ÜGT katibi bunları bilirmi? - gömrükdə talanan 20 milyard və Səfər Mehdiyevin inhisarçı bacanaqları...-PROBLEM
Yenixeber.org: Bakıya 91 ölkənin gömrükçüləri toplaşıb. Onlar iyunun 14-nə kimi keçirilən konfransda islahatları müzakirə edirlər, kölgə iqtisadiyyatının təsirlərinin azaldılması yolları arayırlar, Azərbaycanda gömrük orqanlarında şəffaflığın artırılmasından ağız dolusu danışırlar.
Amma tədbirin təşkilatçısı olan Ümumdünya Gömrük Təşkilatı nümayəndələri haradan bilsinlər ki, son 20 il ərzində gömrükdə 20 milyard manat mənimsənilib.
Bəli, bəli, 20 milyard oğurlanıb və bu rəqəmi “şər” mətbuatı, “qara qüvvələr” yox, deputat Vahid Əhmədov ötən il zəlzələ effekti yaradan açıqlamasında bəyan edib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə konfrans iştirakçılarına Azərbaycan gömrüyündə gedən islahatlardan elə danışır, elə danışır...
Sanki mənimsənilən 20 milyard uzaq Liviyada ya da Burkina - Fasoda olub, bizə heç bir aidiyyəti yoxdur.
Axı ÜGT-nin baş katibi Kunio Mikuriya nə bilsin ki, S.Mehdiyevin illərlə DGK sədrinin müavini olduğu zamanda, keçmiş şefi Aydın Əliyevin vaxtında, habelə daha köhnə əyyamlarda gömrükdən büdcəyə qəpik-quruşlar daxil olub, V.Əhmədovun dediyi kimi, ilinə 1 milyard talanıb.
Əslində, deputatın açıqladığı rəqəm təxminiydi, korrupsiyanın miqyasının daha katostrofik olduğu proqnoz edilir. Nəticə etibarı ilə büdcə pulları dağıdılıb, gömrükdə şəffaflıq sıfır səviyyəsinə enib.
Və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə iştirak edən xarici qonaqlar, koreyalılar S.Mehdiyevin kölgə iqtisadiyyatının şaxələnməsində hələ müavin postunda ikən necə rolu olduğundan məlumatsızdırlar.
Onun inhisarçı biri olmasını bilmək üçün internet resurslarında axtarış vermək və xarici dilə çevirmək yetərlidir.
Ümumiyyətlə, gömrük orqanlarında arzulanan islahatlar qənaətbəxş olmadı. Gözlənilirdi ki, monopoliya aradan qalxacaq.
Hətta S.Mehdiyev bir manat rüşvət alan olsa istefa verəcəyini, daha da irəli gedərək həbs olunmağa razılaşdığını bəyan edirdi.
Amma bu gün gömrükdə köhnə qaydalar qüvvədədir. V.Əhmədovun 20 milyard manat mənimsəmə ittihamı isə araşdırılmamış qaldı.
Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində cüzi müsbət irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrdə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ davam edir.
Misal üçün bir monopoliya faktını göstərək:
Prezidentin gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində daha intensiv, effektiv reformalar gözləntisi varıydı. Dövlət başçısı sahibkarlara nəfəslik verilməsini tələb edirdi. Ən əsası iş adamları idxal etdiyi mallara görə qeyri-rəsmi rüsumlardan azad olunmalıydı. Hərgah, S.Mehdiyev Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarının monopolistidir.
Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur.
“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir.
Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.
S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir.
Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir.
Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Çoz uzağa getməyə ehtiyac yoxdur, elə öz bacanaqları gömrükdə baş inhisarçılardırlar. Sahibkarlar isə sadəlövh şəkildə inanırlar ki, yeni gömrük şefi islahatlar aparacaq.
Axı necə, S.Mehdiyev özü müavin olarkən təmiz işləməyib. Amma “utanmasan oynamağa nə var ki” - gömrük şefi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə islahatlardan danışır...(anaxeber.info)
Mirzə Dadaş