Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Vətən Müharibəsi Qəhrəmanı:“27 nəfərlə Daşaltıya girdim”/ MÜSAHİBƏ

Ramazan Hudulov

 

Yenixeber.org: Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulovun saytımıza müsahibəsini təqdim edirik:

Müsahibimin Şuşaya ilk ayaq basan zabitlərdən biri olduğunu bilirdim, sadəcə mənə maraqlı olan o idi ki, Şuşa boyda sevgi, Şuşa boyda sevinc insanın gözündə necə təcəssüm olunur? Çox keçmədi, sualıma cavabı kapitan Hudulovun əlini sıxar-sıxmaz tapdım... Əslində, cənab kapitanla söhbəti haradan və necə başlayacağımı bilmirdim. 30 illik həsrətimizə son qoyan Azərbaycan Ordusunun zabitinə verəcək o qədər sual var idi ki...

 

– 2 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü oldu. Siz də o tədbirdə idiniz. Müsahibəmizə elə bundan başlayaq.

 

– Bəli, Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə “Gülüstan” sarayında cənab Prezidentlə görüş keçirildi və mən də zabit yoldaşlarımla orada idim. Cənab Prezident Azərbaycan Ordusuna daim diqqət və qayğı göstərib, müharibədən sonrakı dönəmdə də biz bunun şahidi olduq. Dəfələrlə keçirilən tədbirlər, Azərbaycan Ordusuna xidmətinə görə şəxsi heyətin qiymətləndirilməsi və sair dediklərimizin bariz nümunəsidir. Mən əslində, cənab Prezidentlə bir neçə dəfə görüşdə olmuşam. Bu görüşlərin hər birinin özünəməxsus özəlliyi olub. Eynilə bu görüş də mənim üçün qürurverici idi. Azərbaycan Ordusunu təmsil etmək, qalib Ordunun qalib zabiti kimi orada oturmaq çox gözəl hissdir.

 

– Dediyiniz kimi, Sizin cənab Prezidentlə bir neçə dəfə görüşmək fürsətiniz olub. Bunlardan biri də Hərbi Qənimətlər Parkının açılışı idi və sizin orada çıxışınız da olmuşdu.

 

– Təbii ki, cənab Ali Baş Komandanın qarşısında çıxış etmək birinci növbədə mənə göstərilən etimaddır. Bu səbəbdən, həmin çıxış mənim üçün çox böyük məsuliyyət demək idi. O çıxış zamanı keçirdiyim həyəcanı hətta sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki mən orada bayaq da dediyim kimi, qalib Ordunun zabiti kimi çıxış edirdim.

 

– Cənab kapitan, bildiyimiz kimi, Azərbaycanda bir sıra milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri yaşayır. Siz də milliyətcə avarsınız. Bunu ona görə qabardıram ki, müharibənin gedişində Ermənistan tərəfinin məhz etnik qrupların nümayəndələrinə dəfələrlə çağırışı olmuşdu.

 

- Bəli, bu haqda cənab Prezident də Gənclər Günü ilə bağlı olan görüşümüzdə danışdı. Ermənistan monoetnik dövlətdir, orada ancaq ermənilər yaşayır. Amma Azərbaycan tolerant və multikultural ölkədir. Burada ruslar, yəhudilər, talışlar, ləzgilər, avarlar, udinlər və digərləri, yəni hər kəs mehriban bir ailə kimi yaşayır. Bizim bir Vətənimiz var – Azərbaycan! Biz burada doğulmuşuq, burada böyümüşük, buranın havası, suyu, çörəyi ilə qidalanmışıq. Yəni Azərbaycanı, Vətənimizi qorumaq bizim üçün şərəfdir.

 

Ermənistan tərəfinin çağırışı isə, bir növ, son çarə kimi idi. Bunlar hamısı düşmənin son çırpıntıları idi. Çünki artıq müharibənin gedişindən bəlli idi ki, Azərbaycan Ordusu və xalq yumruq kimi birləşib, qələbəyə doğru irəliləyir.

 

– Müharibədən bir ildən artıq vaxt keçib. İki-üç il əvvələ baxsaq, o zaman torpaqlarımızın 20 faizinin işğal olunması yanğısı ilə yaşayırdıq, amma bu gün hər şey fərqlidir. Ümumiyyətlə, şəxsi heyətin bugünkü durumu necədir?

