Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“XEYİR GÖTÜRƏN TƏRƏF VARSA, O DA RUSİYADIR” –“Bir-iki il əvvəl bu baş verənləri təsəvvür edə bilməzdik”

 Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən qarşıdurmanın əks-sədası qısa müddətdən sonra Brüssel, Los-Anceles, London, Moskva və digər şəhər və ölkələrdən gəldi. “Niyə ilk dəfə Qarabağ konflikti xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında qanlı toqquşmalara səbəb oldu”, “bu proses kimə sərf edir və bu, kimin xeyrinədir” kimi suallar isə açıq qalıb.

Yenixeber.org: Bu suallara Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə birgə aydınlıq gətirməyə çalışmışıq:

- Arif bəy, Tovuz istiqamətində baş verən məlum hadisələrdən sonra xaricdəki Azərbaycan və Ermənistan diaspora nümayəndələri arasında qarşıdurmalar müşahidə olunur. Bunu münaqişənin regiondan bütün dünyaya köçürülməsi cəhdi hesab etmək olarmı? 

- İlk olaraq nəzərə almaq lazımdır ki, son eskalasiya Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verib. Məncə, bu, tamamilə yeni mətləblərdən xəbər verir. Bu, münaqişə zonasının böyüməsini, onun ətrafında iqtisadi amillərin, siyasi məqamların toparlanmasını özündə ehtiva edir. Burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə cəlb edilməsi cəhdini də xatırladardım.

Bizim ərazimizdəki beynəlxalq kommunikasiya xətlərinə qarşı təxribat cəhdləri təsadüfi sayıla bilməz. 2016-cı ildən keçən 4 il ərzində belə eskalasiya olmamışdı. Əksinə, hansısa ümidlər yaranmışdı və bu, Ermənistanda siyasi hakimiyyətin dəyişməsindən qaynaqlanırdı. Bundan sonra müəyyən yumşalmaların baş verməsi gözlənilən idi. Sərhəddə ölümlər azaldı, birgə monitorinqlər təşkil edildi, Azərbaycan Qərb istiqamətində sərhəddə Sərhəd Qoşunlarını yerləşdirdi və sair.

Lakin gözləntilər özünü doğrultmayanda, sözsüz ki, bunun ciddi neqativ təsirləri olur. Əlbəttə, konfilikt uzun illərdir davam edir, amma hər il buraya yeni gərginlik və problemlər əlavə olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasındakı indiki informasiya münasibətləri 4 il əvvəlki kimi deyil. 4 il əvvəl yalan məlumatların ötürülməsi indiki qədər əhəmiyyət kəsb etmirdi. Hazırda yalan məlumatların ötürülməsi, cəmiyyətlərdə hislərin qızışdırılması ilə işləyən iri yalan fabrikəri mövcuddur. Bu fabriklər yalan və qızışdırıcı məlumatlar yaymaqla proseslərə təsir göstərir. Və bunun da əhəmiyyətli hissəsi beynəlxalq auditoriyaya yönəlir.

Söhbət təkcə iki cəmiyyət arasındakı münasibətlərdən getmir. Onsuz da bu münasibətlərin nədən ibarət olduğu bəllidir. Lakin biz, 1-2 il əvvəl təsəvvür etməzdik ki, Azərbaycanda baş verən əməliyyatlar ölkədən kənarda olan diaspor təşkilatlarının və icmaların münasibətlərinə bu qədər təsir göstərə bilər. Bütün bu məqamlar bir yerə toplanıb və sonda müşahidə etdiyimiz reaksiyalara səbəb olub.

- Azərbaycan və Ermənistan diaspor təşkilatlarının xaricdə bir-birinə qarşı dirənişi, bəzən zorakılığa əl atması göstərmirmi ki, bu xalqlar əslində sülhə deyil, müharibəyə hazırdır və artıq sülhdən danışmaq yersizdir?

