Gözdən Əlillər Cəmiyyətində sədrə qarşı üsyan
Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Kifayət Mürsəliyeva və bir qrup üzvü mətbuat konfransı keçirərək təşkilatın sədri Səmyar Abdullayevin özbaşınalıqları barədə danışıblar.
Xeberinfo.com: K.Mürsəliyeva əvvəlcə cəmiyyətin tarixi və keçdiyi yol barədə danışıb. O, bildirib ki, məhz Səmyar Abdullayevin sədrliyi dövründə təşkilat bərbad vəziyyətə qalıb:
“Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Dövlət orqanlarının köməyi və qayğısı nəticəsində 1951-ci ildən isə öz nizamnaməsi əsasında maddi-texniki bazasını yaradıb. Sonda Bakı şəhəri üzrə 5 kombinatı, 2 mədəniyyət evi, 1 səsyazma studiyası, (burada gözdən əlillər üçün kitablar yazılırdı) musiqi birliyi, mətbəə və eyni zamanda 11 rayon üzrə şöbələr fəaliyyət göstərirdi. Lakin SSRİ dağıldıqdan sonra bazarda cəmiyyətin istehsal etdiyi mallara tələbat olmadığından istehsalat dayandırıldı. Beləliklə, təşkilat iflic vəziyyətə düşdü. O zamankı rəhbərlik cəmiyyət üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdı. Mən də mədəniyyət işçisi kimi fəaliyyət göstərirdim. İşlər yoluna düşənədək şəhərin mərkəz küçələrində yerləşən iş sahələrini icarəyə verməklə vəziyyəti nisbətən düzəltmək təklifini irəli sürdüm. İşlər bu qayda üzrə gedirdi, lakin 2002-ci ildə rəhbərlik dəyişdi və bununla cəmiyyətin qara günləri başladı. Yadımdadır, cənab Prezident 2007-ci il fevral müşavirəsində belə bir fikir söyləmişdi ki, bəzi işbazlar imtina məktubu adı altında yerləri satırlar. Cəmiyyətin sədri Səmyar Abdullayev məhz belə işbazlardan biridir. Onun ilk satdığı yer 15 nəfər gözdən əlilin maaş aldığı Şıxəli Qurbanov 25 ünvanında yerləşən icarəyə verilmiş mədəniyyət evi oldu. Nizamnaməyə əsasən, cəmiyyətin balansında olan yerlər nə satıla, nə də bağışlana bilər. Belə yerlərdən biri olan, C.Hacıbəyli 40 ünvanında yerləşən mətbəənin yerində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə gözdən əlillər üçün yaşayış binası tikilməli idi. Əvəzində həmin ünvanda iki 18 mərtəbəli bina ucaldıldı. Amma bizə heç bir mənzil verilmədi”.
Kifayət Mürsəliyevə bildirib ki, Səmyar Abdullayevin özbaşınalıqları barədə 2010-cu ildən 2012-ci ilin may ayına qədər müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə hasil omayıb:
“Bütün orqanlarda Səmyar Abdullayev əvvəlcə pislənilsə də, sonradan bu işlərdən təmiz çıxa bilirdi. Halbuki, bu işlərin hamısı bizim gözümüz önündə baş vermişdi. Bu işlə bağlı Səfər Alışarlının yanında olduq. Söhbət əsnasında bizə bildirdi ki, C.Hacıbəyli 40 ünvanında tikilən binalardan bizə 45 mənzil verilib. Həmin məlumatı Nərimanov rayon prokuroru Fikrət Mahmudov da təsdiqlədi. Lakin heç bir araşdırma aparılmadı. Ədliyyə Nazirliyinə müraciət olundu və nümayəndə kimi bizi qəbul edən Eldəniz Quliyev araşdırma apardı və sonda bildirdi ki, binanın altındakı 1750 kvadratmetrlik sahə sizindir. Bu yaxınlarda həmin ünvanda oldum. O iki bina elə tikilib ki, hərəsinin 4 mərtəbəsi iş, 14 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Eyni zamanda hər binanın iş üçün nəzərdə tutulmuş 4 mərtəbəsi “Erko” mebel salonu kimi fəaliyyət göstərir. Maraqlıdır, əgər binanın altı bizimdirsə, icarədən gələn vəsait niyə cəmiyyətin hesabına daxil olmur? Verilən 45 mənzil niyə heç bir gözdən əlilə verilməyib? Belə faktlar çoxdur. Harda görünüb ki, cəmiyyətə məxsus torpaqda sədr ev tikib satışa qoysun və ya icarəyə versin?”
(modern.az)