“Sovetski”dəki söküntüdə müdhiş maxinasiya – 1 mərtəbənin pulunu kim yedi?
Evi sökülmüş, əlində evinə dair sənədləri olan "Sovetski” sakini, hazırda İnşaatçılar prospekti, 33 A, mənzil 12 B-də yaşayan Akif Faiq oğlu İsgəndərov ölkə rəhbərliyinə, maliyə naziri Samir Şərifova, Yasamal rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Redaksiyamıza göndərilən müraciətdə Akif İsgəndərov yazır ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ünvanda yerləşən ona məxsus 3 mərtəbəli yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayıb, bina ona məxsus olub. "Həmin ev Bakı şəhərinin Baş Planına uyğun olaraq Dövlət Ehtiyacları üçün satın almaya məruz qaldığından Maliyyə Nazirliyinin nəzarəti ilə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən satın alan orqan qismində müəyyən olunub. Təşkil edilən Komissiya tərəfindən sökülən 3 mərtəbəli binaya görə mənə 235 min manat vəsait ayrılıb. Lakin araşdırdım ki, mənə kompensasiya tam ödənilməyib. Belə ki, yuxarıda qeyd etdiyim məbləğ 2-ci və 3-cü mərtəbə üçün nəzərdə tutulmuş ödəniş olub. Lakın evin birinci mərtəbəsi üçün kompensasiya hesablanmasına baxmayaraq 124,6 kv.m sahə üçün 186 min 900 manat kompensasiya vəsaiti bu günə qədər ödənmir”.
Vətəndaş bildirir ki, dəfələrlə dövlət qurumlarına etdiyi müraciətlər nəticəsiz qalıb: "Mülkiyyət hüquqlarım pozulub. Mənə ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin 5 iyun 2019-cu il tarixli arayışından da görünür ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı evin mənə məxsus hissəsi üzrə birinci mərtəbəsi 124,6 kv.m, ikinci və üçüncü mərtəbəsi üzrə 157,71 kv.m təşkil edib. Cənab Prezident! Göründüyü kimi mən sadəcə qanunların tələb etdiyi kimi hamıya necə, mənə də həmin qaydada ödənilməli olan kompensasiyanı tələb edirəm. Lakın mənə kompensasiyanı tam şəkildə ödəməkdən yayınırlar, məni aldadıb az sahə göstərməklə az vəsait ödəyiblər, sənədlərə doğru olmayan məlumatlar yazıblar. Yaşlı bir insanı bu qədər aldatmaq heç bir hesab-kitaba sığmır. Cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə məxsus olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ev üzrə açıq-aşkar ödənilməyən 124,6 kv.m sahə üzrə ödənilməli kompensasiyanın tam şəkildə mənə ödənilməsinə dair göstəriş verəsiniz. Vətəndaş redaksiyamıza ona MKİS-dən verilən arayışın surətini də yollayıb. Həmin surəti də təqdim edirik”. (azfakt)