Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Payızda Şuşaya köç başlayacaq –Hadrutda isə...

 

Ölkə başçısının tapşırığı ilə işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Mina xəritələrinin bir qisminin düşməndən alınması, yolların çəkilməsi,  “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi və  infrastrukturun bərpası istiqamətində atılan digər addımlar tezliklə kütləvi köç prosesinin başlayacağı ilə bağlı ümid doğurur. 

Yenixeber.org: Hətta bir sıra mütəxəssislər 5-6 ay ərzində köçün tam başlayacağı barədə fikirlər də səsləndirir. Şuşa şəhərində, həmçinin Hadrut rayonunda əhalinin yaşayışı üçün lazımi şəraitin yaradılması isə qayıdışa ilk bu ərazilərdən başlanacağı ehtimalını gücləndirir.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, payızda soydaşlarımızın artıq  yurd-yuvalarına köçürülməsi nəzərdə tutulub:

“İşğal olunmuş torpaqlarımızın azad edilməsindən sonra ölkə başçısının dəqiq planlaması əsasında ciddi işlər gedir. İnfrastrukturun yaradılmasından minaların təmizlənməsinədək hər şeyə xüsusi diqqət ayrılır. Artıq Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilir. Payızda soydaşlarımızın kütləvi köçürülməsi nəzərdə tutulub. Şuşa küçələrində uşaqlarımız yeni bir ab-havada özlərinin şıltaq həyatlarını yaşamaqdadırlar. Bəzi ailələr köçüb. Bundan sonra da köç prosesi davam edəcək. Ümumiyyətlə, hesab edirəm ki, Şuşada bərpa işləri aparıldıqca paralel şəkildə köçürülmə də həyata keçiriləcək”.

Millət vəkili əhalinin yaşayışının yüksək səviyyədə təmin edilməsi istiqamətində lazımi işlərin görüldüyünü və bu səbəblə də hər hansı bir təklif verməyə ehtiyac qalmadığını  vurğulayıb:

“Çünki hər şey cənab Prezident tərəfindən zərgər dəqiqliyi ilə müəyyənləşdirilib. Hadrutda da hazırda köçmə imkanları var. Yəni orada bu gün insanların yaşaması mümkündür. Yəqin ki, yaxın zamanlarda bu prosesə də başlanacaq. Azərbaycanlıların orada uzun müddət yaşadığı, 1992-ci ildən sonra isə zorakılığa məruz qalaraq didərgin salınması bir faktdır. 

İndi onların geri qaytarılması ilə bağlı lazımi işlər görülür. Mühüm məqamlardan biri də odur ki, bu prosesdə yurdlarından didərgin düşən, böyük itkilər verən Qərbi Azərbaycandan olan soydaşlarımızın köçürülməsi üçün də təşəbbüsü var. Bu təşəbbüs müvafiq qurumlar tərəfindən araşdırılır.

Mənə elə gəlir ki, onların da həmin yerlərdə yerləşdirilməsi prosesi gedəcək və fikrimcə, bu, yaxşı təşəbbüsdür, ona görə də dəstəkləmək lazımdır. Bir sözlə, işlər plana uyğun şəkildə, hətta daha sürətlə gedir. Əsas minalardan təmizləmədir, digər şəhər və kəndlərimiz minalardan təmizləndikdən sonra orada da bərpa işləri aparılacaq, mənə elə gəlir ki, yaxın bir-iki ilə soydaşlarımızın dədə-baba torpaqlarımızda məskunlaşmasının şahidi olacağıq”.

Təxminən 30 illik bir aradan sonra qarabağlıların geri qayıtdıqda adaptasiya probleminin olub-olmayacağı barədə danışan sosioloq Əhməd Qəşəmoğlu isə diqqətə çatdırıb ki, hər şey yeni həyat tərzinin hansı səviyyədə təşkil edilməsindən asılı olacaq:

“Əgər orada gözəl həyat tərzi olsa, insanlar Bakı və digər rayonlarda qarşılaşdıqları çətinliklərin bu ərazilərdə olmadığını görsə, təbii ki, böyük həvəslə köçəcəklər. Çünki insan xarakteri belədir. İnsanlar həmişə çalışırlar ki, problemlərin daha az olduğu yerdə yaşasınlar. 