 

– Onu doğru vurğuladınız ki, bir neçə il bundan əvvəl vəziyyət tamamilə başqa idi. Xidmət etdiyim kollektivdə, başqa tapşırıqlarla yanaşı, mənim vəzifə borclarımın icrası gündəlik olaraq əsgərlərlə təmasdan da keçir. Dediyimiz o əhval-ruhiyyə fərqini hiss eləməmək mümkün deyil. Bu gün Azərbaycan əsgəri, zabiti, giziri vəzifə borcunu layiqincə yerinə yetirən hərbi qulluqçudur. Eyni zamanda, bizim xidmət etdiyimiz torpaqlar bir vaxtlar işğaldan azad etmək istədiyimiz, arzuladığımız torpaqlardır. Bu gün burada xidmət etmək, həqiqətən çox qürurvericidir.

 

– Siz Ordunun içində olduğunuz üçün prosesi daha yaxından izləmiş və iştirakçısı olmusunuz. Amma biz yalnız müharibə başlayanda xəbər tutduq ki, artıq vaxtdır. Ümumiyyətlə, müharibənin başlanması xəbəri necə oldu?

 

– İlk olaraq mən istəyirəm ki, hərbi xidmətə olan sevgimdən və ümumiyyətlə, hərbçi peşəsinə gəlişimdən danışım. Orta məktəbdə oxuyanda müəllimlərimizin dediyi, xalqımızın başına gətirilən 20 Yanvar, Xocalı soyqırımı kimi faciələr, torpaqlarımızın işğalı artıq məndə düşmənə qarşı nifrət və mübarizə hissi yaratmışdı. Məhz elə o vaxtdan içimdə hərb sənətinə qarşı sevgi hissi yaranmışdı və böyüdükcə bu sevgi həm də bu faciələrin qisasını almaq hissinə çevrilirdi. Və mən yekunda qərarımı verdim: Ali Hərbi Məktəbə qəbul oldum. Oranı bitirdikdən sonra N saylı hərbi hissədə zabit kimi xidmətə başladım. Mən hərbi xidmətdə olduğum müddətdə elə bir gün yox idi ki, qisasdan, torpaqlarımızı azad etməkdən danışmayaq. Bizim hər birimizin amalı, düşüncəsi bir idi.

 

Müharibə başlayanda şəxsi heyətin reaksiyasını, sevinc hissini izah eləmək olmur. Bu, illərlə gözlədiyimiz bir əmr idi. Cənab Prezident bütün siyasi məsələləri həll etdikdən sonra artıq meydanı bizə – əsgər, gizir, zabit heyətinə buraxmışdı. Biz də qürur və qisas hissi ilə meydana atıldıq. Allaha şükürlər olsun ki, həm Ali Baş Komandanın, həm də xalqımızın başını uca etdik.

 

– Cənab kapitan, müharibə başlayana qədər sanki dünyada güclü Ermənistan ordusu anlayışı hakim idi. Amma müharibə dönəmində bu stereotiplər qırıldı.

– Haqlısınız. Torpaqlarımız işğal olunanda yetəri qədər qüvvə və təchizatımız yox idi. Bu səbəbdən torpaqlarımız işğal olunmuşdu və Ermənistanda, bir növ, öz ordularının mifik gücü barədə fikir yaranmışdı. Amma Ordumuz 44 günlük Vətən müharibəsində sözügedən mifi və şişirdilmiş anlayışları darmadağın etdi. Bizi həm də öz gücümüzə inandıran içimizdəki Vətən sevgisi və bayaq da qeyd elədiyim qisas hissi idi. Yəni bunu dərk etmək bizə əlavə stimul verir, onlardan qat-qat üstün olduğumuzu bizə diktə edirdi.

 

– Müharibə dönəmində bizim gücümüzə güc qatan başqa bir amil isə məhz yüksək rütbəli zabitlərin də öz əsgərləri ilə səngərdə olması, müharibənin ən qaynar nöqtələrində vuruşmaları idi.

