Məhərrəmin böyük planları, arzuları vardı...
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan müxbiri Məhərrəm Əlioğlu ilə bağlı "AZƏRTAC peşəkar əməkdaşı Məhərrəm Əlioğlu ilə vidalaşır" adlı məqalə dərc edib.
Yenixeber.org: Həmin məqaləni təqdim edirik:
"Bu gün səhər qəfil və acı xəbər AZƏRTAC-ın kollektivini, media ictimaiyyətini sarsıtdı: agentliyimizin Qarabağda xidməti ezamiyyətdə olan müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşərək həlak olublar...
Məhərrəm İbrahimov (Əlioğlu) həyatsevər və nikbin insan, peşəsinə qəlbən bağlı, vətənpərvər jurnalist idi. O, 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhə xəttinə yollanaraq hərbi əməliyyatların gedişini işıqlandırır, Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəfə alması barədə birbaşa hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Ümumiyyətlə, peşəkar jurnalist olaraq daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı.
Müharibə başlayandan qurtarana qədər, hətta bu acı xəbəri eşitdiyimiz günədək onunla görüşüb, doyunca söhbət edə bilmədik. Sorağı işğaldan azad edilmiş ərazilərdən - Füzulidən, Cəbrayıldan, Ağdamdan, Qubadlıdan gəlirdi. Hər dəfə ayaqüstü söhbətlərimizdə “tezliklə gələcəyəm, görüşərik” deyirdi. Qarabağa tələsirdi, erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzib dağıntıları lentə alır, yazıya köçürürdü ki, bu dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxarmayan AZƏRTAC-ın peşəkar müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov beləcə şəhadətə ucaldılar. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldular.
Nə az, nə çox, bu dünyanın cəmi 39 baharını yaşayan Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub.
2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.
AZƏRTAC-da işlədiyi bu illər ərzində Məhərrəm Əlioğlu bir əsgər ömrü yaşayıb. Ən qaynar nöqtələrdən ən operativ xəbərləri çatdıranlardan biri məhz Məhərrəm olub. Qarşıda böyük planları, arzuları vardı... Təəssüf ki, düşmən minası onun da arzularını yarıda qoydu.
Məhərrəm Əlioğlu qələm adamı, peşəkar jurnalist olmaqla yanaşı, həm də vəfalı, sadiq dost idi. Çətinə düşənlərə imkanı daxilində kömək əli uzadar, həmkarlarının xoş günlərinin sevincini ürəkdən bölüşərdi. Cavan olmasına baxmayaraq, təmkinli davranışı, ünsiyyət yaratmaq qabiliyyəti ilə insanların qəlbinə tez yol tapırdı.
İki oğul atası idi Məhərrəm. Onları da özü kimi vətənpərvər böyütmək istəyirdi. Övladları – 7 yaşlı Uğur və 5 yaşlı Toğrulla bağlı böyük arzuları vardı...
AZƏRTAC-ın kollektivi Məhərrəm Əlioğlunun timsalında sevimli, dəyərli əməkdaşını itirdi. Lakin bir təsəllimiz var: bu itki bizim üçün, ailəsi və doğmaları üçün nə qədər ağrılı olsa da, Məhərrəmin arzularına işıq tutacaq gülüzlü övladları var. Nə qədər Məhərrəm Əlioğlu kimi vətənpərvər oğullarımız var, Azərbaycan heç vaxt düşmən qarşısında geri çəkilməyəcək.
AZƏRTAC-ın kollektivi düşmən minasına düşərək şəhadətə ucalan həmkarlarımız Məhərrəm Əlioğlunun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!".