Lakin bir məqam var ki, buralar bizim həsrətində olduğumuz vətənimizdir. Əgər insan gözünü  açandan ancaq doğma yerlərin söhbətini eşidibsə, məmnuniyyətlə oraya gedəcək və tez də adaptasiya olacaq. Nəinki şuşalılar, hətta başqa rayondan olanlar da doğma rayonlarında yaşayacaqlar. Sadəcə biz elə etməliyik ki, insanlar böyük məmnuniyyətlə oraya getsin. Yəni hazırda insanların Bakıda və digər ərazilərdə narazılıq etdiyi məsələlərin orada olmaması üçün çalışmalıyıq. Məsələn, məmurlarla insanlar arasında əlaqəyə diqqət edilməlidir. Əgər orada daha qayğıkeş, gözütox, rüşvət yığmayan məmurlar olsa, tamamilə başqa bir ovqat olacaq. Ona görə də hesab edirəm ki, 30 il burada böyük rol oynamır, illər sonra belə öz yurduna gedəndə insanı doğmalıq hissi bürüyür. 

Hətta mən tələbə vaxtı Qazaxıstana, Özbəkistana, Türkmənistana gedəndə belə bir doğmalıq hiss edirdim. Yəni adaptasiya barədə çətinlik olacağını düşünmürəm. Dediyim kimi, sadəcə yaşayış təminatına xüsusi diqqət ayrılmalıdır. Məsələn, sovet vaxtında insanlar Kamçatkaya getməyə can atırdılar, çünki orada əməkhaqqı üç dəfə çox idi. Amma lap doğma evin olsun, əgər problemlər çoxdursa, insanlar evdən uzaq durmağa çalışır”.

Həmsöhbətimiz qeyd edib ki, Qarabağda aqrar sektoru elə qurulmalıdır ki, insanlar qazanc üçün Rusiyaya üz tutmasın:

“Orada aparılan siyasətdən də çox şey asılıdır. Siyasi, sosial, mənəvi məsələlərə xüsusi diqqət yetirilməlidir.  O torpaqların böyük potensialı var, Qarabağda aqrar sektoru elə qurmaq olar ki, insanlarımız qazanc üçün Rusiyaya üz tutmaz. Məlum məsələdir ki, orada insanlarımızın üzlərinə yüz söz deyirlər, amma bizimkilər məcbur yaşayırlar. Rusiyada yaşayınca gözəl şəraiti burada qurarıq. Azərbaycanın pulu da, gözəl torpağı da, əmək qüvvəsi də var. Deməli, bircə burada işin normal təşkil olunmağı qalıb”.

Müğənni Xuraman Şuşalı isə saytımıza açıqlamasında Şuşaya qayıtmaq istəyənlərin çoxluğundan söz açıb:

“Bu həsrəti o qədər çəkmişik, elə bir şey olarmı ki, qayıtmaq istəməyən olsun?! Mən belə bir halın yaşanacağına inanmıram. 

Düzdür, elə adam var ki, burada universitet oxuduğuna, iş qurduğuna, yaxud  övladları burada böyüdüyünə görə getməyə bir az tərəddüd edir, amma mən fikirləşirəm ki, vətəni sevən adam vətəninə dönməlidir. Mənim ətrafımda qardaşım, bacım, özüm də daxil olmaqla hər kəs qayıtmaq istəyir. 

Sadəcə olaraq bizim Şuşadakı evimiz DTX binası edilib. Belə ki, evimizi o vaxt ermənilər söküb, deyəsən, yerində musiqi məktəbi tikiblər, azad edildikdən sonra isə DTX binası olub. Təki, Şuşaya gedək. Mən çox istəyərdim ki, öz torpağımız, öz həyətimiz olsun, çünki mənim orada uşaqlıq xatirələrim var, anamın çiçəkləri, ağaclarımız vardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Canından, sağlamlığından keçən oğulların əziyyətini bu gün biz nəzərə almalıyıq, o torpaqlarda elə yaşamaq lazımdır ki, düşmənin ayağı belə dəyməsin”.

 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Payızda Şuşaya köç başlayacaq – Hadrutda isə...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam