Polis postlarındakı bu otaqlar sürücülər üçündür - Sükan arxasında yox, burada yatın
Bir neçə gün öncə Masallıda baş verən və səkkiz nəfərin ölümünə səbəb olan qəza rayonlararası taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət məsələsini yenidən gündəmə gətirib.
Yenixeber.org: Məlum qəzadan sonra iddia olunur ki, sürücü yuxulu olub, sürət həddini aşıb. Qəzanın videosu iddiaların doğruluğuna şübhə yaratmır.
Bu halların qarşısını almaq və belə sürücülərlə mübarizə üçün nə edilməlidir?
Bir çoxları rayonlararası hərəkətdə olan taksi sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirirlər. Təbii ki, bu, bütün sürücülərə aid deyil.
Dünən yayılan video da bəzi sürücülərin məsuliyyətsiz hərəkətində yoxlanışların qaçılmaz olduğunu təsdiqləyir.
Videoda “Mercedes Vito” markalı maşının sürücüsünün ayağını pəncərədən çıxararaq, sürətli yolda maşını idarə etməsi əks olunub. Sürücü sükan arxasında siqaret çəkir və digər əli ilə onu çəkən şəxsə əl edir. Bu zaman sürücü sükana nəzarət etmir və həm özü üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Nəqliyyat üzrə ekspert Tural Yusifov bu kimi hallarla mübarizə üçün iki yol təklif edir: ictimai və polis postlarında nəzarət.
“Yol polisi əməkdaşları həmin sürücünün bir radardan digərinə hansı müddətdə çatdığı vaxta baxmaqla, onun hansı sürətlə hərəkət etdiyini müəyyən edə bilər. Bu zaman sürücünün sürət həddini aşdığını aydınlaşdırmaq mümkündür.
Fikrimcə, postlarda rayonlar istiqamətində sərnişin daşıyan və taksi kimi fəaliyyət göstərən avtomobillər yoxlanılmalıdır, sürücülərlə söhbətlər aparılmalıdır.
Əgər sürücü qaydaları kobud sürətdə pozubsa, sərnişinlər postlarda avtomobildən endirilməlidir. Düzdür, bu, sərnişinlərin narazılığına səbəb ola bilər. Ancaq postda endirilmə ölümdən yaxşıdır.
Bundan başqa, ictimai nəzarət məsələsi var. Sərnişin qismində əyləşən şəxs sürücünün yüksək sürətlə avtomobili idarə etməsinə irad bildirməlidir. Əgər sürücü bu iraddan nəticə çıxarmırsa, o zaman sərnişin avtomobili saxlayıb enməlidir. Çünki bu, onun həyatı üçün vacib məsələdir”, - ekspert bildirib.
Avtomobillərin sazlığı da vacib məsələdir. Əgər sürücü uzaq yol gedəcəksə, o zaman avtomobilin texniki sazlığına diqqət yetirməlidir. Bu, təkcə taksi sürücülərinə deyil, bütün hərəkət iştirakçılarına aiddir.
Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib:
“Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır.
Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yay ayları olması ilə əlaqədar soyuducu sistemi olmayan avtomobilin sürücülərinə tövsiyə edirik ki, günün sərin vaxtlarında yola çıxsınlar”.
Bəzi hallarda baş verən qəzalarda sürücünün yuxulu olması məsələsi önə çəkilir. Yəqin ki, bir çoxları yollardakı polis postlarında sürücülər üçün istirahət otaqlarının olmasından xəbərsizdir. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq.