Milli Onkologiyada bazar qaydaları hökm sürür -QARANLIQ TENDER MAXİNASİYASI/VİDEO
Yenə də söhbət döndü-dolandı, əslində sağlamlığımızın keşiyində olmalı olan, realda isə mövcud xəstəliyimizin üstünə, bir də əsəb xəstəliyi artırmağı peşəkarcasına bacaran Səhiyyə Nazirliyinin üzərinə gəldi.
Yenixeber.org: Səhiyyə Nazirliyi təəssüflər olsun ki, ölkəmizdə vacib olduğu qədər də, bərbad fəaliyyət göstərən qurumlardan biridir.
Elə bir gün yoxdur ki, o günü kimsə, daha doğrusu kimlərsə səhiyyəmizdən şikayət etməsin.
Yerli televiziya kanalları müəyyən ödəniş qarşılığında, reklam xatirinə özəl klinikalarda çalışan bəzi Türkiyədə təhsil almış həkimlər vasitəsilə Səhiyyəmizin güya inkişaf etdiyi pozitiv görüntü yaratmağa çalışsalar da, Dövlət xəstəxanalarında çalışan əksər həkimlər yenə bir yolunu tapıb səhiyyənin əsl simasını tanıtmağa nail olurlar.
Əminliklə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin ən yaxşı bacardığı iş rüşvət almaqdır.
2020-ci ilin özü ilə gətirdiyi pandemiya bəlası da Səhiyyəmizin, daha doğrusu bir çox işbaz səhiyyə işçilərinin "biznesinin inkişafına təkan verdi".
Rüşvətlə "COVID" testi götürən kim, rüşvət qarşılığında "yerimiz yoxdur" deyib, xəstəxanaya götürmədiyi xəstəni, elə həmin xəstəxanada "yer tapıb" yerləşdirən kim, reseptə bahalı dərmanlar yazaraq, əczaxanalarla əməkdaşlığını daha da inkişaf etdirən kim, reseptə yazılmış "covid"in müalicəsində yararlı dərmanları iki, hətta bəzən üç qat bahasına satan kim, kim.... kim... kim... və.s.
Saymaqla bitməyən bu qədər oyunları, bizim səhiyyəmiz illərdir yorulmaq bilmədən bizimlə oynayır. Hələ oynamağa nə qədər davam edəcəyi də bəlli deyil.
Səhiyyəni öldürməyib, ölümcül vəziyyətə salıb, yanı üstə qoyan Oktay Şirəliyevin izlərini bu sistemdən təmizləmək üçün yəqin ki, hələ çox zaman lazım gələcək.
Zatən, hələ deyəsən ağsaqqal Oktay Şirəliyevin nöqsanlarını aradan qaldıra biləcək (ən azından buna ümid edirik) biri də Səhiyyə Nazırı kürsüsünə əyləşməyib
Elə bu səbəbdəndir ki, "dərəni yiyəsiz görən, saysız tülkülər bəylik edir" lər.
Yəni, ağsaqqal sabiq nazirin zamanındakı "qayda" ilə davam edirlər.
Redaksiyamıza bu yaxınlarda daxil olan məlumatlar da bunun açıq sübutudur.
Demək, məlumatda bildirilir ki, Milli Onkologiya Mərkəzində rüşvət "ayaq tutub yeriyir".
Hansı ki, hazırkı dövrümüzdə tam müalicəsi mümkünsüz olan və onların müalicəsi Onkologiya Mərkəzində təmənnasız müalicə edilməli olan xəstələrə Mərkəzin həkimləri müalicəni rüşvətlə yazır, tibb bacıları da rüşvətlə bu müalicəni xəstəyə tətbiq edir.
Özü də əvvəlcədən təyin edilmiş xüsusi qiymətlər var.
Ağır ankoloji xəstəyə bir iynəni 100 manata vururlar. Hələ üstəlik xəstə yaxınları ilə "bazarlıq" edib, növbəti iynələrdə "endirim" edəcəklərini dəyərək, "müştəri" də "şirnikləndirirlər".
Bun videogörüntülərdə də gördüyünüz kimi Davud həkim bu vətəndaşa qarşı "humanistlik" göstərərək, "ola bildiyi qədər endirim edib".
Vurulmalı olan iynənin 4-nü 100-dən aşağı yeri yoxdur, qalan ikisini "endirim" edib, onların ikisinə 100 manat.
Yəni, məşhur reklam mətnlərində olduğu kimi - "6 al, 5 ödə".
Deyir: - "Gedin, baxın. Hər yerdə xəstələrdən bu iynənin hər biri üçün 150-200 manat alırlar. Amma, rayonlara getsəniz, hamısı birlikdə sizə 250-300 manata başa gələcək.
Mən həqiqətən sizə kömək etmək istəyirəm, ona görə minimum qiymət deyirəm."
Yeri gəlmişkən onu da bildirək ki, Milli Onkologiya Mərkəzinin gəlirləri təkcə dövlət tərəfindən ayrılan maaş və xəstə yaxınlarından aldıqları rüşvətdən ibarət deyil.
Redaksiyamızın əldə etdiyi daha bir məlumata görə Milli Ankologiya Mərkəzi açıq tender keçirib. Tenderin qalibi olan "Azər-Med" QSC ilə müqavilə imzalayıb.
"Tibbi avadanlıqların satın alınması" adı ilə keçirilən və külli miqdarda məbləğin də qeyd edildiyi bu müqavilə isə Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan keçirilib.
Açıq tender elan verildikdən ən azı 30 iş günü sonra keçirilməlidir.
Milli Onkologiya Mərkəzi isə nə vaxt, harda elan verdiyi bəlli deyil, lakin 08.09.2021-ci il tarixində tenderin qalibini elan edir.
"Tibbi inventarların satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "Azəri-Med" QSC olmuşdur.
Milli Onkologiya Mərkəzi qalibə 47 mn 649 manat ödəyəcək."
16.09.2021-ci il tarixində yenidən eyni adlı şirkətlə, "Azər-Med" QSC ilə tender müqaviləsi imzalanıb.
Bu müqavilə barəsində də nə əvvəlcədən verilmiş elana, nə qalib adının açıqlandığı elana heç bir mediada rast gəlmədik.
Qeyd: Qanunvericilikdə nəzərdə tutulur ki, millət vəkili, dövlət məmuru hər hansı bir özəl bizneslə məşğul ola bilməzlər.
Qeyd2: Deyilənə görə, "Azəri -Med" QSC nin rəhbəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin müavini Kəmaləddin Qafarovdur.
"Tibbi avadanlıqların satınalınması" adı altında, külli miqdarda məbləğin qeyd edildiyi və açıq tender olmasına baxmayaraq, katirovka sorğusu baş tutmadan keçirilən tender barəsində yaranmış suallarımızı cavablandırması üçün Milli Onkologiya Mərkəzinin elektron ünvanına rəsmi sorğu göndərdik.
24 saat ərzində cavab verilməli olan sorğumuza, iki həftəyə yaxın müddətdə cavab gəlmədiyini görüncə, sözügedən mərkəzlə telefon əlaqəsi saxladıq.
Özünü Saida xanım kimi təqdim edən, telefonumuza cavab verən xanım bildirdi ki: - "Bizim akademik Cəmil müəllim bu sorğuya cavab vermədi. Deyir, Səhiyyə Nazirliyinə göndərsinlər sorğunu, ordan cavab alsınlar."
Mətbuatın sorğusuna cavab verməyi lüzum bilməyəcək qədər məsuliyyətsiz olan bu qurum, eyni zamanda bağladığı şübhəli tender müqavilələrinin və xəstə yaxınlarından aldıqları rüşvətin də məsuliyyətini öz boyunlarından ataraq, Səhiyyə Nazirliyinin üzərinə atmağa çalışır.
Ya da nə bilmək olar, atalar deyir: "balıq başdan iylənər". Bəlkə elə həqiqətən də bu boyda məbləğlərlə oynayan Milli Ankologiya Mərkəzinin arxasında Səhiyyə Nazirliyinin özü dayandığı üçün bu qədər sərbəstdir.
Cəmil müəllim də sorğumuza cavabı Səhiyyə Nazirliyinin verməli olduğunu deyərək, bəlkə də elə buna işarə edib.
Qeyd: Milli Ankologiya Mərkəzi hələ təkcə 2021-ci ildə bir neçə tender elan edib. Onların bir neçəsinin qalibləri barəsində də mediada heç bir məlumata rast gəlmədik.
Elan var, qalib yox.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az