ABŞ NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİNƏ DOĞRU: bir zəng Baydenin önünü necə açdı?- TƏHLİL
Mehmet Ali Güller
“Cumhuriyet” qəzeti, Türkiyə, 13 aprel 2020-ci il
Yenixeber.org: ABŞ-da Demokratlar partiyasınınp prezidentliyə namizəd üzvlərindən Berni Sanders öz namizədliyindən geri çəkildi və beləliklə, Co Baydenin yolunu açmış oldu. Buna səbəb nə idi? B. Sanders seçkilərdə uduzacağını düşündü, yoxsa Baydeni Tramp qarşısında daha güclü rəqib kimi gördü?
Halbuki Berni Sandersin müdafiə etdiyi “sosial dövlət” anlayışı koronavirus infeksiyası ilə bərabər daha böyük marağa səbəb olurdu. Yəni, şərtlər Sandersin lehinəykən, o, niyə seçkilərdən geri çəkilməyi seçdi?
Berni Sandersin 40 ili
B. Sanders 1981-ci ildə Vermont əyalətinin Burlinqton şəhərində bələdiyyə sədri seçildiyi vaxtdan bu günədək “sosial dövlət” anlayışını müdafiə edir – səhiyyə xidmətlərindən ədliyyə islahatlarınadək.
Sanders prezidentliyə namizəd dövründə də “sosial dövlət” vədini önə çıxarmışdı. Sosial təhlükəsizlik, səhiyyə sistemi, əyalət universitetlərində (dövlət universitetləri) pulsuz təhsil kimi mövzuları ələ almışdı. Ona qarşı böyük marağın yaranmasının əsas səbəbi də bu məsələlər idi.
Üstəlik, koronavirus pandemiyası dövründə “sosial dövlət”ə olan ehtiyac hissi ABŞ vətəndaşları üçün daha vacib idi. Hansı ki, pandemiyanın ilk günlərində amerikalılara yoxlama testlərinin edilib-edilməyəcəyi ilə bağlı mübahisələr başlamış və ABŞ səhiyyəsi bir çox sualın hədəfi olmuşdu.
“Böyük böhrandan daha ağır” olacağı təxmin edilən pandemiya dövründə işsizlik, səhiyyə və sığorta məsələlərinə olan maraq daha da artmağa başlayır.
Ancaq baş verən bu qədər hadisə onun lehinəykən, o, seçkilərdən geri çəkilməyi seçdi.
Demokrat çevrilişi
Müəyyən mənbələrdən əldə edilən məlumatlara görə, Berni Sandersin öz namizədliyini geri götürməsinin arxasında Demokratlar Partiyasının ona qarşı olan güclü təzyiqi dayanır.
ABŞ-da demokratlar da respublikaçılar qədər hakim elitanın təmsilçilərdir. Xüsusilə də, dərman, sığorta və avtomobil sənayəsi sahəsində.
Berni Sandersin səhiyyə sisteminin xalqa əlçatan olması barədə verdiyi vədlər dərman və sığorta sektorunu və bu sektorların təmsilçisi hesab olunan Demokratlar Partiyasını narahat edirdi.
Sanders yaranan bu narahatlıq və öz partiyası tərəfindən ona göstərilən güclü təzyiq nəticəsində öz namizədliyini geri çəkmək məcburiyyətində qaldı.
Berni Sandersi geri çəkilməyə məcbur edən səbəblərdən biri və ən önəmlisi, partiyanın mərkəz işçilərinin ona qarşı əlbir siyasət yürütməsi və Co Baydenin ətrafında birləşməsi idi.
Sanders Obamadan daha qaradır
Bu təzyiq məsələsində, sən demə, ABŞ-ın sabiq prezidenti Barak Obama da rol alıbmış. Çünki Berninin geri çəkilmə qərarı Obamanın ona zəngindən dərhal sonra verilən qərardır.
Obamanın keçmiş köməkçisi Baydenin arxasında olması və qaradərililərin öz səsini Sandersin əvəzinə Baydenə yönləndirməsi aşkar bilinən faktlardandır.
Berni Sandersin qaradərililərdən ala bilmədiyi səs sayı isə onun bu qərarına təsir edən amillərdən biridir.
Əslində, müdafiə etdiyi siyasi məsələlər baxımından qaradərililərin namizədinin Sanders olmağı gərəkli sayılsa da, seçicilər çox sadə bir səbəblə öz səslərini Co Baydenə verirlər. Çünki Bayden ilk qaradərili ABŞ Prezidenti Barak Obamanın yaxın köməkçisi olub. Reallıq isə budur ki, Berni Sandersin siyasi rəngi Barak Obamadan daha qaradır.
Fərqi yoxdur: demokrat, yaxud respublikaçı
Berni Sandersin seçkilər ərəfəsində şansının nə dərəcədə olub-olmaması, seçiləcəyi təqdirdə verdiyi vədlərə nə qədər əməl edib-etməyəcəyi hələlik müzakirə mövzusudur. Hətta bunu ümumiləşdirsək, prezidentlərin “sistem xaricinə” çıxma şanslarının olmadığını da qeyd etməliyik.
Respublikaçı, yaxud demokrat ABŞ Prezidenti – heç bir fərqi yoxdur, nəticədə, ABŞ-ın hakim zümrələrinin təyin etdiyi imperialist strategiya siyasətini yürütməli olacaq. Sadəcə aralarındakı fərq idarə tərzi və rəngi olacaq. Necə ki, Yuqoslaviyanı demokrat Bill Klinton parçaladı, İraqı respublikaçı Corc Buş işğal etdi, Suriyada demokrat Obama vətəndaş müharibəsi başladı və Fələstinə ən böyük zərbəni “respublikaçı” Donald Tramp vurdu…
Bu səbəbdən də hakim zümrənin təmsilçisi sayılan Demokratlar Partiyasının Berni Sandersi bir zənglə öz namizədliyindən geri çəkdirməsi və Co Baydenin ətrafında birləşməsi partiya məsələsindən daha çox, sistem məsələsidir. Yəni, demokratların namizədinin Berni Sanders yox, Co Bayden olması hakim zümrənin qurduğu sistemin planı olub. Necə ki, “önəmli siyasətlər” baxımından, Tramp və Bayden arasında ciddi bir fərq yoxdur. Zülal Kalkandələnin “Bir dolların iki üzü – Tramp və Bayden” başlıqlı məqaləsini oxumayanlar mütləq oxusunlar. Baydenin 30 ildir müdafiə etdiyi və altına imzasını atdığı o siyasi qərarlar sistem məsələsində itaətkarlığın və tabeliliyin bariz göstəricisidir.
Tərcümə: Strateq.az