Dostları itirəndə düşmənə qarşı daha çox nifrət yaranırdı - REPORTAJ
44 günlük Vətən Müharibəsindəki qələbəmizdə payı olanlardan biri də 22 yaşlı qazimiz Toğrul Zeynalovdur. O, Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olub.
Yenixeber.org: Toğrul Vətən Müharibəsində Murovdağ yüksəkliklərinin alınmasından başlamış Cəbrayıl, Qubadlı, Hadrut və Xocavəndə qədər döyüş yolu keçib: “44 günlük müharibənin 25 günündə iştirak elədim mən. Mənim 22 yaşım var və bu günə kimi o 25 günü hələ yaşamamışdım mən ömrüm boyu. Həm çox qürurlu gün idi 25 gün, çünki ömrü boyu 30 ildir ayağımız dəyməyən torpaqlara ilk bizim ayağımız dəydi. Amma çox dostları, qardaşları orada itirdik. İtirmək elə idi ki, biz o dost qardaşı itirəndə ruh düşkünlüyü yaranmırdı, əksinə, nifrət yaranırdı düşmənə qarşı”.
Bir neçə gün Kəlbəcər istiqamətində döyüşən Toğrul daha sonra döyüş yoldaşları ilə birlikdə cəbhənin Füzuli istiqamətinə yollanır. Oktyabrın 20-də Xocavəndin Tuğ meşəsində gedən döyüşlər zamanı ermənilər artilleriyadan hücumu başlayır. İlk minomyot mərmisi Toğrulun yaxınlığına düşür. Toğrul və daha bir neçə əsgərin öldüyünü düşünən hərbçi dostları döyüşü davam etdirir və şəhid dostlarının qisasını almaq üçün daha şiddətli döyüşə girirlər: “Silahdaşlarımla Tuğ meşəsi ilə irəliləyirdik. Getdiyimiz yerdə gözlənilmədən düşmən artilleriyası döyüşə başladı və çox igidlər qardaşlar orda yaralandı, şəhid oldu, mən özüm də orda yaralandım. Mənim çox yaxınıma düşdü, yaralandım, huşumu itirdim. Deyilənə görə, 5-10 dəqiqə sonra özümə gəlmişəm və güclə də olsa, irəliyə doğru gedib öz həkimimizə rast gəldim. Və ilk yardım göstəriləndən sonra hospitala göndərildim”.
Qazinin anası Ruhiyyə Zeynalova oğlu ilə qürur duyduğunu deyir: “Hər bir ana üçün çox çətindir. Şəhid anası olmaq, qazi anası olmaq, əsgər anası olmaq asan bir iş deyil. Çox çətin bir vəziyyətdir. Bu günə şükür ki, torpaqlarımız azaddır, çox fəxr edirəm, çox sevinirəm. O, uşaqlıqdan vətənpərvər idi. İndi də özü könüllü gedib Toğrul, könüllü qoşulub”.
Toğrulun yaralandığını ilk eşidən atası Surxay Zeynalov olur. Ancaq eşitdiklərini ailəsinə demir və evdən çıxır. Düşünür ki, oğlu şəhid olub: “Zəng gəldi. Həmişə zəng gələndə deyirdim ki, Allah, sən özün kömək ol və telefonu açdım. Toğrul özü danışdı, artıq öz səsini eşitdim. Bir az içimdə rahatlıq oldu. Anası soruşdu ki, nə zəngdir, xeyirdirmi tezdən? Dedim, heç uşaqlar aşağı eniblər, mənə zəng edib ki, gələ bilirsən, gəl, görüşək. Və bu adla anasını başa salıb özüm də maşınla tez getdim Füzuli istiqamətə. Elə oradan da uşaqlara zəng elədim ki, Toğrul yaralanıb. Artıq mən çatanda əmiləri ordaydı”.
Qazinin əmisi Hafiz Zeynalov bütün şəhid və qaziləri öz övladı sayır: “Mümkün deyil ki, orda ölüm-itim olmasın. Çünki bu müharibə idi, orada Toğrul da ölə bilərdi. Toğrul da şəhid olanlardan nə artıq ola bilərdi, nə də əskik. Bu, Allahın bir yazısıdır, şəhidlər hamısı bizimdir, bizim balalarımızdır, bizim övladlardır. Şəxsən özüm barədə düşünürəm ki, onlar üçün nə edə bilərəm ki, o analar rahat olsun. Mən bunu sözlə ifadə edə bilmirəm”.
Hazırda müalicəsi davam edən Toğrulun diz qapaqlarında hələ də qəlpə var, amma sağalan kimi ilk gedəcəyi yerin yenidən hərbi hissə olacağını deyir. Başqa cür ola da bilməz. Çünki torpaq məhz bu cür igidlərin sayəsində Vətən olur!