Yenixeber.org: “Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm” deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdyev uzun illər qurumda rüşvət-korrupsiya-monopoliya sisteminin baş “prorab”ı olub. Bu gün isə gömrük sistemində korrupsiyanın-inhisarçılğın-tayfabazlığın baş memarıdır.
Siam.az xəbər verir ki, nuh.az saytı DGK sədrinin keçmiş və indiki əməlləri ilə bağlı araşdırma yazısının 1-ci hissəsini ictimaiyyətə təqdim edir.
Uzun illər Dövlət Gömrük Komitəsinin ( DGK ) iş adamlarına gömrük bəyannamələri, ciddi hesabat blankları kimi təqdim etdiyi nömrələnmiş adi rəngli vərəqlərin satışını ancaq DGK-nın nəzdində olan Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyi həyata keçirmişdir.
Yəni Azərterminalkopmpleks bəyannamələrin satışı üzrə ölkədə monopolist idi. Həmin dövrdə dəyəri 5-10 qəpik olan kağız parçası, yəni rəngli vərəqlər gömrük bəyannamələri adı altında iş adamlarına 210 manata satılırdı. Kimsə inadkarlıq edib qəbz tələb edəndə 18 manatın qəbzi verilirdi. Yəni iş adamı 210 manat ödəyib əvəzində 18 manatlıq qəbz alırdı və (210 – 18 = ) 192 manat(lar) kimlərinsə cibinə gedirdi.
Gömrük Məcəlləsinin 150-ci maddəsində isə konkret olaraq “Bəyannamə elektron, yaxud da kagız üzərində verilə bilər” yazılsa da DGK ancaq və ancaq kağız üzərində qəbul edirdi. Kağızın hər vərəqi isə iş adamlarına 210 manata başa gəlirdi, yəni satılırdı.
“Dövlət orqanlarında Elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 429 saylı 23 may 2011-ci il tarixli Fərmanına və “Mərkəzi İcra Hakimiyyəti orqanlari tərəfindən konkret sahələr üzrə Elektron xidmət göstərilməsi Qaydalarının və Elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 22.1 bəndinə əsasən isə gömrük bəyannaməsi ancaq elektron qəbul edilməli idi.
DGK isə Prezidentin Fərmanını, Nazirlər Kabinetinin Qərarını heç nəzərə almırdı.Həmin dövrdə dəyəri 5-10 qəpik olan bəyannamə adlı rəngli kağızın iş adamlarına 210 manata satışı uzun illər DGK sədrinin birinci müavini olmuş Səfər Mehdiyevin nəzarətində idi. Yəni Səfər Mehdiyev adi rəngli kağız parçasından bəyannamə adı altında milyonlar qazanırdı. İndi isə Səfər Mehdiyevin DGK-da qurduğu bəyannamə biznesinin mexanizminə nəzər salaq:” Təsəvvür edin 1 500 000 – 2 000 000 bəyannamə yazılsa (idxal, ixrac, tranzit, əlavə vərəqlər də daxil və əgər 18 manatlıq rəsmi qəbz verilsə ) 210-18=192 manatdan ( 1 500 00 * 192 man = 288 000 000 man, 2 000 000 * 192 man = 384 000 000 manat), yəni az qala 300 milyondan yarım milyarda yaxın qanunsuz pul əldə edilirdi. Hətta qəbz verdikləri 18 manatın özü də qanunsuz idi. Bəli, Səfər Mehdiyevin nəzarəti altında 5-10 qəpiklik kağız vərəqi 18 manata sənədləşdirib 210 manata satılırdı.
Kağız vərəqlərdən əlavə “Tərəzi pulu” adı ilə yığılan küllü miqdarda vəsait və “Xidmət göstərmək” adı ilə yığılan pullar isə başqa problemdir. Artıq bəyannamə adı altında 5-10 qəpik dəyəri olan adi rəngli kağız vərəqələrin iş adamlarına 210 manata satmağın mümkün olmadığını görən Səfər Mehdiyev hansı yola əl atdı?
Əgər iş adamı idxal və ya ixrac etdiyi malı elektron formada Elektron hökümət portalında DGK-ya bəyan edirsə, onda Səfər Mehdiyevin qaynı Zeynal Tarquliyevin Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyinə niyə külli miqdarda pul ödəməlidir?
“Qısa idxal bəyannaməsi”ndən yığılan qanunsuz pullar hara gedir? İş adamı bəyannamədəki bir hərif səhvinə görə əlavə olaraq niyə 35 manat 40 qəpik ödəməlidir? Bu barədə növbəti yazıda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(siam.az)