiqəsi ala bilməmiş, bu səbəbdən də müharibə veteranlarına verilən müavinətdən məhrum olmuşdur. Bununla əlaqədar müraciət etdiyi Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi 0241687-B-81 saylı, 29 avqust 2014-cü il tarixli məktubu ilə ona cavab vermişdir ki, arxiv şəxsi işi DİN-nin arxiv-uçot şöbəsində aşkar edilmədiyindən, döyüş əməliyyatlarında iştirakı faktının müəyyən edilməsi mümkün olmamışdır. Mehman Behbudov Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 09 dekabr 2014-cü il tarixli açıq məhkəmə iclasında işə “baxaraq”, hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının şahid kimi göstərdiyi, həmin dövrdə onunla birlikdə döyüşən polis nəfərləri Rəfail Mirzəyevdən, Xəyyam Nəsirovdan, Nəriman Süleymanovdan və Rauf Fərzəliyevdən ifadə almağa lüzum bilməmiş və nəzərə almamışdır ki, Mehman Behbudov öz arxiv şəxsi işinin DİN-nin arxiv-uçot şöbəsində itməsinə görə günahkar deyildir. Məhkəmənin öz haqsız qərarında “istinad etdiyi” xüsusatlardan biri də M.Behbudovun 1993-2000-ci illər ərzində Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 1216 nömrəli qərarına uyğun olaraq, DİN-də yaradılmış komissiyaya müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə müraciət etməmişdir. Bu qərar əslində heç cür veteran adı və vəsiqəsinin verilməsi üçün edilən müraciətə imtina cavabına əsas sayıla bilməz. Çünki həmin qərarla “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiqlənir, vəsiqələrin nümunəsi, eskizi və təsviri təsdiq edilir, Mətbuat və İnformasiya Nazirliyinə tapşırılır ki, vəsiqələri onları sifariş verən orqanın sifarişin və vəsaitin hesabına çap edilməsini təmin etsin. Bu qərarda və onun təsdiqlədiyi Əsasnamənin heç bir yerində 2001-ci və sonrakı illərdə veteran adı və vəsiqəsinin verilməsinə dair müraciətlərin bir daha qəbul edilməyəcəyinə dair xəbərdarlıq yer almamışdır. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi DİN-nin nəfinə, necə deyərlər, “qupquru”, haqsız qərar çıxarmışdır.
Mehman Behbudovu “üç dəfə doğulmuş” da hesab etmək olar. Birinci dəfə 12 iyun 1971-ci il tarixdə anadan olanda, ikinci dəfə savaşda ölmədiyinə görə, üçüncü dəfə isə Qaradağ avtomobil qəzasında həlak olmadığı üçün. Lakin məmur özbaşınalıqları, aidiyyati instansiyaların laqeydliyi, vəzifəli şəxslərin qeyri-həssas münasibəti, məhkəmənin ədalətsizliyi onu “üç dəfə doğulduğuna görə” Tanrıya şükr etmək əvəzinə, min kərə dünyaya gəlməsinə görə peşiman etmişdir. Əsəbləri gərilmiş Mehman Behbudov az qala intihar etmək dərəcəsinə çatmışdır. Qonaq kimi təşrif buyurduğu redaksiyamızda ona uğrunda mücadilə apardığı bu haqq işinin perspektivinə inanmağı tövsiyə etdik. Elə haldaydı ki, işdə biləcəyi, ümidlərini tünədəcək hər hansı ehtiyatsız söz onu suisidə vadar edə bilərdi. İnanaq ki, hər şey yaxşı olacaq. Çünki Mehman Behbudovun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ var.
Azerbaycanİnfo.com