Bakıya gələn hər biri yerli və xarici turistin ziyarət etdiyi məkanlardan biri paytaxtın ən qədim hissəsi olan İçərişəhərdir. 22 hektar ərazini əhatə edən, 1 300-dən çox ailənin yaşadığı nadir arxitektura üslubuna malik İçərişəhərdə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə yanaşı, onlarla tarixi-memarlıq abidəsi, qədim məscid, karvansaray, hamam və fərdi yaşayış evləri yerləşir. Qoruğun ərazisində həmçinin səfirliklər, muzeylər, otellər, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir
Yenixeber.org: Turistlərin dadından doymadığı nar şirəsi
İçərişəhərdə təbii meyvə şirəsinin satıldığı bir neçə kiçik köşkə rast gəlmək mümkündür. Bu köşklərdə meyvələr yerindəcə sıxılaraq müştərilərə təqdim olunur. Satıcı Allahverdi Babayevin sözlərinə görə, ən çox alınan nar şirəsidir: “Qiymətlər, adətən, 4-5 manat civarında dəyişir. Hazırda nar mövsümü deyil. Buna görə, turistlərin dadından doymadığı nar şirəsini 5 manata satırıq”.
Diqqəti cəlb edən suvenirlər, geyimlər
İçərişəhərdə turistlərin ən çox alış-veriş etdiyi yerlərdən biri suvenir dükanlarıdır. Bu dükanlarda maqnitdən tutmuş, milli aksesuarlara kimi hər şey tapmaq mümkündür. Bununla yanaşı, turistlərə müxtəlif növ geyimlər də təklif olunur. Satıcı Orxan Nəcəfzadə deyir ki, hər xalqın nümayəndəsinin öz seçimi var: Ruslar daha çox maqnitlər, təbii ipəklər və boşqablar alırlar. Ərəblər ölkələrinin isti olmasına baxmayaraq, dəvə yunundan olan şallara üstünlük verirlər. İranlılar rus suveniri olmasına baxmayaraq, “Matryoşka” əldə edirlər. Avropa ölkələrindən olan turistlər isə orijinal mallara, məsələn, şallara, qoyun dərisindən hazırlanmış papaqlar alırlar. İngilislər isə dəvə yunundan olan xalçaları sevirlər. Armudu stakanlar da ən çox alınan mallar sırasındadır. Azərbaycan vətəndaşları isə daha çox dini məhsullar alırlar. Onları cəlb edən çoban papaqları ilə daha çox şəkil çəkdirirlər. Turistlər üçün mallarla şəkil çəkdirmək pulsuzdur. Almaq istəyənlər üçün isə qiymət 30-70 manat arasında dəyişir”.
İçərişəhərdə, Qız Qalasının yaxınlığında mis qablara, o cümlədən samovarlara da rast gəlmək mümkündür. Uzun müddət məişət əşyası kimi istifadə olunmuş bu qablar müəyyən müddətdən sonra antik əşyaya çevrilir və suvenir kimi satışa çıxarılır. Onlara daha çox yaşlı insanlar maraq göstərirlər.
İçərişəhərliləri turistlərdən narazı salan məqamlar
İçərişəhərdə turislərin çoxluğu yerli əhali üçün gəlir mənbəyi olsa da, içərişəhərliləri onlardan narazı salan məqamlar da var. Məsələn, sakinlər təmizlik məsələsində ərəb turistlərindən narazıdır və onların qoruğun ərazisini çirkləndirdiyini deyirlər. İrandan gələn turislərin isə, adətən, aldıqları malların qiymətini aşağı salmağa çalışdıqları deyilir.
“Bakı sevgi şəhəridir”
İçərişəhərin dolambac küçələrində qarşımıza çıxan turistləri da danışdırdıq, Bakı haqqında fikirlərini öyrəndik. Rusiyadan gəlmiş Qalina Bakını “Sevgi şəhəri” adlandırır: “İlk dəfədir Bakıya gəlirəm. Bakı sevgi şəhəridir. Buranı sevməmək mümkün deyil”.
Fransadan olan turist Fabris də Azərbaycan paytaxtından razıdır: “Çox gözəl şəhərdir. Milli mətbəxin dadına baxa-baxa Bakını gəzirik”.
Latın Amerikasından olan turist isə Bakının gözəlliyi ilə onu heyran etdiyini bildirir.