Aparıcıların dil qüsurları açıqlandı
Bu gün Milli Televiziya və Radio Şurası və BDU Azərbaycan dilçiliyi kafedrasinin mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2017-ci ilin iyun-iyul aylarında aparılmış monitorinqlərin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.
Yenixeber.org xəbər verir ki, şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, monitorinqlər 6 Televiziya kanalında aparılıb:
"Çox təəssüflər olsun ki, hazırda ədəbi dil normaları məişət dilinə uduzmağa başlayıb. Xüsusilə də, aparıcılarımızın dilində. Bunu doğru hesab etmirəm. Aparıcılarımız xarici sözlər işlətməklə nitqə yenilik gətirməyə, tamaşaçının diqqətini qazanmağa çalışırlar. Bu sahədə ziyalılarımızın da biganəliyindən narazıyam. Onlar belə efirə çıxanda öz fikirlərini dilimizdə rahat ifadə edə bilmirlər. Bu monitorinqlər tele-aparıcılara qarşı deyil. Sadəcə dil normalarının dəyərsizləşməsinə qarşı bir mübarizə aparmalıyıq".
Daha sonra çıxış edən Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Mehriban Əlizadə hazırda telekanalların hər birində müəyyən qüsurların olduğunu vurğulayıb: "Monitorinq müəyyən istiqamətlər üzrə aparılıb. Müşahidələr göstərir ki, ən çox orfoepiya qaydaları pozulur. Bunun subyektiv səbəblərindən biri aparıcının hansısa regiondan olmasıdır. İstər fonetik, istəksə də leksik dildə olan varvarizmlər, standart, şablon qəliblərə meyl tamaşaçını qıcıqlandırır.
Aparılan monitorinqlərin nəticələrinə əsasən 850 fakt qeydə alınıb. Xəbər informasiya proqramlarında daha az norma pozuntuları olur.
Bəzi aparıcıların nitqi çox sürətlidir. Bəzilərinin nitqi isə həddindən artıq emosionaldır. Bu zaman da intonasiya qaydalarında pozuntular olur. Bəzi region xüsusiyyətlərinə görə, "c", "ç" , "l" səslərinin deyilişində müəyyən pozuntular var. Ədəbi dilimizə xələl gətirən bir məsələ də vurğudur. Əfsuslar olsun ki, aparıcıların nitqində həm heca, həm məntiqi, həm də söz vurğusunda pozuntular var. Bir neçə nümunəyə nəzər salaq:
Vüsalə Əyyubqızının nitqində naməlum, kimyəvi sozlərində vurğu yanlışlıqları müşahidə etdik.
Xoşqədəm Hidayətqızının nitqində "İstanbul", "təbii” sözlərində, Zaur Kamalın nitqində “hansısa” sözündə vurğu pozuntuları var.
Çöl adamı verlişində Kamal Dənizin nitqində xeyli sayda şivə xüsusiyyətləri var. Məsələn, “ki” sözünün “kin”, “qalxıb” sözünün “qalxıf”, “enib” sözünün “yenif” kimi tələffüzü ədəbi norma pozuntusudur.
Səma Camalın dilində jarqonlardan istifadə olunur. Məsələn, “başladıq” sözünün yerinə “getdik onda” sözünün işlədilməsi.
Monitorinqlərə əsasən fonetik qaydaların ən çox pozulduğu kanal İTV olub.
Ədəbi dil normaları 17% xəbər informasiya proqramlarında, 83% isə qeyri-xəbər proqramlarında pozulub.