Gəncə əhalisi “Azərsu”dan ümidini üzüb, Tanrıdan su istəyir
“Qorxmaz Hüseynovun kadrları Gəncədə reketlik edir”
Xeberinfo.com: Redaksiyamıza Gəncə şəhəri Əziz Əliyev, Zülfüqar Məmmədov və Nəriman Nərimanov küçəsininbir qrup sakininin müraciəti daxil olub. Qədim Gəncənin sakinləri müraciətlərində illərdir yaşadıqları su problemindən bəhs edirlər. Ümidlərini “Azərsu”dan üzən gəncəlilər Tanrıdan su istəyirlər:
“"Azərsu" Gəncə Sukanal Törəmə SC-nin direktoru Bəhlul Ramazanov və onun dəstəsi Gəncə şəhərində əməlli başlı reketliklə məşğul olur. Bəhlul Ramazanovun dəstəsi dəfələrlə Gəncə şəhərinin Nəriman Nərimanov, Əziz Əliyev və Zülfüqar Məmmədov küçələrini su ilə təmin edən artezian motorunu bu küçələrdə yaşayan 1500-ə yaxın ailədən yığılan vəsait hesabına təmir etdirir. Demək olar ki, Bəhlul Ramazanovun dəstəsi ərazidə su borusu partlayanda, idarənin su nasoslarında nasazlıq yarananda sahə rəisi Mehdini və digər işçilərini əhalinin canına salır , başlayırlar əhalinin qapılarını döyüb ev-ev pul yığmağa. 2000-ə yaxın ailənin yaşadığı ərazidən qeyri qanuni yığılan rüşvət hesabına nəinki boru,nasos təmir etmək olar,hətta bir neçə təzə nasos almaq olar.Amma çox təəssüflər olsun ki,belə təmirlərə yığılan qeyri qanuni pulların sonu qurtarmır. Əhali də hər ay həm su pulu ödəyir,həm də Bəhlul Ramazanovun reket dəstəsinə xərclik pulu verir.Ərazimizdəki nasosxananı işlədən Aygün və Vahid adlı işçi bizə bildirdi ki,burada əraziyə xidmət edən mühərrikin gücü əvvəllər 55 kVt gücündə olub.Onda deyilən ərazidə su problemi olmurdu.Sonralar su idarəsi həmin mühərriki çıxarıb yerinə 45 kVt gücündə mühərrik qoydu.İndi isə həmin mühərriki də çıxarıb yerinə 30 kVt gücündə mühərrik qoyublar.Hələ üstəlik, Gəncə Avropa Gənclər Paytaxtı adlı parkı da bu su xəttinə qoşublar, oradakı su çiləmə qurğuları və fontanlar da bura qoşulub.Əraziyə su iki gündən bir ,iki saat verilir.Verilən su isə coxmərtəbəli yaşayış binalarının yalnız birinci mərtəbəsinə çox zəif axınla gəlir. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir. Bu ambarın içərisində isə siçovul leşindən pişik leşinə kimi nə istəsən tapmaq olar,antisanitariya hökm sürür.
Hər gün əhali su qıtlığı çəkərək yuxarılara müraciət edir.Amma kimsə baxmır.Yay aylarında vəziyyət daha dəhşətli olur.Susuz qalan əhali nasosxananı işlədənə bir ayrı, dövlətə su pulu rüsumuna bir ayrı, Bəhlul Ramazanovun reket dəstəsinə bir ayrı xərc çəkir.Halbuki, elə ailələr var ki, evinə dolanışıq pulu gətirə bilmir. Bəli,biz vətənpərvər xalqıq.Biz öz camaatımızı və onun maddi rifahını qaldıran xalqıq.Bir haldaki söhbət Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən gedir.İmam Hüseyn şəhəri adlanan Gəncədə imam yolunda su tapılmır.Əhali susuz qırılır.Çünki, su idarəsinin kabinetlərində boynu yoğun,qarnı şişman, məsuliyyətsiz məmurlar oturmuşdur.Onların arxası bərkdir.Kimsə yuxarıdan onları himayə edir,bacardıqca "xalqın qanını sor "- deyir.
Məzlumlar tarix boyu zalımın zülmünü çəkər.Biz- Gəncə əhalisi belə qan içən zalımların zülmünə məhkum qalmışıq.Hərə gücü çatdığı qədər məzlum xalqın başından basır...Nə edəsən ki, Mehdi kimi Kəlbəcər boyda yurdunu qoyub qaçan biri millətinin su ehtiyacına əhəmiyyər vermir?
Gözləyək, bu il qış sərt gələcək. Evlərimizdə isti çörəyimiz olduğu qədər,əlimizi yumağa suyumuzda olacaq. Bəlkə də ...Evlərin damında güclü qar topası əriyər,hər kəs öz vedrəsini növbə ilə doldurub mənzilinə su dartar.Ona görə də ümid Allaha qalıb.Ya Allah..!!!
Allah sənə rəhmət eyləsin Seyid Əzim Şirvani ..... Yerdəkilərə rüşvət verdik, su istəyimiz alınmadı,indi Allaha rüşvət göndərəcəyik ki,bizə bol yağış versin.Suya ehtiyacımız qalmasın ki,«Gəncə Sukanal» Törəmə SC-nin direktoru Bəhlul Ramazanovun quldur dəstəsinə möhtac olmayaq”.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.