- Əksinə, baş verənlər göstərir ki, Azərbaycan sülh istəyir. Diqqətlə müşahidə etsəniz görərsiniz ki, yanğı da, dava da elə buna görədir. Burada bir məqam da var. Son illər xaricdə olan Azərbaycan diaspor təşkilatlarında canlanma baş verib, tamam başqa təşkilatçılıq prinsipləri tətbiq edilir. Artıq 2020-ci ildə Azərbaycan diaspor qurumları 2010-cu ildə olan qurumlar deyil. Avropanın bir çox ölkələrində güclü, formalaşmış diaspora var. Eləcə də Kanada və ABŞ-da belə diaspora cəmiyyətləri formalaşır.

Əslində, bu dava sülhdən yanadır. Ona görədir ki, uzun illərdir danışıqların donmuş vəziyyətdə saxlandığı, siyasi qərarların olmadığı bir şəraitdə Minsk Qrupu “xalqları sülhə hazırlamaqdan” danışır. Bu imitasiya, oyunlar və uzadılma insanlarda, eləcə də diaspora qurumlarında əlavə gərginlik yaradır.

Təsadüfi deyil ki, erməni cəmiyyətləri Azərbaycan təşkilatlarından daha böyük aqressivlik nümayiş etdirdi. Baxmayaraq ki, Azərbaycan əraziləri işğal edilib, zərbələrin böyük hissəsi Azərbaycana dəyib. Qısası, ermənilər özlərini qalib kimi hiss ediblər, toxtaqlıq nümayiş etdiriblər. İndi qəribədir ki, erməni diaspor qurumları son hadisələrə xüsusilə aqressiv reaksiya göstərdilər.

- Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Məncə, xaricdə erməni təşkilatları artıq daha çox təpki, müqavimət görürlər. Erməni İrəvanda da ermənidir, Los-Ancelesdə də. Amma onların tamam fərqli həyatları, ölçüləri var. Məhz o ərazilərdə bu aqressivliyin yaranması Azərbaycanın oradakı diaspor qurumlarının daha ciddi müqavimət göstərməsilə əlaqəlidir.

Başqa bir element də var. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra orada Azərbaycan cəmiyyətindən müəyyən keyfiyyət fərqi yarandı. Bu keyfiyyət fərqi də ümidlərlə bağlı idi. Erməni cəmiyyətinin belə ümidi var idi ki, demokratikləşmə sürətlə gedəcək, iqtisadiyyatda inkişaf müşahidə olunacaq, xalqın arzuladığı bir sıra dəyişikliklər baş verəcək. Amma ümid böyük olduğu kimi xəyal qırıqlığı da böyük əks təsirlərə səbəb olur. Hər halda bu xəyal qırıqlığı və onun törətdiyi təsirlər erməni cəmiyyətində görünür. Bu, Ermənistan daxilində gedən siyasi mübarizədə də özünü ehtiva edir.

- Burada ən qəribə məqamlardan biri odur ki, erməni və Azərbaycan diaspora qurumlarının əsas qarşıdurması ABŞ, Avropa və Rusiyada müşahidə edilir, hansı ki, bunların hər üçü Qarabağ konfliktini həll etməli olan vasitəçilər institutunun başında dayanırlar...

- Bəli, belə məqamlar var. Xüsusilə, “Niyə məhz fəallıq bu ölkələrdə baş verir, bunun səbəbi nədir” sualı açıq olaraq qalır. Sözsüz ki, bunun arxasında müəyyən mənada idarə olunan proseslər də dayana bilər. Bütövlükdə biz Minsk Qrupunun fəaliyyətini nə qədər tənqid etsək də, real mexanizm olaraq xalqların sülh ümidi bu qurumla bağlıdır. Sülh də ona görə yaranmır ki, onların buna gücü çatmır. Məncə, onlar sadəcə olaraq bu məsələyə əhəmiyyət vermirlər. Siyasi danışıqların getmədiyi, dayandığı, tərəflərdə tamamilə fərqli yanaşmaların olduğu bir mərhələdə onlar jurnalistlərin qarşılıqlı səfərlərini təşkil edir və guya xalqları sülhə hazırlayırlar. Hansı sülhə hazırlayacaqlar? Necə hazırlayacaqlar ki, bir top atəşinin açılması hər şeyi alt-üst etməyə yetərlidir. Yəni bu, qeyri-ciddi məsələdir.

