Problem daha köklüdür
Son illərdə bizdə kitabın təbliğindən, insanların mütaliəyə təşviqindən çox danışılır. Çox danışılır, əslinə baxanda isə danışan bir ovuc insandı. Onların bu cəhdləri əlbəttə, təqdirə və alqışa layiqdi.
Çünki heç bir cəmiyyət kitabsız, bilgisiz, elmsiz, savadlanmadan həqiqi yüksəlişə keçə bilməz, xoşbəxt, azad, firavan gələcəyə qovuşa bilməz.
Lakin...
Lakin məsələ burasındadır ki, kitaba marağın artırılması, mütaliə mədəniyyətinin gücləndirilməsi ilə bağlı müxtəlif aksiyalar keçirilərkən, bu istiqamətdə təşəbbüslər irəli sürülərkən, cürbəcür təkliflər səsləndirilərkən önəmli bir məqam unudulur.
Unudulur ki, sadəcə bu cür aksiyalarla, təşəbbüslərlə Azərbaycanda kitaba marağı istənilən, arzuolunan səviyyəyə çatdırmaq mümkün deyil!
Şübhəsiz, həmin aksiyalar, təşəbbüslər tam nəticəsiz də qalmır: hər halda, 10 il əvvəllə müqayisədə indi kitab oxucusunun sayında gözgörəti artım var.
Ancaq bu artım belə ümumi (və acınacaqlı!) mənzərəni dəyişmir: bizdə kitab bazarı ən yaxşı halda 5-6 min oxucunun çiyinləri üzərində dayanır. Lap olsun 10 min oxucunun...
10 milyonluq bir ölkə üçün yenə də üzüntü və utanc hissi yaradan rəqəmdir.
Eyni zamanda o deməkdir ki, maarifpərvər, irəligörüşlü insanların fərdi, yaxud qrup halında təşəbbüsləri ölkədə kitaba marağı artırmaq, mütaliə mədəniyyətini yüksəltmək üçün yetərli deyil. Heç administrativ və inzibati yollarla da bu acı mənzərənin dəyişəcəyinə ümid etməyə dəyməz.
Problem daha köklüdür: kitabsızlıq təhsilsizliyin nəticəsidir!
Təhsilin səviyyəsi yüksəlmədən Azərbaycan cəmiyyətində mütaliə mədəniyyətini yüksəltmək, şəxsən mənə, bu sətirlərin müəllifinə müşkül, hətta mümkünsüz görünür.
Nə demək istədiyimi bir az açıqlayım: Azərbaycan təhsil sistemi, müstəqillik illərindən sonra test üsulu ilə qəbulu çıxsaq, sovet təhsil sisteminin ruhundan, ənənələrindən tamamilə qopa, ayrıla bilməyib.
O, bir zamanlar "sovet insanı" yetişdirməyi qarşısına məqsəd qoymuşdu, indi isə "Yeni Azərbaycan insanı" yaratmaqla məşğuldur.
"Sovet insanı" kimi, "Yeni Azərbaycan insanı" da şəxsiyyətə pərtəstişi əxz etməlidir, qeyd-şərtsiz itaət etməyi öyrənməlidir, sistemin müəyyənləşdirdiyi sərhədlər daxilində düşünməli, oradan kənara çıxmağı ağlından belə keçirməməlidir.
Bizim təhsil sistemi, Sovet dövründə olduğu kimi, tənqidçi fərdlər yetişdirməkdən uzaqdır.
Araşdırıcı, sorğulayıcı, şübhəçi fərdlər yetişdirmək bu təhsil sisteminin kriteriyalarına daxil deyil.
Belə təhsil elə təhsilsizlik deməkdir.
Bəs insan kitaba ehtiyacı nə zaman hiss edir? Hər şeyə – həyata, dünyaya, tarixə, təbiətə, insanlara hazır, diqtə olunan qəliblərdən deyil, fərqli pəncərələrdən baxma vərdişlərinə yiyələndikdə!
Bu zaman onda axtarmaq meylləri yaranır, öz həqiqətini tapmaq üçün araşdırmaq, sorğulamaq, tənqid, inkar və etiraz etmək həvəsi, marağı doğur.
Belədə köməyimizə yetişəcək ilk vasitə kitablardır. Ədəbiyyatdır, ya da elmi mətnlərdir, qaynaqlardır.
Yaxşı, bir halda ki, təhsil sistemimiz erkən yaşlardan bizə demək olar hər şeyə – həyata, dünyaya, tarixə, təbiətə, insanlara hazır qəliblərdən baxmağı diqtə edir, bizi araşdırıcı, sorğulayıçı, tənqidçi fərdlər kimi yox, itaətkar, başıaşağı, hər şeryə qane və razı tiplər olaraq yetişdirir, o zaman biz niyə kitaba ehtiyac hiss edək ki?
Missiyasını hərfləri və rəqəmləri öyrətməklə bitmiş hesab edən, bütün mahiyyəti sadəcə "diplom" adlı kağız parçasında gizlənən, çağdaş insanı ucaldan mənəvi vərdişlər, keyfiyyətlər aşılamaqdansa uzaq bir təhsil sisteminin mövcud olduğu ölkədə, qüsura baxmayın, kitaba maraq da, mütaliə mədəniyyəti də elə bu cür – zəif olmalıdır!
Bu gün Azərbaycanda irəligörüşlü, çağdaş fikirli insanlar ortaya çıxırsa, onda təhsil sisteminin heç bir funksionallığı, rolu yoxdur. Həmin insanlar özləri özlərini yaradıblar, özləri özlərini yaxşılığa doğru dəyişiblər, buna da minbir fədakarlıqla, əziyyətlə nail olublar. Təbii ki, zaman-zaman yolgöstərənlər də tapılıb: məsələn, bir zamanlar "Alma" qəzetinin, Azad Fikir Universitetinin, Azad Yazarlar Ocağının xeyli gəncin beynində fırtınalar yaratdığını, onları dar, məhəlli düşüncədən bəşəri dəyərlərə istiqamətləndirdiyini unutmamaq lazımdır.
Üstəlik, "Molla Nəsrəddin", Mirzə Ələkbər Sabir, Axundov, Məhəmməd Əmin Rəsulzadə, digər aydınlarımız missiyalarını öz mətnləri ilə davam etdirirlər, yolumuza işıq tuturlar. Lakin ümumi (və acınacaqlı!) mənzərəni köklü dəyişmək üçün bütün bunlar azdır. Həm də çox azdır.
Öncə təhsilsizliyə son qoyulmalıdır!
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
Elnur Astanbəyli
Mənbə: meydan tv