Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan telekanalları işğalın 100 illiyini “unutdular” 

 Qulu Məhərrəmli: “Onlar göstəriş gözləyirlər, müstəqil qərar verə bilmirlər”

Yenixeber.org: Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğalından 100 il ötdü. Bu baxımdan 2020-ci ilin 27-28 apreli Azərbaycan üçün önəmli günlər idi. Sosial media istifadəçiləri faciənin ildönümünü diqqətsiz qoymadılar, hərə öz baxış bucağından 100 il əvvəlki olayı qiymətləndirdi, işğalın nəticələri barədə fikirlərini bölüşdü. 

Lakin Azərbaycanın ənənəvi mediası – xüsusən televiziya kanalları nədənsə mövzuya çox dəyib-toxunmamağa üstünlük verdilər. Azərbaycan tarixində, xalqın taleyində dərin izlər qoymuş olayın 100-cü ili “unuduldu.” Halbuki televiziyalarımız ən sıradan müğənnilərin belə doğum günlərini, onların həyatındakı əlamətdar hadisələri diqqətdən kənarda qoymur, bu münasibətlə xüsusi verilişlər hazırlayır, hətta studiyada çal-çağır qurur. 

Görəsən, tariximizə bu laqeydliyin səbəbi nədir? Əvvəlcə televiziyaların özləri ilə məsələni aydınlaşdırmağa çalışdıq. 

ATV-nin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Anar Şükürov qeyd etdi ki, bununla bağlı xəbərlərdə süjet veriblər: “Geniş proqram və ya müzakirə təşkil edilməsi isə bizim televiziyanın daxili işidir. Proqramın və ya müzakirələrin verilib-verilməməsi bizim daxili məsələlərimizə aiddir.”

İTV-nin Analitik departamentinin direktoru Anar Yusifoglundan isə cavab ala bilmədik. O, sualı eşidən kimi dəstəyi asdı. Bir daha zəng etdik. Onun cavabı çox qısa oldu: “İndi işlərim var, məşğulam, sizə geri dönəcəm…” 

Biz də cavabsız qalan sualımızı uzun illər Azərbaycan televiziyalarında rəhbər vəzifələrdə çalışmış əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmliyə ünvanladıq. 

Q.Məhərrəmli bildirdi ki, bəzi internet televiziyalarını nəzərə almasaq, bu mövzuda nə veriliş, nə də diskussiyaya rast gəlib: “Məsələn, APA TV, Pressklub TV bu ildönümü qeyd etdi. Amma büdcədən maliyyələşən televizyaların, özəl kanalların mövzunu yad etməmələri mənə qəribə gəldi. Bu, millətin tarixində, taleyində ciddi bir hadisədir və buna belə biganə yanaşmaq, sükutla qarşılamaq yolverilməz haldır. Sosial şəbəkələrdə də xüsusi vurğulandı ki, nəyə görə yerli televiziya kanalları tarixi hadisəyə bu cür susqun münasibət bəsləyir. Aydındır ki, bunlar göstəriş gözləyirlər, müstəqil qərar verə bilmirlər. Nə olardı ki, təqvimdə, xəbərlərdə bu mövzuya ətraflı münasibət bildirəydilər? Bəlkə də veriblər, mən görməmişəm. Bu, böyük bir müzakirə mövzusudur, bununla bağlı verlişlər hazırlamaq olardı. Bəzən üçüncü, dördüncü dərəcəli, əhəmiyyətsiz mövzular barədə saatlarla mənasız diskussiyalar təşkil edirlər. Amma bu cür ciddi mövzunu çox heyif ki, nəzərə almadılar…”

Qulu müəllimin də qeyd etdiyi kimi, çox təəssüf ki, Azərbaycan telekanalları hələ də müstəqil deyillər və efirimizdə söz azadlığının, plüralizmin təmin olunması arzu olaraq qalır. TV rəhbərləri ciddi mövzulara yer verib-verməmək məsələsində yuxarıdan yönləndirmə gözləməyə öyrəşiblər. Görünür, Cümhuriyyətin məhvinin 100-cü ildönümünün işıqlandırılması barədə TV-lərə hansısa səbəbdən göstəriş gəlməyib. Ümid edək ki, 101-ci ildönümdə öz səhvlərini düzəldəcəklər.    

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam