Prezidentdən sosial sahədə yeni inqilabi qərarlar
Sosial müavinətlər artırılır, problemli kreditlər həll edilir, minimum əmək haqqının yenidən artımı ilə bağlı təkliflər hazırlanır; dövlət başçısı: “Təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüsündən faydalanacaq”
Yenixeber.org: Fevralın 25-də prezident İlham Əliyevin yanında sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən prezident bildirib ki, ilin birinci ayının sosial-iqtisadi göstəriciləri yüksək olub. Belə ki, yanvar ayında iqtisadi artım təxminən 3 faiz təşkil edib, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb: “İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Yanvarda gəlirlər artıb
Prezident qeyd edib ki, aparılan iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib: “Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır”.
Yanvarda Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”.
Prezident bildirib ki, bu ilin sonuna qədər şəhid hərbi qulluqçular üçün sığorta haqqının ödənməsi prosesi başa çatacaq: “Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Bu yaxınlarda Əfqanıstan veteranlarının müavinəti də artdı - 220 manatdan 300 manata qalxmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik”.
İ.Əliyev qeyd edib ki, minimum əmək haqqı məbləğinin artırılması davamlı olacaq: “Bu il biz minimum əmək haqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əmək haqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əmək haqları və pensiyalar ardıcıl olaraq artırılacaq”.
Problemli kreditlər məsələsinin həlli mexanizmi işlənir
Ölkə prezidenti əhalini narahat ciddi bir problemin həlli istiqamətində işlər aparıldığını deyib: “Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".
Böyük sosial paket hazırlanır
Prezidentin sözlərinə görə, artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır: “Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.
Yəni bütün bunlar - bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır".
Bu, çox ciddi sosial əhəmiyyəti olan addımdır
Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prezidentin çıxışında qeyd etdiyi sosial-iqtisadi islahatların həyata keçiriləcəyinin ötən il ölkədə keçirilən prezident seçkilərindən sonra gözləndiyini bildirir: “Mən elə o vaxtlar da demişdim ki, cənab prezident ciddi islahatlar həyata keçirəcək. Biz artıq bunu real həyatda görürük. Şəhid hərbi qulluqçular üçün sığorta haqqının ödənməsinə dair ilk fərmanı oldu. Böyük bir məbləği əhatə edir. Daha sonra minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə qaldırıldı. Eyni zamanda minimum pensiya məbləği 160 manata çatdırıldı. Bundan əlavə, evinə ”kupça" ala bilməyən minlərlə insanın problemini həll edəcək bir fərman imzalandı. Bu gün də geniş iclas keçirilib, cənab prezident orada da sosial islahatlarla bağlı danışdı, bu məsələlərə toxundu. Bildirdi ki, bu islahatlar, addımlar davam edəcək".
Prezidentin problemli kreditlərlə bağlı dediklərinə toxunan millət vəkili qeyd edir ki, bu məsələ uzun müddətdir ölkə əhalisini narahat edir: “Mən və həmkarım Əli Məsimli həm problemli kreditlərlə bağlı, həm də bank sektorunda sağlamlaşdırma yolları ilə bağlı təkliflər də hazırlayıb vermişik hökumətə. Bu, çox mühüm məsələdir, əhali üçün də, bank sektoru üçün də önəmi böyükdür. Bildiyiniz kimi, məhkəmələrdə kifayət qədər işlər var, insanların əmlakı, evləri əllərindən alınır. Buna görə də cənab prezidentin verdiyi göstərişə uyğun olaraq məsələ ilə bağlı lazım olan addımlar atılacaq. Bu ciddi problemin həllində göstərdiyi mövqeyə görə cənab prezidentə təşəkkürlərimi bildirirəm”.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov problemli kreditlər məsələsinin ölkənin ən mühüm sosial problemlərindən biri olduğu qənaətindədir: “Bizim mərkəzin apardığı rəy sorğusu da göstərmişdi ki, problemli kreditlər məsələsi əhalini ən ciddi narahat edən məsələlərdən biridir. Bu gün Azərbaycan prezidenti də öz çıxışında bu məsələyə geniş şəkildə toxundu. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edilib. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik”.
V.Bayramovun fikrincə, sosial sahədə həyata keçirilən tədbirlər müstəqil vətəndaş cəmiyyəti institutları tərəfindən monitorinq olunmalıdır: “Çünki bəzi hallarda sosial proqramların icrası ilə bağlı fərqli fikirlər meydana çıxır. Məsələn, hazırda özünüməşğulluq proqramı ilə bağlı belə fikirlər var. Buna görə də belə proqramların vətəndaş cəmiyyəti institutları tərəfindən monitorinq olunmasına şərait yaradılmalıdır”.
İqtisadçı-ekspert hesab edir ki, növbəti mərhələdə Azərbaycanda orta pensiya məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının 60 faizinə çatdırılması istiqamətində işlər aparılmalıdır: “Bu, beynəlxalq standartlara uyğun bir addım olar. Etiraf etmək lazımdır ki, son vaxtlar bir sıra ciddi sosial xarakterli addımlar atılıb. Bu addımları təqdir etməklə yanaşı, problemli kreditlər məsələsinin həllinə dair təşəbbüsü xüsusi qeyd etməyə ehtiyac duyuruq”.(müsavat)
Dünya SAKİT