Qorxmaz Hüseynovun başı dərddə:sorğu-sual oluna bilər
“Azərsu” ASC-nin sədrindən bugünədək gerçəkləşdirdiyi maliyyə əməliyyatlarının hesabı sorulacaq
Yenixeber.org: “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) müəmmalı “gül əməliyyatı” ilə bağlı ötən həftə yazmışdıq. Yazıda “Azərsu” ASC-nin gülə “gül kimi” pul xərcləməsinin anonsunu vermiş və bu prosesin problem yaradacaq tərəfinə toxunmuşduq: həmən güllərin alınmasına sərf edilən vəsait haqqında yuxarılara verilən məlumatla güllərin alındığı gül mağazasına ödənilən vəsait arasında yumşaq desək ciddi uyğunsuzluq var. Bu məlumatla bağlı son dəqiqləşdirmələrimizlə qarşıdakı günlərdə geniş yazacağıq.
Hələlik isə “Azərsu” ASC və hörmətli Qorxmaz Hüseynov haqqında yenixeber.org-a daxil olan son məlumatlarla bağlı... Hökumətə yaxın mənbədən əldə etdiyimiz məlumata görə, yaxın zamanlarda startı veriləcək struktur islahatlar çərçivəsində vəzifəsini ilk itirənlərdən biri və bəlkə də birincisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov olacaq. Məlum iqtisadi islahatlar üzrə hazırlanan struktur islahatlar planına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Azərsu” ASC-nin birləşdirilməsi və onların bazasında Su Təsərrüfatı Agentliyinin yaradılması gözlənilir. Bu Agentliyin isə nazirliklərdən birinin yanında və yaxud da Nazirlər Kabineti yanında olması təklif olunur. Böyük ehtimalla Meliorasiya və Su Təsərrüfatı ASC və “Azərsu” ASC-nin birləşdirilməsi nəticəsində yaradılacaq Su Təsərrüfatı Agentliyi Nazirlər Kabineti yanında təsis ediləcək. Beləliklə də yeni qurumun yaranması ilə “Azərsu” ASC-nin rəhbərliyinin də işsizlər ordusunun sırasına qoşulacağı şübhəsizdir.
Hələ bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin Nizamnaməsinə dəyişiklik edilən zaman iqtidarın Qorxmaz Hüseynova etimadsızlığı üzə çıxmışdır. Xatırladaq ki, həmin dəyişikliklərdən sonra cənab Hüseynov əksər səlahiyyətlərini itirmişdir. İndi isə onun nəinki vəzifəsini itirəcəyi, hətta bugünədək gerçəkləşdirdiyi maliyyə əməliyyatlarından yana sorğu-sual ediləcəyi də qaçılmazdır.
Məlum struktur islahatlardan sonra “Azərsu” ASC-nin 2011-2016-cı illər ərzində həyata keçirdiyi tenderlərlə bağlı ciddi araşdırmaların aparılacağı gözlənilir. Bunun səbəbi kimi isə Cəmiyyətin dövlət büdcəsindən və dövlət zəmanəti ilə beynəlxalq maliyyə qurumlarından aldığı kreditlərin bir hissəsinin mənimsənilməsi ilə bağlı yuxarıların narahatçılığıdır. Bu narahatçılıqları stimullaşdıran fakt isə Qorxmaz Hüseynovun doğmalarına məxsus şirkətlərlə “Azərsu” ASC-i arasında müəmmalı maliyyə əməliyyatları ilə bağlı mediada tirajlanan məlumatlar olub... Həmən yazılarda isə konkret faktlara istinadən, kifayət qədər ciddi ittihamlar yer alır. (Google üzərindən bir axtarış kifayətdir ki, saysız belə yazılar üzə çıxsın.)
Biz də yenixeber.org olaraq “Azərsu” ASC-nin 2011-2016-cı illər ərzində həyata keçirdiyi maliyyə əməliyyatları ilə bağlı əldə etdiyimiz məlumatları araşdırmaqdayıq...
Qarşı tərəfi də dinləməyə hazırıq.
Etibar