Ermənistan iqtisadiyyatı dağılır -Moskvanın “qulpsuz çamadan” problemi
Rublun və neftin dəyərdən düşməsi, sərhədlərin qapanması MDB məkanında ən çox işğalçı ölkəni “vurur”; erməni iqtisadçısından SOS xəbərdarlığı: “Vəziyyət daha da pisləşəcək...”
Yenixeber.org: Dünya ölkələri neftin ucuzlaşması və koronaviurus pandemiyasının yaratdığı yeni təlatümlərlə üz-üzədir. Bu təlatümlər ən əvvəl iqtisadiyyatı dayanıqlı olmayan, yaxud maliyyə-iqtisadi göstəriciləri zəif ölkələri sınağa çəkməkdədir.
Dünya çapında yaşanan son dramatik hadisələr bu xüsusda Rusiya və onu Güney Qafqazdakı forpostu, Moskvanın satelliti sayılan Ermənistanda özünü daha qabarıq büruzə verməkdədir. İqtisadiyyatı blokada səbəbindən onsuz da böhran yaşayan Ermənistanda hazırkı mənzərə digər ölkələrlə, ələlxüsus MDB ölkələri ilə müqayisədə qat-qat acınacaqlıdır.
*****
Bu arada Rusiya rublu koronavirus pandemiyası və “OPEK+” razılaşmasının dağılması fonunda ABŞ dollarına münasibətdə dünyanın ikinci ən dəyişkən valyutası kimi tanınıb. Məlumatı “Bloomberg” agentliyi yayıb. Xəbərə görə, hazırda rus rublunun volatilliyi 24,9% təşkil edir. Rubl bu göstəriciyə görə yalnız Meksika pesosuna (26,5%) uduzub. “OPEK+” razılaşması çökənə qədər rubl siyahıda 4-cü yerdə olub.
Rublun dəyərdən düşməsi isə MDB məkanında ən çox işğalçı ölkəni “vurmaqdadır”. Bunun əsas səbəbi təbii ki, Ermənistanın faktiki şəkildə Rusiyanın ucqar quberniya statusunda olmasıdır. Gerçək budur ki, postsovet ölkələri arasında Ermənistan qədər Rusiyadan asılı, onun əlinə baxan, dotasiya ilə yaşayan ikinci ölkə yoxdur. İşğalçı ölkə on illərdir Moskva üçün həm də “qulpsuz çamadan” qismindədir. Bu “çamadan”ı özü ilə daşımaq maliyyə-iqtisadi çətinlikləri getdikcə artan Rusiya üçün əsl əzaba, əlavə xərcə çevrilib. Moskva ondan imtina edəcəkmi?
Məsələ də ondadır ki, indilikdə hətta Belarus da işğalçı ölkədən daha müstəqil dövlətdir, daha müstəqil siyasət aparır, nəinki xarici siyasət kursu Moskvada müəyyən edilən Ermənistan. Bu mənada son neft kollapsı fonunda rublun növbəti dəfə dəyər itirməsinin Rusiya qədər işğalçı ölkəyə də neqativ təsir eləməsi gözlənilən idi. Söhbət həmçinin Rusiyadan Ermənistana pul köçürmələrinin azalmasından gedir. Bütün bunlar əhalisinin dolanışığı onsuz da ağır olan və vətəndaşları əsasən xarici ianələrin ümidinə qalan düşmən ölkədə həm də iqtisadi fəlakəti yaxınlaşdırır.
*****
“Ermənistan iqtisadiyyatı dağılma həddindədir. Bir çox risklər ölkə iqtisadiyyatını təhdid edir”. Bunu erməni iqtisadi icmalçı Akop Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı mürəkkəb vəziyyətdədir: “Hökumətin bu təhlükələr haqda nə dərəcədə məlumatlı olduğunu söyləmək çətindir. Ancaq təhlükələr çoxsaylı və çoxçalarlıdır. Hələlik yeganə ümid onadır ki, onlar uzunmüddətli yox, qısamüddətli təsirlər yaradacaq”.
Sözünə davam edən erməni iqtisadçı deyib: “Dünya metal bazarı Ermənistan üçün həmişə problem olub. Nəticədə iqtisadiyyatımız maliyyə itkiləri yaşayır. Təkcə iqtisadiyyat yox, həm də dövlət büdcəsi. Metalların deflyasiyası bu gün artıq büdcədə maliyyə itkilərinə səbəb olur. Yaxın zamanlarda bütün bu təsirlər qalacaq və mümkündür ki, hətta güclənəcək. Büdcə bu sahədə itkilər yaşamağa davam edəcək”.
Köçəryan Ermənistanın çoxsaylı problemlərinin olduğuna və onların əksəriyyətinin Rusiya iqtisadiyyatındakı problemlərdən qaynaqlandığına əmindir. “İlk növbədə bu, milli valyutanın devalvasiyası ilə bağlıdır. Səbəb odur ki, Rusiya şirkətləri ilə anlaşmalar əsasən rublla aparılır. Bu isə o deməkdir ki, bizim iqtisadiyyatımız və biznesimiz rublun zəifləməsindən əziyyət çəkəcək. Başqa yandan, bu, Rusiya mallarının idxalını stimullaşdırır ki, bu da öz növbəsində daxili bazarda Ermənistan məhsulların satışı üçün risklər yaradacaq”, - deyə iqtisadçı əlavə edib.
*****
“Neftin qiymətinin kəskin düşməsi Ermənistana da təsir edəcək”.
Bu sözləri Tert.am-a açıqlamasında rusiyalı şərqşünas alim, professor Aleksey Maslov neft bazarındakı böhran və onun mümkün nəticələrindən danışarkən söyləyib.
“Ekspert dəyərləndirmələrinə görə, neftin ucuzlaşması Rusiya üçün hər gün 100-150 milyon dollar itki deməkdir. Maliyyə Nazirliyinin hesablamasına əsasən, hazırkı aşağı qiymətlər qalarsa, ölkənin neft-qaz gəlirləri təxminən 2 trilyon rubl azala bilər. Bütün bunlar Rusiyanın ”neft" tərəfdaşlarına, o cümlədən Ermənistana təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Rusiya 26%-lik payla Ermənistanın əsas xarici iqtisadi tərəfdaşıdır, o zaman mənzərə daha aydın olar", - deyə rusiyalı ekspert vurğulayıb.
Göründüyü kimi, işğalçı ölkəni saxlamaq Rusiya üçün getdikcə daha bahalı məşğuliyyətə çevrilməkdədir...
“Yeni Müsavat”