Laçınsız 22 il
Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il keçir.
"xeberinfo.com": 1992-ci il mayın 18-də Laçının İşğalı nəticəsində 1 şəhər, 1 qəsəbə və 126 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfər əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
22 ildir ki, laçınlılar respublikanın 60 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan altı nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb...
Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə rayona daxil olmuşdur. Laçının müdafiəsi ermənilərlə müqayisədə canlı qüvvə sayına görə az olan Laçın polisi və Milli batalyonun öhdəsində qalmışdı. Bir gün qabaq isə başıpozuq o vaxtki dırnaqarası başbilənlərin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti Laçını tərk etmişdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına «Azərbaycan Respublikasının Milli Qəhrəman»ı fəxri adı verilmiş, 86 əməkdaş «Azərbaycan Bayrağı» ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Fədakar Laçın polisi də topaqlarımızın erməni təcavüzünə məruz qaldığı ilk gündən sinəsini düşmənə sipər etmiş, dinc əhalini və ərazimizin bütövlüyünü qorumaq üçün canını, qanını əsirgəməmişdir. Bu həqiqət Laçının işğalının növbəti dəfə xatırlandığı 18 may təqvim günü ərəfəsində bir daha təsdiqləndi. Ünsiyyətdə olduğumuz Laçın polisinin əməkdaşları Vətən uğrunda canlarını fəda etmiş şəhid həmkarlarını ehtiramla xatırladılar, düşmən üzərində qələbəmizin onların cənnətməkan ruhlarını şad edəcəyi günün uzaqda olmadığını əminliklə bildirdilər. Onların keçdikləri döyüş yolları, işğalın baş tutmasının obyektiv və subyektiv səbəbləri barədə fikirlərini bölüşmələrini xahiş etdik. Nə qədər çətin olsa da, danışdılar. Bildirdilər, laçınlı döyüşçülərlə müharibəni nəinki uduzmamaq, hətta zəfər çalmaq mümkün imiş. Amma…
Laçının getməsi Dağlıq Qarabağın getməsi idi…
Abbasov Çingiz Miri oğlu 1954-cü ildə Laçın rayonunda anadan olub. 1992-ci ilin fevralından aprelinədək Laçın polis batalyonunun komandiri olub. 1992-ci ilin aprelindən 1994-cü ilin avqust ayınadək rəis müavini vəzifəsində xidmət etmişdir. Polis mayoru rütbəsinədək ucalmışdır. Hazırda istefada olan polis zabitidir.
Dediklərindən:
- 1992-ci ildə Dağlıq Qarabağ ərazisinin sərhəd olan hər yerində gərginlik hökm sürürdü. Mən onda batalyon komandiri vəzifəsində çalışırdım. Fevral ayında bir sıra rayonlara düşmən tərəfindən hücumlar olmuşdu. May ayının əvvəlindən başlayaraq Şuşaya təcavüz başladı. Mən də daxil olmaqla Laçın polisindən otuz altı nəfəri Şuşaya köməyə ğöndərildik. Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyev də təmsil olunmaqla 30-35 nəfərlik şəxsi heyətlə bir yerdə gedib mayın 3-dən 7-nə kimi Şuşada döyüşdük. Mən Şuşaya köməyə gedəndə rayona başçılıq edən Nizami Bəhmənovla görüşdüm. Şuşada ordu yox idi. Yerli əhali və polis öz məhdud imkanları ilə şəhəri müdafiə etmək məcburiyyətində qalmışdı. Şuşada döyüşlər gedirdi. Şəhərdə ara-sıra əsgər və mülki geyimli adamlar gözə dəyirdi.Şəhər tamamilə boşalmışdı. Ayın 7-də Şuşanın alınması reallaşandan sonra mən şəxsi heyətlə birgə laçına gəldim. Kəşfiyyat xəbərlərindən məlum oldu ki, Ermənistan istiqamətindən 17 batalyon Laçına hücum çəkir və Laçın mayın 13-ü, ya da 15-i işğal olunacaq. Mən dərhal Şöbəyə yollandım, o vaxt daxii işlər naziri olan Tahir Əliyev də Akif müəllimin kabinetindəydi. Öyrəndiklərimi- Laçına mayın 13-də, ya da 15-də ermənilərin hücum planının olması haqda məlumatı bildirdim. Tahir Əliyev Şahin Musayevi çağırıb dedi ki, Şuşanın getməsi Laçının getməsidir, Laçının getməsi Dağlıq Qarabağın getməsidir, neyləyirsiz-eləyin, Şuşanı geri qaytarın. Çox təəssüflər olsun ki, bu əmrlər və göstərişlər elə kağız üzərində də qaldı. Ayın 10-da bizi orduya qatıb tabeçiliyimizi də orduya verdilər. Biz kənara çəkilib müdafiə mövqeyi seçdik ki, yenidən əks həmlə ilə ermənilərə ağır zərbələr endirək. Şəhər artıq panika içində idi. Ayın 18-də Telman da xəbər verdi ki, Laçını ermənilər alıblar. Biz təəccüb və panika içində qaldıq. Gedib gördük ki, Laçın yanır. Laçına girə bilmədik. Oradan Qubadlıya yollandıq. Qubadlıda bizi qəbul etmədilər. Sonra Akif müəllimlə danışdıq.Bir neçə gün sonra nazirin əmri ilə Kəlbəcər istiqamətində Laçına girmək göstərişi verildi. Akif Səlimovun rəhbərliyi ilə biz Kəlbəcərdən Laçına girdik. Hoçaz kəndinədək irəlilədik. Akif müəllim də rəis idi, uğurlu hesab edilən bütün döyüş əməliyyatlarımız məhz onun tədbirliliyinin sayəsində mümkün olmuşdu. Dörd yüz nəfərə qədər döyüşçüz vardı. Hocazdan başlayan hücum əməliyyatı avqust ayının axırınadək 70-ə yaxın kəndin geri qaytarılmasıyla nəticələndi. Boşaldılan kəndlərdə arxamızca gələn 701-ci briqada döyüş mövqelərini möhkəmləndirdilər. Sentyabrın əvvəllərində isə strateji yüksəkliklər uğrunda gərgin döyüşlər başladı. Onu da qeyd edim ki, Niyazi Nəbiyev ilə birlikdə bizim rota Mişni kəndində ermənilərin xeyli canlı qüvvə və texnikasını məhv etmiş, doqquz nəfərini girov götürmüşdülər. Girovlar dövlət səviyyəsində ermənilərin saxladığı girovlarla dəyişdirildi, girovluqdan azad edilən adamları gətirdik… Bunu xüsusilə demək yerinə düşər. Laçında biri-birinin ardınca apardığımız uğurlu əməliyyatlar həmin templə davam etsəydi, bütün torpaqlarımız indi bizdəydi. Təəssüf ki, bizim Kəlbəcərdə də çəkdiyimiz əziyyət və qurbanlar hesabına qaytardığımız ərazı yenidən təxribatın qurbanı oldu. Aldığımız torpaqlar sanki bir anda ermənilərə təhfil verildi. Qeyd edim ki, Kəlbəcərdən sonra bizim Füzulidə də gedən çətin döyüşlərdə iştirakımız bizdəki vətən ruhunu söndürmədi. Elə təkcə Füzuli döyüşlərində şəxsi heyətimiz 31-dan çox itki verdi. 27 nəfər yalnız Horadizin alınmasında şəhid oldu. Laçın polisi həmin döyüşlərdə 47 nəfər şəhid verdi. Xatırladım ki, Laçın-Şuşa arasında yerləşən Qala Dərəsində 4 kəndin boşaldılmasında Laçın polisinin misilsiz xidmətləri olmuşdur. Yeri gəlmişkən, Daşaltı əməliyyatı zamanı Kərkicahan kəndində mühasirədə qalmış adamları 35-40 döyüşçümüzün şücaəti hesabına biz xilas etdik.