 

– Bəli, Azərbaycan zabiti də, əsgəri də eyni amal, eyni məqsəd uğrunda xidməti vəzifəsini layiqincə yerinə yetirir. Müharibə zamanı isə bizim vəzifə borcumuz torpaqlarımızın hər qarışı uğrunda bütün şəxsi heyət ilə bərabər döyüşmək idi. Mən özüm müharibənin iştirakçısı kimi qətiyyətlə deyirəm ki, Azərbaycan Ordusundan əsgərdən generala kimi hamı çiyin-çiyinə mübarizə aparıb. Hətta mən gözümün şahidiyəm ki, yüksək rütbəli zabitlərimiz döyüşdə yaralanır, xəstəxanada heç bir gün belə qalmırdılar, təzədən bizim yanımıza, döyüş yoldaşlarının yanına qayıdırdılar. Dediyim şeylər əsgər heyətimizə də aid idi. Əsgər ayağından yaralanırdı, ona deyilirdi ki, sən təxliyə olunmalısan, yaran ciddidir. Amma o getmək istəmirdi, döyüşmək istəyirdi, döyüşürdü də.

 

– Bildiyimə görə, müəyyən mərhələdən sonra Laçın dəhlizi əməliyyatına rəhbərliyi məhz siz etmisiniz.

 

– Biz Daşaltı kəndinin ətrafında birləşəndə tabor komandirimiz ərazinin kəşfinə çıxdı. Çünki burada əsas şərt birinci növbədə Daşaltının azad olunması idi. Bu da, eyni zamanda, Laçın dəhlizinin bağlanmasına gətirib çıxaracaqdı. Bununla da, düşmənin Laçından gələn bütün təminatını kəsmiş olacaqdıq.

Tabor komandirimiz ərazini kəşfə çıxanda yanına minaatan mərmisi düşdü və qolundan ağır yaralandı. Gördük ki, o, döyüşü davam edə bilməyəcək və mən ekstremal şəraitdə tabor komandirinin müavini kimi əməliyyatın davam etdirilməsinə və tapşırığın yerinə yetirilməsinə rəhbərlik etməli oldum.

 

– Tam olaraq, tapşırıq nədən ibarət idi?

 

– Biz ilk olaraq birinci gün Daşaltı ətrafında olan yüksəklikləri düşmən qüvvəsindən azad etməli idik. Və etdik də. Təbii ki, bunu mən tək etmədim, digər bölmələrin də köməyi ilə tapşırığı yerinə yetirdik. Axşam saat 7 radələrində isə bizə növbəti komanda gəldi ki, Daşaltı kəndinin içərilərinə doğru irəliləməli və kəndi azad etməliyik, bu da, dediyimiz kimi, Laçın dəhlizinə gedən yolun tutulması demək idi. 27 nəfərlik şəxsi heyətlə hərəkətə keçdim. İnanın ki, sıx dumandan hətta yaxın məsafəni belə görmək mümkün olmurdu. Daşaltı kəndinə bizim dayandığımız mövqedən bir cığır gedirdi, vəssalam. Və mən həmin cığırı tutub başladım içərilərə doğru hərəkətə... Dediyim kimi, bir addımı belə görmək olmurdu, sadəcə ayağımı qoyduğum yeri hiss edirdim ki, bura otluq deyil, yəni onunla hesablayırdım ki, cığırdan kənara çıxmayım. Təxminən, 200-300 metr getdikdən sonra arxa tərəfdən partlayış səsi gəldi.

 

– Partlayış yaxınlıqdakı kənd ərazisindən gəldi, ya necə?

 

– Yox, elə bizim getdiyimiz həmin cığırın arxa hissəsindən. Birinci elə bildim ki, düşmən qumbaraatanlarla bizə atəş açır, artıq pusquya düşmüşük. Elə bunu fikirləşirdim ki, ikinci partlayışı eşitdim və bununla da artıq dəqiqləşdirdim ki, minalı əraziyə girmişik. Baxdım ki, heyətimizdəki əsgərlərdən minaya düşənlər var. Biri bir ayağını, digəri isə iki ayağını itirib. Dərhal heyətə “dur” komandası verdim. Orada biz 5 şəhid verdik.

 

Burada kapitan Huduluov bir az tutuldu. Çiyin-çiyinə döyüşdüyü əsgərlərini itirməyin necə bir hiss olduğu gözlərindən oxunurdu.

- Haradasa, iki saata yaxın tərpənməz şəkildə minalı ərazidə qaldıq. Mən əlaqəyə çıxıb tapşırığı icra edə bilməməyimiz barədə məlumat verdim. Bizə kömək göndərəcəklərini dedilər. Amma hava şəraitinin pisliyini və bu səbəbdən təxliyə qrupunun gec gələ biləcəyini nəzərə alaraq yaralılarımızı özümüz təxliyə etməyə başladıq.

