Bir dəfə qalxan qiymət...
Xeberinfo.com: Gözünə döndüyüm Tarif Şurası içməli və çirkab sularının qiymətini qaldıran vaxtı bir çox bilmiş dostum məndən soruşdu ki, bunun marketlərdə satılan sulara təsiri olmayacaq ? Əminliklə dedim ki,qətiyyən! Mənə acı-acı güldü və dedi:-Mən ölü,sən diri. Baxarıq.Yanımızda sakitcə bizim mübahisəmizi izləyən başqa bir dostumuz özünü saxlaya bilməyib ciddi halda üstümə bozardı: -Kişini aldatma, olacaq, özü də türk qardaşlarımız demiş, bal kimi. Maraq üçün soruşdum:- O necə olur ə? Dedi ki, çox sadə. Ölkədə satılan- qazlı,qazsız, meneral müalicəvi,kəhriz suların hamsı Azərsuyun balansında olan borulardan axan sularla qablaşdırılır. Məhz elə buna görə də o suların da qiymətlərinin qaldırılacağı realdır. Dostumun fikirini əsasız saydım və ona inanmadım. Amma gərək inanaydım.
Bu günlərdə bir yaxınımla İçərişəhər metro stansiyasının yanından keçirdim. Acmışdım,yaxınıma yüngülvari bir şey yeməyi təklif etdim. Razılaşmadı, sərin su olsa içərəm dedi. Yaxınlıqdakı dönərxana köşkünə yaxınlaşdım. İki ədəd 20 qəpiklik (qabaqkı qiyməti deyirəm) qazlı su aldım. Satıcı oğlan bir manat aldı və qalıq qaytarmadı. Dedi qiymət budur.Həmin suyu iki gün əvvəl 20 Yanvar metro stansiyasının çıxacağındakı qəzet köşkündən 40 qəpiyə aldığımı xatırladım. Və düşündüm ki, yəqin 10 qəpiklik fərq bu məkanın hökümətə yaxın olmağından irəli gəlir.
Mən dünən 20 qəpiyə olan suyu, bu gün 40-50 qəpiyə satanları heç cür qınaya bilmədim. Çünki bizdə nə qayda-qanun var, nə də ondan qorxub çəkinən. Bir də bizdə insaf, mürvət də yoxdur axı. İnsaf, mürvət olmayan yerdə də insanlıqdan danışmaq gülüncdür.
Bu günlərdə qəzetlərin birində oxudum ki, orucluğa görə bazar və mağazalarda ərzaq mallarının qiymətləri süni şəkildə qaldırılıb. Bundan xəbər tutan İqtisadiyyat Nazirliyinin sözçüsü əl atıb yaxasını cırdı ki,belə özbaşnalıq ola bilməz.Bizim Anti İnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (adına quzu kəsim )istehlak bazarına nəzarət edir. Bəs onda TV-lərin bazarlardan, mağazalardan çəkib nümayiş etdirdikləri kadırlar nədir?! Bəlkə, TV-lər böhtançıdırlar, yalançıdırlar, sahibkarlara şər atırlar, tamaşaçılara saxta kadırlar sırıyırlar?
Dəyərli oxucular, sizləri bilmirəm,mən eşitdiyimə yox, gördüyümə, gözümə girənə inanıram. Qiymət artımı şayə yox,həqiqətdir. Və hər kəsədə sirr deyil ki, bizdə bayramlarda hər zaman qiymətlər qalxır,bir də enmir.
Məhərrəm Şəmkirli