Laçın alayı təkcə Laçını deyil, bütün Azərbaycanı müdafiə edirdi…
Əsgərov İsabala Bəhram oğlu 1961-ci ildə Laçın rayonunun Qarabəyli kəndində anadan olub. 1978-ci ildə Laçın şəhər 2 saylı orta məktəbini bitirib. 1979-1981-ci illərdə Əfqanıstan Demokratik Respublikasında hərbi xidmətdə olub. İxtisasca inşaat mühəndisidir. Laçın Təmir Tikinti Müəssisəsində iş icraçısı, baş mühəndis, Laçın Rayon İcra Hakimiyyətində Müdafiə Məsələləri üzrə müavin vəzifələrində çalışmışdır. 1988-ci ildən ermənilərin torpaqlarımıza təcavüzü başlayanda ilk olaraq könüllülərdən ibarət müdafiə dəstələrinin yaradılmasında fəal iştirak etmişdir. Əsasən Əfqanıstan müharibəsində iştirak etmiş döyüşçüləri öz ətrafına toplamışdır. 1992-ci ildə Milli Ordu yaranan vaxtı ilk olaraq Laçında özünümüdafiə batalyonu yarandı, sonradan polka çevrildi. Həmin batalyonun tərkibində 4-cü əlahiddə tağımın komandiri olan İsabalı Əsgərov Əfqanıstan döyüşçülərindən təşkil olunan tağımın köməkliyi ilə bir çox uğurlu əməliyyatlar keçirmişdir. Belə ki, Kirs dağı yüksəkliyinin, 31-ci postun ermənilərdən geri alınmasında və Laçın əhalisinin mühasirədən çıxarılmasında xüsusi döyüş əməliyyatları keçirmişlər. 1992-ci ilin sentyabr, oktyabr və noyabr aylarında işğalda olan Laçın rayonunun şimal tərəfdən (Kəlbəcərdən) ermənilərdən azad olunması üçün keçirilən əməliyyatlarda fəal iştirak edib. Ölkə rəhbərliyi tərəfindən xüsusi tapşırıq almış və Laçın rayonunun 70-ə qədər kəndinin azad edilməsində və Laçın koridorunun bağlanmasında, ermənilərin ağır itki verdiyi döyüşlərdə xüsusi döyüş əməliyyatı təşkil etmişdir. İsabala Bəhram oğlu «SSRİ Silahlı Qüvvələrinin 70 illiyi», «Beynəlmiləl döyüşçü», «Əfqan xalqının təşəkkürü» medalları və SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. II qrup əlildir.
Gözəl ailə başçısı, iki övlad atasıdır.
İctimai fəallığı ilə, vətəndaş mövqeyi ilə seçildiyindən 121 saylı Laçın seçki dairəsində katib vəzifəsi ona etibar olunub.
Dediklərindən:
- Yüksək səviyyədə hərbiləşmiş və peşəkarlaşmış Laçın alayı istər Ermənistan tərəfdən, istərsə də Dağlıq Qarabağ istiqamətindən rayonu uğurla müdafiə edirdi. Müdafiə naziri vəzifəsini ələ keçirmiş Rəhim Qazıyev 30 aprel 1992-ci il tarixli əmrlə bu alayı ləğv etdi. O zaman hadisələrin içərisində olan hər kəs yaxşı bilir ki, bu alay təkcə Laçını deyil, bütün Azərbaycanı müdafiə edirdi. Bu əmr bizim üçün gözlənilməz və ağır zərbə oldu. Çaşqınlıq içərisində idik. Hətta bir müddət əmri döyüşçülərdən gizli saxladıq, onlar silahı atıb gedə bilərdilər… Biz hadisələrin mərkəzində olsaq da, planlı şəkildə həyata keçirilən təxribatlardan xəbərsiz idik. İnsan nə qədər vicdansız və şəxsiyyətsiz olar ki, belə məqamda öz xalqına və vətəninə xəyanət edə bilsin. Dəfələrlə düşmənlə üz-üzə gəlib səngər çatışmalarında qalib çıxmışıq. Lakin təxribat və xəyanət nəticəsində həlledici qələbəyə nail ola bilmədik. Turşsu-Şuşa istiqamətindən silahlı dəstələr mövqelərini tərk edərək Bakıya qayıtdığı vaxtı xatırlayıram. Rəhmətlik Çingiz Mustafayev tez-tez ANS kanalında göstərilən kadrları həmin vaxt çəkib. Çingizin sağlığında həmin kadrlar şərh verilərək göstərilirdi. Onun ölümündən sonra isə birbaşa göstərilir və tamaşaçılarda belə bir yanlış təsəvvür yaranır ki, qaçanlar laçınlı döyüşçülərdir. Ancaq bu, belə deyil. Onlar şəxsi maraqlar və istənilən anda təxribat törətmək, xəyanət etmək məqsədi ilə təşkil edilmiş silahlı dəstələr idi ki, həmin dar məqamda xəyanətkarcasına öz mövqelərini tərk edib, Bakıya üz tutmuşdular. Biz onların qarşısını kəsməyə məcbur olduq. Əlbəyaxa döyüş vəziyyəti yarandı. Onlar etiraf etdilər ki, Bakıdan əmr alıblar, necə olur-olsun, təcili qayıtmalıdırlar. Bundan sonra yol verdik, getdilər.
Laçın polisi yenə döyüşə hazırdır
Əhmədov Əjdər Umutvar oğlu 1967-ci ildə Laçın şəhərində anadan olmuşdur. Laçın polisində polis nəfəri – döyüşçü olmuşdur. 1991-ci ilin mart ayından 2002-ci ilə qədər xidmət etmişdir.
Dediklərindən:
- 1991-ci ildən polis nəzarətçisi işləyirdim. O ərəfədə bütün döyüşlərdə iştirak etmişəm, Akif Səlimovun başçılığı altında, rəis müavini Telman Tanrverdiyevlə, Milli Qəhrəman Oqtay Güləliyevlə, Tələf ilə, Əbülfəz Kərimov ilə, Əvəzlə çiyin-çiyinə döyüşmüşəm. Bir çox çətin döyüşlərdə, uğurlu Hocaz əməliyyatında vuruşmuşam. İnanıram ki, doğma yurdumuz Laçın və Azərbaycanın işğal olunmuş digər torpaqları düşmən tapdağından azad olunacaq. Ali Baş Komandanın əmri olarsa, mən yenə əvvəlki, daha böyük döyüş əzmi ilə düşmən üzərinə atılmağa hazıram.
Akif Səlimov:«Laçına qayıdışımız hərbə münasibətdən keçir»
Səlimov Akif İsmayıl oğlu-Qarabağ müharibəsi iştirakçısı, polis polkovnikidir.
1988-ci ildə ermənilərin separatçılıq niyyəti açıq müharibəyə çevrildiyi andan onun xidməti və vətəndaşlıq fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur. Siyasətə qoşulmayan könüllü döyüşçü dəstələrinin təşkili, döyüş məqsədi üçün polis batalyonlarının yaradılması və yüksək döyüş hazırlığına çatdırılması A.Səlimovun rəhbərliyi altında həyata keçirilmişdir. Şuşa,Laçın, Kəlbəcər, Füzuli, Horadiz ərazilərində aparılan qanlı döyüşlərdə qəhrəmanlıq göstərən,əcdadlarımızın adına layiq cəsarətlə, mərdliklə, qorxmazlıqla vuruşan Laçın polis dəstəsi bütün döyüş əməliyyatlarını bilavasitə polis polkovniki A.Səlimovun təşkilatçılığı, rəhbərliyi ilə keçirmişdir. Azərbaycanın mübariz ənənələrinə sadiq olan laçınlı polislərin 50 nəfərə yaxını döyüşlərdə həlak olmuş, 144 nəfəri yaralanmışdır. Göstərilən igidliklərə görə 3 nəfər polis əməkdaşı "Azərbaycanın Milli Qəhrəmanı" adına, 3 nəfər isə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Düşmənin hərtərəfli öyrənilməsi, onun tarixi, mənşəyi, dini, dili, bəşəriyyət tarixində rolu və yeri istiqamətində A.Səlimovun sərbəst şəkildə apardığı araşdırma və tədqiqatların maraqlı nəticələri vardır .
Dediklərindən:
-1991-ci ilin may ayında Laçın polisinin keçirdiyi əməliyyat nəticəsində Qala dərəsi istiqamətində yerləşən dörd kənd erməni separatçılarından təmizləndi. 144 nəfər saxlanıldı.Salatın Əsgərovanı qətlə yetirən cinayərkar da xüsusi əməliyyat nəticəsində tərəfimizdən saxlanılaraq istintaqa təhvil verildi.
Şuşanın verilməsi xüsusi hazırlanmış bir ssenari idi. Belə ki, işğaldan bir neçə gün əvvəl Şuşanın giriş hissəsindəki minalanmış ərazi minalardan göstəriş əsasında təmizlənir. Bunu Əlisahib Orucov özü təsdiq edir. Səbəbdə isə o göstərilir ki, guya şəhərə “Qırmızı Aypara” cəmiyyətinin nümayəndələri gələcək. Şuşada döyüşən 1500-ə yaxın döyüşçünün 1200-ü mənzuniyyətə buraxılır. Starateji yüksəkliklər boşaldılır. Mən Şuşanın müdafiəsi üçün may ayının 7-də Milli Qəhrəman Oqtay Güləliyevin rəhbərliyi ilə Milli Qəhrəman İsrafil Şahverdiyev də təmsil olunmaqla 25-30 nəfərlik şəxsi heyyəti Elbrus Orucova köməyə göndərdim. Ancaq bunun da bir nəticəsi olmadı. Təxribat və xəyanət nəticəsində həlledici qələbəyə nail ola bilmədik. Bir məqamı xüsusilə qeyd edim, rəhmətlik Oqtay Güləliyev danışırdı ki, Şuşada gərgin döyüşlər gedən ərəfədə təxmini olaraq bizdən 300-400 metr aralıda 4 nəfər döyüşçümüzün mühasirədə qalaraq necə döyüşdüyünün şahidi olmuşam. Çoxsaylı düşmən əsgərlərinə qarşı 4 nəfər qəhrəmancasına döyüşürdü. Yekunda ermənilərin çoxsaylı canlı qüvvəsini məhv edən döyüşçülər əsir düşməmək və ermənilərin daha çox əsgərini zərərsizləşdirmək üçün düşməni yaxın məsafəyə buraxaraq qumbaralar ilə həm özlərini, həm də onları öldürdülər. Digər bir mənbə isə(Qobustandakı təcridxanalardan birinin rəisi) əsir götürülmüş ”Esmiəccin” batalyonunun komandirinin həmin epizodu təsdiq etməsi bir daha onu göstərir ki, döyüşçülərimiz Qarabağ döyüşlərində qəhrəmanlıq nümayiş etdiriblər. Araşdırmalarımız nəticəsində məlum olub ki, həmin 4 nəfər qəhrəman döyüşçü Qax rayon polis idarəsinin əməkdaşları olublar. Birinci Qarabağ müharibəsinin odundan-alovundan çıxmış fədakar döyüşçülər torpaqlarımızın azad olunması üçün dərhal savaşın başlanmasını tələb edir və bu savaşın ön sıralarında olacaqlarını bildirirlər . Keçmiş döyüşçülər və yeni nəsil döyüşmək, vətəni qorumaq və qalib gəlmək qabiliyyətini daima nümayiş etdirməyə hazırdır. Yetər ki Ali Baş komandan göstəriş versin.
Alovlu vətənpərvərlik təşəbbüsü
İbrahimov Zeynal Əliqulu oğlu Laçın rayonunun Quşçu kəndində anadan olub. 811 saylı alayın tərkibində bölük komandiri kimi vətənə xidmət edib. Onunla söhbət keçmiş barədə yox, gələcək barədə oldu. Olduqca nikbin danışan Zeynal İbrahimov düşmən üzərində qələbə qazanacağımıza ürəkdən inandığını bildirdi. Sən demə, onun orta statistik Azərbaycan vətəndaşının optimizmindən daha artıq görünən bu nikbinliyinin tutarlı səbəbləri varmış.Öyrəndik ki, Zeynalın oğlu Əlibəy İbrahimov təzəlikcə ali hərbi məktəbə daxil olacaq və bu hadisə Laçın Rayon İcra Hakimiyyətinin başçısı, çox hörmətli cənab Akif Səlimovun bir laçınlı kimi fədakarlıq və vətənpərvərlik ruhunda irəli sürdüyü təşəbbüsə, çağırışa dəstək vermək kimi qiymətləndirilib.
İbrahimov Zeynal Əlibəy oğlu
Xatırladaq ki, ötən il alovlu vətənpərvər, keçmiş döyüşçü Akif Səlimov köçkün rayonların gənclərinin məzunlarının hərbi məktəblərə meyl etmədiklərinə diqqət yetirmiş, onun «Laçına qayıdışımız hərbə münasibətdən keçir» sözləri şüara çevrilmişdir. Bu çağırışı Baş nazirin 1-ci müavini cənab Əli Həsənov kimi nüfuzlu siyasi və ictimai xadimləri də dəstəkləmişlər.
KİV olaraq bu kimi təşəbbüslərə informasiya dəstəyi verməyə, fədakar Laçın polisinin xarici və daxili düşmənlərlə qeyri-bərabər döyüşdə göstərdiyi şücaəti əks etdirən faktlara işıq tutmağa daim hazırıq.
Bir gün qələbədən yazmaq ümidi ilə…
Subut Mehdiyev