Baxın, Avropanın ortasında bizim konfliktdən qat-qat alovlu olan münaqişəni söndürdülər. Mən, Balkanları nəzərdə tuturam. İndi onların bizim konflikti həll edə bilməmələri əslində qeyri-ciddi yanaşmanın nəticəsidir. Başqa sözlə, uzaqda toplar guruldayır, eybi yoxdur, əsas odur ki, Avropanın iqtisadi, təhlükəsizlik məsələləri həll edilib. Amma indi hiss edəndə ki, münaqişənin sərhəddi Qafqazın hüdudlarından çıxır, onların yanaşma tərzində hökmən dəyişikliklər olacaq. Məntiq bunu diqtə edir.

- Tovuz təxribatı zamanı belə iddialar səsləndi ki, bu prosesin arxasında üçüncü qüvvə durur. Sizcə, xaricdə diasporalar səviyyəsində baş verən qarşıdurmaların arxasında da üçüncü qüvvə varmı?

- Sözsüz ki, bunun təsiri var. Azərbaycan-Ermənistan münaqişəsi artıq geopolitik münaqişədir. Burada bir çox ölkələrin maraqları var. Təbii ki, onlar bu prosesdə informasiya müdaxiləsi formasında iştirak edirlər. İnformasiyanın gücü bəllidir, bəzən bir xəbər böyük bir hadisənin başlanğıcı olur. Və yaxud indi Tovuz istiqamətində silahlar dayanıb, amma bütün dava informasiya və xaricdəki münasibətlər müstəvisində davam edir. Yəni müharibə davam edir, dayanmayıb. Konfliktə maraq əvvəl də olub, indi isə daha da güclüdür, getdikcə yeni məsələlər də ortaya çıxır.

Məsələn, bizlər bir zaman ciddi narahatçılıq keçirirdik ki, Qarabağ unudulur. Bununla əlaqədar mətbuatda tənqidi fikirlərə də rast gəlinirdi, narahatçılıq ifa edilirdi. Son hadisələr göstərdi ki, nə cəmiyyət Qarabağı unudub, nə də onun dünyadakı təsirləri azalmağa başlayıb. Əksinə, alt qatlarda təsir artır.

- Son hadisələr göstərdi ki, əslində erməni və Azərbaycan cəmiyyətlərinin bir-birinə qarşı kəskin nifrəti var. Sizcə, bundan sonrakı proseslər hansı ssenari ilə davam edəcək, gərginlik müşahidə olunacaq, yoxsa aprel hadisələrindən sonrakı kimi 4-5 illik fasilə yaranacaq?

- İndiki mərhələdə, elə gələcək baxımından da narahatlıq yaradan faktor ermənilərin ölkədən kənardakı aqressivliyinin Azərbaycan tərəfinə də keçməsi ehtimalıdır. Bu qarşıdurmanı məncə, dayandırmaq lazımdır. Belə yollarla problem həll edilmir. Biz ermənilərin addımını təkrarlamamalıyıq. Bunun təhlükəsi odur ki, Tovuz hadisələrindən, eləcə də erməni diasporunun ABŞ və Belçikadakı son vəhşi addımlarından sonra Azərbaycanın beynəlxalq diplomatiyada yaratdığı üstünlüyü əldən çıxa bilər. Ermənilərin Brüssel və Los-Ancelesdəki hərəkətləri onların imicinə ciddi zərbə idi. Onların bu təxribata necə getdiklərinə mən heyrət etdim.

Eyni addımları bizimkilərin də atması həm ölkəmizin imici baxımından zərərlidir, həm də münaqişənin çox pis istiqamətdə əlavə formalarını ortaya çıxara bilər.

İki il əvvəl kim deyə bilərdi ki, Qarabağ münaqişəsi ölkədən kənarda olan soydaşlarımızın ermənilərlə münasibətlərinə bu qədər kəskin təsir edə bilər? İllərlə birlikdə biznes edən, bir məclisdə əyləşən insanlar indi biri-birinə yumruq atırlar. Sözsüz ki, bu, pis formadır və bu formada problemin həlli yoxdur. Nəzərə almaq lazımdır ki, problem həll edilməzsə, indi ortaya çıxan istiqamət daha mənfi proseslə əvəzlənə, terror məsələsi ortaya çıxa bilər. İndiki halda müşahidə etdiyimiz istiqamət problemin həllinə kömək etməyəcək, əksinə, onu bir qədər də mürəkkəbləşdirəcək.

Beynəlxalq qurumların problemin həllinə münasibətinə gəldikdə, mən bu platformada dəyişikliklər gözləyirəm. Avropa hiss etdi ki, bu prosesdən kənarda qala bilməyəcək. Bu hadisə Qafqazda baş versə də, Avropa və ABŞ-ın həyatı üçün müəyyən nəticələr yarada bilər. Həm iqtisadi, həm də öz ölkələrinin daxili təhlükəsizliyinə dair məsələlərdə. O cümlədən düşünürəm ki, prosesin siyasi baxımdan fəallaşmasına diqqət daha böyükdür. Bunun alternativi hərbi yoldur, qarşıdurmanın Qafqaz hüdudlarından kənara çıxmasıdır.

Baxın, Serbiya məsələsi, Rusiyanın özündə hansı narahatedici proseslər ortaya çıxdı. Ehtimal edirəm ki, bunu araşdırsaq başqa məqamlar da ortaya çıxa bilər. Ola bilsin ki, bu proseslərdə Rusiya ilə bağlı Qərbin ümidlərinin tam doğrulmadığı da üzə çıxdı. Amma bütün zərbələrə baxmayaraq, Rusiya hələ də tab gətirə bilir, öz gücünü qoruyur və itirdiyini əvəzləmək üçün aqressivləşir. Bu elementin ciddi təsiri var. Biz Rusiya ilə strateji münasibətlərimizin olduğunu, Rusiyanın öz heyinə qaldığını deyirik. Amma unutmayaq ki, Rusiyanın bu proseslərə təsiri əvvəlki səviyyədə qalır.

- Arif bəy, bütün proses və addımlar əslində nəticəyə hesablanmalıdır. Bəs, bütün bu baş verənlərdən xeyir götürən tərəf kim oldu?

- Burada bir məqam var: Son hadisələr nəticəsində Azərbaycan və Ermənistanın öz aralarında təmas qurması, razılıq əldə etməsi, hansısa birgə addımlar atmaq şansları faktiki olaraq, sıfıra bərabərdir. Və bu, Rusiyanın xeyrinə işlədi. Belə ümidlər yaranmışdı ki, problemin həlli elə regionun özündədir, kənar təsirlər olmadan addım-addım həllə yaxınlaşmaq mümkündür və s. Bu proses kəsildi və əksinə getməyə başladı. İndi Ermənistan və Azərbaycan hakimiyyətləri hansı etibar və etimadla birgə addıma gedə bilərlər? Çox təəssüflər olsun ki, belə mühit yarandı. Və burada udan Rusiya oldu. Elə Tovuz hadisələri zamanı da Rusiya özünü toxtaq apardı. Sanki bizdən fərqli olaraq, Rusiya hadisələrin belə ssenarisinə hazır idi. Hər halda, münaqişənin indiki mərhələsində xeyir götürən tərəf varsa, o da Rusiyadır.(azpolitika) 

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam