Deputat İqbal Məmmədov bir gündə 3 mənzil alıb
Lerikdəki "Relax” istirahət mərkəzində baş vermiş insidentə görə gündəmə gələn deputat İqbal Məmmədov bir gündə eyni binada üç mənzil alıb.
Yenixeber.org: Evlər Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı çoxmərtəbəli binadadır. Bunlardan biri 20-ci mərtəbədə yerləşən, 157.6 kvadrat metrlik 3 otaqlı, ikincisi 17-ci mərtəbədə yerləşən, 191.4 kvadrat metrlik 4 otaqlı, üçüncüsü isə 18-ci mərtəbədə yerləşən 226.6 kvadrat metrlik 5 otaqlı mənzillər olub.
İ.Məmmədov bu mənzillərə görə 654 min dollar (təxminən 1 milyon 100 min manat) pul ödəyib. Lakin həmin mənzillər başqa adamlara da satılıb və onlar aldıqları evləri təmir edib, uzun müddətdir orada yaşayırlar. Ona görə bir neçə il deputatla həmin mənzillərdə yaşayan sakinlər arasında məhkəmə çəkişməsi gedib. Bu yaxınlarda Ali Məhkəmə məsələyə nöqtə qoyub.
Qərar verilib ki, ödədiyi 654 min dollar deputata geri qaytarılsın. Deputat Nərimanov Rayon Məhkəməsinə müraciət edib ki, həmin evlərdə yaşayanlar oradan çıxarılsın, mənzillər boşaldılıb onun istifadəsinə verilsin. Məhkəmə bu iddianı təmin edib. İ.Məmmədov bundan əvvəl Xətai Rayon Məhkəməsinə müraciət etsə də, bu rayon məhkəməsi ona "yox” demişdi. Ona görə də İ.Məmmədov Xətai Rayon Məhkəməsinin qərarından, mübahisəli evlərdə yaşayan Şakir Məmmədov, Sərdar Əliyev və Ağaəli Məmmədov isə Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi bu işləri birləşdirib, eyni icraatda baxıb. Sonda Xətai Rayon Məhkəməsinin gəldiyi nəticə haqlı sayılıb. Adları çəkilən üç vətəndaşın verdiyi apelyasiya şikayəti də təmin olunub.
Apelyasiya məhkəməsi belə nəticəyə gəlib ki, həmin mənzillər deputata yox, bu vətəndaşlara məxsusdur. Çünki mübahisəli mənzillərin alınmasıyla bağlı onların əllərində olan müqavilələr deputatın müqavilələrindən təxminən bir il öncə bağlanıb. İkincisi, onlar müqaviləni həmin binanı inşa etmiş və mənzilləri satmaq səlahiyyəti olan "Sahil-D Company” ilə bağlayıb, evləri bu şirkətdən alıblar.
Deputat İ.Məmmədov isə müqaviləni "STS” şirkətilə bağlayıb. Müqaviləyə bu şirkətin icraçı direktoru Məzahir Cəfərov imza atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qayını olan M.Cəfərov bir müddət əvvəl intihar edib. İş materiallarında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Orada göstərilib ki, binanın tikildiyi torpaq sahəsi "ISR Holding”in mülkiyyətində olub. O ərazidə tikinti aparmaq, mənzilləri satmaq hüququ isə "Sahil D Company”MMC-də olub. Yəni İ.Məmmədov mənzilləri satmaq hüququ olmayan şirkət və onun təmsilçisilə müqavilə bağlayıb.
Apelyasiya Məhkəməsi qərar verib ki, yuxarıda adları çəkilən vətəndaşlar mənzillərindən çıxarılmamalı, deputata isə "STS” şirkəti 654 min dolları qaytarmalıdır. Deputat bu qərarla razılaşmayaraq Ali Məhkəməyə şikayət verib. Şikayətində göstərib ki, "STS” və "Sahil D Company” şirkətlərinin sahibləri faktiki eyni şəxslərdir, sadəcə, şirkətlərin adları dəyişib. Lakin Ali Məhkəmə onun şikayətini təmin etməyib.(aztoday)