 

– Ərazinin minalı olduğunu bilə-bilə?

 

– Bəli! Dediyim kimi, vaxt itkisi yaralıların həyatı bahasına başa gələ bilərdi. Biz həmin minalı sahədən 50 santimetr enində, 30 metr uzunluğunda cığır açmağa başladıq. Yer yarpaqlarla dolu idi və minalar bu yarpaqlarla örtülmüşdü sanki... Bu vasitə ilə minaları təyin etdik, sonra isə yaralılarımızı və şəhidlərimizi təxliyə etdik. Bilirsiniz, o ərazinin coğrafi şərtləri elədir ki, heç bir texnika hərəkət edə bilməzdi. Biz səhərə qədər yaralılarımızla məşğul olduq, hətta bir az yüngül xəsarət almışlar daha ağır yaralıların təxliyəsində iştirak edirdi.

 

– Onları hara aparırdınız?

 

– Olduğumuz mövqedən iki yüksəklik yuxarıya. Təsəvvür edin, əsgər iki ayağını da itirib və gecənin bir aləmində, qatı duman şəraitində onu yüksəkliyə qaldırmaq necə çətindir. Təxliyə yekunlaşan kimi ən vacib tapşırıq Daşaltı kəndinə daxil olmaq idi.

 

Laçın dəhlizi Ermənistan qüvvələrinə Laçından gələn yardımın yeganə yolu idi. Həmin ərazilər 30 ildir ki, işğal altında idi, bizim isə yaşımız 25-26 idi. Yəni biz o əraziləri nəinki görməmişdik, işğal olunanda hələ doğulmamışdıq.

 

Biz hərəkətə başlayanda mən əmin idim ki, düşmən hakim yüksəkliklərdə qüvvə toplayıb. Orada qərar verdim ki, biz əgər Daşaltıya həmin vaxt girsək, düşmən bizi atəşə tutacaq və bizim hərəkət məhdudlaşacaq. Buna görə də biz digər bölmələrlə əlaqə yaratdıq. Onlar sağ tərəfdən, biz isə sol tərəfdən birbaşa yol istiqamətində hərəkətə başladıq. Ora çatana qədər bizi toplardan, digər ağır silahlardan atəşə tutdular və şəhidlər verdik. Amma axşama yaxın Laçın dəhlizinin 30 metrliyinə qədər gəlib çatdıq və düşməni o ərazidən qovub çıxardıq. Yol artıq bizim tərəfimizdən bağlanmışdı, mən komandirə məruzə elədim ki, artıq yolun 30 metrliyindəyik və düşmənin bütün təminatı kəsilib.

 

Ümumiyyətlə, bu əməliyyatın Şuşanın azad edilməsində əhəmiyyəti çox böyük idi. Çünki biz Daşaltı ətrafında olarkən düşmən tərəfi bütün diqqətini bizə çəkmişdi. Buna görə də bizim Xüsusi Təyinatlı Qüvvələrimiz düşmənin arxasından hərəkət edərək Xankəndindən Şuşaya giriş yolunu bağlamağa nail olmuşdu. Bu xəbərləri bizə əməliyyat tapşırığı verən komandirlər deyirdi. Eyni vaxtda biz də Laçından Şuşaya giriş yolunu bağlamışdıq.

 

Düşmən artıq mühasirədə olduğunu görüncə təlaş içində silah-sursatını ataraq canını qurtarmaq üçün qaçmağa məcbur oldu.

Vətən müharibəsində qələbəmizdən sonra mən cənab Ali Baş Komandanın 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Laçın dəhlizinin işğalçılardan azad edilməsi və Ermənistan tərəfinin təminat yolunun kəsilməsində fəal iştirak etdiyimə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüm.

– Şuşa şəhərinin azad olunması məsələsindən danışaq bir az. Şəhərin alınması ilə bağlı həm yerli mediada, həm də xarici mediada əlbəyaxa döyüşdən yazılırdı, danışılırdı.

 

– Şuşa şəhərinə daxil olduğumuzda Xüsusi Təyinatlı Qüvvələrimiz artıq orada idilər və erməni qüvvələrini məhv etmişdilər. Yəni bu əməliyyat, əsasən, bizim Xüsusi Təyinatlılar tərəfindən yerinə yetirilmişdi. Həqiqətən də, dediyiniz kimi idi. Çünki oranın coğrafi şəraiti əlavə texnikanın aparılmasına mane olurdu. Mən gördüklərimdən deyə bilərəm ki, yaralı-yaralı təzədən döyüşə atılanlar var idi. Yəni qorxu yox, geri çəkilmək yox, sadəcə irəliləmək anlayışı var idi. Bunun da erməni qüvvələrini qorxuya salması başadüşüləndir.

 

– Şuşa şəhərinin Azərbaycan üçün və eləcə də döyüşlərin sonrakı mərhələsi üçün nə demək olduğunu hamımız bilirik. Maraqlıdır, oraya ilk qədəm basan zabitlərdən və ən əsası isə azərbaycanlılardan biri olmaq nə deməkdir, necə bir hissdir?

 

– Şuşa haqqında hamımız məktəb yaşlarından eşitmişdik, mən də həmçinin. Orada olmaya-olmaya onun qayaların üzərində bir şəhər olması təsəvvür etmək belə gözəl idi. İndi düşünün, oranı döyüş sonrası görmək nə demək olar? Yəni nağılvarı bir duyğudur. Oranın alınmaz bir qala olması, əlçatmaz bir yer olması və bizim Ordunun oranı həmin o qayaları dırmaşaraq alması...

 

Burada cənab kapitan gözlərini bəlli olmayan bir uzaqlığa zilləyib dayandı. Əminəm ki, o gözlərin təyinat nöqtəsi Şuşa və Şuşa üçün canından keçən silahdaşlarının baş qoyduğu həmin o torpaqlar idi...

- ...Biz Şuşaya daxil olanda isə dediklərimin şahidi oldum. Yəni o şəhəri azad etmək mümkünsüz bir hiss kimi gəlirdi adama. Amma bizi ora aparan da, döyüşdə qələbə qazanmağımıza əsas səbəb də torpağa, Vətənə olan sevgimiz idi.

 

– Füzuli istiqamətində gedən döyüşlərdə də iştirak etmisiniz. Bildiyimə görə, Füzuli döyüşləri ən çox itki verdiyimiz döyüşlərdən olub.

 

– Bəli, həqiqətən də, düşmənin oradakı sədləri keçilməz dərəcədə qurulmuşdu. Biz üç səngərli müdafiə düşünsək də, irəli getdikcə yeddi səngərli möhkəmləndirilmiş sədlərin şahidi olduq. Və bu ərazilər düzənlik idi deyə erməni qüvvələri bizi açıq-aşkar görürdü, bu səbəbdən, şəhidlərimiz olurdu. Hətta mən özüm də Füzuli istiqamətlərində gedən döyüşlərdə yaralandım, kürəyimdən beş qəlpə yarası aldım. Amma içimdəki qisas hissi yenidən döyüşlərə atılmağıma əsas verdi.

 

– Bəs xəstəxanaya aparılmadınız?

 

– Yox, getmədim, dediyim kimi o hiss bizi səngərdən buraxmırdı. Yaralarımı elə orada sarıdıq, təzədən döyüşlərə qatıldım.

 

– Müharibə dönəmində şəxsi heyətin qidalanması necə olurdu, yəni o çətin şəraitdə nə yeyirdiniz?

 

– Hər gün irəlilədikcə bəzən arxadakı təminat bizə çatmırdı, çünki biz onlar gələnə qədər tapşırıq alıb daha da irəli gedirdik. Bilirsiniz, döyüş situasiyasında Allah, həqiqətən də, insana başqa bir güc verir. Yəni elə olurdu ki, biz ac qalsaq belə, aclıq hiss etmirdik. Yağış suyu əynimizdə quruyurdu, amma bizdə adi xəstəlik belə olmurdu. Təminatımız bitəndə bizə arxadan silah-sursat, qida gəlib çatmayanda biz erməni qüvvələrini çıxarıb, azad etdiyimiz nöqtələrdən götürdüyümüz qənimətlərdən istifadə edirdik.

 

– Bu barədə mediada da tez-tez belə xəbərlərlə rastlaşırdıq ki, məhz ermənilərin atıb getdiyi ərazilərdə minaya düşmə halları, yaxud qidadan zəhərlənmə halları olurdu.

 

– Bəli, Daşaltı istiqamətində olmuşdu. Bir neçə əsgərimiz minadan xəsarət almışdı, bundan sonra biz şəxsi heyətə tapşırıq verdik ki, evlərə girməsinlər, qidalara toxunmasınlar. Ermənilər çıxdıqları hər yeri son çarə kimi minalayırdı, ya da qidaları zəhərləyirdilər. Bunlar da hamısı bayaq dediyimiz son çırpıntılar idi.

 

– Ailənizlə necə, tez-tez danışırdınız?

 

– Şəbəkə tutan yerlərdə çalışırdıq ki, əlaqə saxlayaq. Yəni onların nigaranlığını anlayırdıq. Əsas onlara salamat olduğumuzu demək üçün can atırdıq. Şuşa istiqamətində getdikdə isə haradasa 16-17 gün əlaqə saxlaya bilmədik. Sonradan səyyar rabitə yaradıldı, əlaqə saxladıq. İlk atamla danışdım, nigaran olmamalarını tapşırdım, amma təbii yenə də onları başa düşürdük...

 

– Cəbhəyə ərzaq və digər yardımlar da edilirdi. Bunlar müharibənin tam mərkəzinə qədər gedib çatırdı?

 

– Bəli, qızğın döyüşlərin getdiyi vaxtlarda o yardımların gəlməsi, o hiss təsvirolunmazdır. Yəni adam düşünürdü ki, bu xalq üçün döyüşməyə, candan keçməyə dəyər.

 

– Bizim üçün Azərbaycan zabitinin, Azərbaycan əsgərinin konkret bir siması var. Amma sırf bu addan istifadə edib ona ləkə yaxanlar da olur.

 

– Mən hesab edirəm ki, ən azından, o adamlar həmin döyüşlərdə, həmin mərmilərin sədası altında olublarsa, Vətən üçün döyüşüblərsə, onlara yenə də buna görə hörmət bəsləyirəm. Amma o həddi, Azərbaycan döyüşçüsünün simasını qorumaq lazımdır.

 

– Müharibə dönəmində Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz tez-tez hücumlara məruz qalırdı. Bu xəbərlər sizə çatırdı?

 

– Sözsüz. Yəni biz onların niyyətini başa düşürdük. Bu, bir növ xalqa təsir edib müharibəni dayandırmaq üçün bir cəhd idi. Amma biz inanırdıq ki, xalqımız dözümlüdür və bizim torpaqlarımızı azad etmə vaxtının gəlib çatdığını bilir.

– Cənab kapitan, müharibəyə qədər, sözsüz ki, siz bir zabit kimi dəfələrlə bu cür təlimlərdən keçmisiniz. Amma maraqlıdır, birdən-birə özünü döyüşün, müharibənin içində tapmaq necə bir hissdir?

– Təlimlərlə müharibə tamam fərqlidir. Düzdür, biz maksimum şəkildə o situasiyaya qabaqcadan öyrədirdik özümüzü. Amma, istənilən halda, təlimin təlim olduğunu bilirsən. Müharibə isə başqadır. Hər an ölüm hissi və paralel olaraq gözlədiyimiz qisas hissi... Bizi ayaqda tutan, irəli aparan da məhz dediyimiz o hiss idi. Biz müharibənin başlamasını sevinclə qarşıladıq.

 

– Müharibənin gedişində xarici işlər nazirləri görüşdü, telefonla danışıqları aparıldı və s. Bütün bu prosesləri şəxsi heyət necə qarşılayırdı?

 

– Sözsüz, bizim əvvəldən istəyimiz sülh yolu ilə torpaqları azad eləmək idi. Biz irəlilədikcə artıq düşmən gücümüzü də görürdü, o səbəbdən, bütün əlçatan qüvvələrdən kömək istəyirdi. Biz müharibənin dayanmasını o halda qəbul edərdik ki, ərazilər tam boşaldılsın. Dövlətimizin də əsas siyasəti bu idi.

 

– Müharibə bitib və artıq sülh prosesi dövrünü yaşayırıq. Azərbaycan zabiti sülhü necə dəyərləndirir?

 

– Bayaq da dediyim kimi, biz əvvəldən sülh yolu ilə torpaqların azad olunması siyasətini aparmışıq. Bu gündən sonra isə sülh Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması halında inkişaf edə bilər. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam