Bəzi maraqlı qüvvələrin təsirində olan keçmiş deputatların parlamentdə kreslolarını qoruyub saxlamaları bu tərkibin islahatlara əngəl olacağına şübhə yaradır

Yenixeber.org: 9 fevralda keçirilən parlament seçkilərindən təxminən 1 ay sonra Konstitusiya Məhkəməsinin qərarı ilə Milli Məclisin yeni deputatlarının adları məlum oldu. Daha doğrusu, az qala xalqdan almalı olduqları mandatı “ata mirası” hesab edərək yenidən deputat seçilmək ehtirası ilə seçkiyə qatılan keçmiş deputatların intizarına birdəfəlik son qoyuldu. Və başladılar… Keçmiş və yeni deputatlar 5 illiyin xeyirli-uğurlu olması diləyi ilə bir-birlərini təbrik etməyə. Əlbəttə ki, yeni parlament yalnız əskilərdən ibarət deyil, bu dəfə mandat alanlar arasında layiqli və ya layiqsiz, təsadüfən və ya proqnozlara tam uyğun olaraq yeni seçilənlər də var. Bunlara rəğmən bu parlamenti “yenilənmiş Milli Məclis” adlandırmaq olarmı?

Hadısız, Çingizsiz, Hüseynbalasız Milli Məclis…

Qeyd olunduğu kimi növbədənkənar seçkilər yeniliklərdən xali deyil. Bu yeniliklərdən ən gözlənilməzi hər açıqlaması ilə olay olan Hadı Rəcəblinin namizəd olduğu dairənin nəticələrinin ləğv edilməsi idi. Hərçənd ki, namizədliyi irəli sürülən 123 YAP-çıdan seçilmək şansı olmayanların siyahısında onun adı yox idi. Onun sinif yoldaşı, partiyadaşı, qaz emalı zavodunda Azərbaycan ədəbiyyatına “bənzərsiz əsərlər” bəxş edən Hüseynbala Mirələmovun dairəsindəki saxtakarlığın da sübut olunması parlamenti daha bir “fəaliyyətsiz qoca”dan xilas etmiş oldu. Əqidə və səmimiyyət cəhətdən Azərbaycanda tayı-bərabəri olmadığı üçün “Ginnesin rekordlar kitabı”na düşməsi heç bir şübhə doğurmayan Çingiz Qənizadənin də “saxta bitərəf” kimi müvəqqəti olsa da, parlamentə gedən yolunun qarşısı alındı. Eləcə də Əli Həsənovun sevimli media kapitanlarından biri olan Raif Arifoğlunun mandat almaq xəyalına keçmiş deputat İqbal Ağazadənin sayəsində son qoyuldu.

Ümumiyyətlə, sözügedən 4 dairənin nəticələrinin ləğvi Azərbaycan parlament tarixində bir ilk olmasa da, ölkəmizin gələcəyi üçün xeyirli bir hadisə kimi qiymətləndirmək yanlış olmazdı. Çünki bu dörd nəfərin efirə çıxanda müşahidə edilən hər bir hərəkəti, hər bir danışığı, hətta qurduqları cümlələri orta statistik azərbaycanlı tərəfindən ikrah hissi ilə qarşılanır. Onların təkrar seçkilərdə hansısa qüvvələr tərəfindən yenidən qanunverici orqanda təmsilçilik üçün “sırınma” ehtimalını göz önündə bulundursaq belə, 6-cı çağırış Milli Məclisin ilk iclasında iştirak etməmələri xalqımız üçün böyük xoşbəxtlikdir…

İslahatlarla ayaqlaşmayan YAP-çılar, fəaliyyətləri ilə onlardan çox YAP-çı olan bitərəflər

İndi isə MSK-nın təsdiq edərək Konstitusiya Məhkəməsinə göndərdiyi və qərarının ölkədə heç bir şəxs və qurum tərəfindən müzakirə edilməsinin qeyri-mümkün olduğu KM-in təsdiqlədiyi millətə vəkillik etmək istəyənlərin siyahısına diqqət yetirək. “Yeni parlamentdə keçmiş deputatların heç birinin təmsil olunmağa haqqı çatmır” kimi absurd və məntiqdən uzaq fikirləri yaxına buraxmadan diqqət çatdırmaq gərəkdir ki, hakim partiyanın Eldar İbrahimov, Siyavuş Novruzov, İqbal Məmmədov, İlham Məmmədov, Eldəniz Səlimov, Eldar Quliyev, Məlahət İbrahimqızı, Aqiyə Naxçıvanlı, Nəsib Məhəməliyev, Mahir Abbaszadə, İmamverdi İsmayılov, Jalə Əliyeva, Ağalar Vəliyev, Azər Badamov, Kamaləddin Qafarov, Madər Musayev, Aydın Hüseynov, Nizami Cəfərov, Bəxtiyar Sadıqov və onlarca YAP-çının yenidən parlamentdə təmsil olunmasının mənasızlığı və effektsizliyi real faktdır.

Yəni başında həmin şəxslərin dayandığı bir çox YAP-çı deputatın bu xalqı nəinki təmsil etməyə layiq olması, onun hansısa problemini səsləndirmək iqtidarında olmadıqları neçə illərdir sübuta ehtiyacı olmayan aksiomaya çevrilib. Ona görə də onları Milli Məclisin ilk sessiyasına hazırlıq çərçivəsində koronavirusa görə yoxlamaq yox, kiçik bir araşdırma aparıb sıravi partiya üzvləri tərəfindən necə qarşılandığının analizi aparılmalıydı. Onda məlum olardı ki, növbəti dəfə uca kürsülərdə oturub mürgü vurması, düymə sıxmasından bu xalq heç nə qazanmayacaq. Əksinə öz potensialını millət və xalqın gələcəyi naminə “xərcləmək” üçün səmimi şəkildə millətə xidmət etmək istəyənlərin haqqını əllərindən aldıqları üçün cəmiyyətimiz çox şey itirəcək.

18 nəfər YAP-çı deputatın namizədliyinin növbəti dəfə irəli sürülməməsi ölkədə aparılan islahatlara töhfə hesab etmək olsa da, fəaliyyətləri YAP-çılardan daha çox YAP-çı olmaq təsiri bağışlayan bitərəflər, hətta digər partiya nümayəndələrinin yenidən deputat mandatı qazanması parlamentin simasının dəyişməsi qarşısında ən böyük əngəllərdən oldu. Əvvəlcə YAP-çıdan daha çox YAP-çı olan bitərəflərdən başlayaq, bu siyahıya Adil Əliyev, Ülvi Quliyev kimi idmançılar başçılıq edir. Zahid Oruc, Səttar Möhbalıyev, Əli Məsimli, Rasim Musabəyov, Ziyad Səmədzadə, Azay Quliyev, Sahib Alıyev, Bəxtiyar Əliyev, Cavanşir Feyziyev də həmin kriteriyaya uyğun gələn bitərəflərdəndir. Partiya təmsilçilərinə gəlincə, hərdən parlamentdə orijinal çıxışları ilə diqqəti cəlb etsələr də, artıq sadə xalq nümayəndələrinin səsindən və görüntüsündən bezdiyi Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı kimilər, habelə varlığı ilə yoxluğu sezilməyən Sabir Hacıyev, Asim Mollazadə, Tahir Kərimli və digər partiya nümayəndələrinin yeni parlamentdə hansı rol oynayacaqları indidən məlumdur.

Digər mühüm məqam ondan ibarətdir ki, Əli Həsənovun məşhur trollarından olan Elman Nəsirov və Elşən Musayevin yenidən parlamentə düşməsi isə YAP-da olduğu kimi, kənarda da “köhnə qvardiya”nın sabiq vəzifəlilərin əlində hələ kifayət qədər resurs olmasından xəbər verir.

Parlamentdəki yeni simalar və ya 10 deputatla islahata cavab vermək olarmı?

Yeni parlamentdəki yeni simalara gəlincə, onlar iki əlin barmaqları ilə sayılacaq qədər azdır. Onlardan biri və “yeni müxalifət”in yeganə nümayəndəsi kimi parlamentə düşməyə nail olan REAL-çı Erkin Qədirlidir. Seçkilərdən qabaq və seçiləndən sonra da ziddiyətli açıqlamaları ilə diqqəti cəlb edən E.Qədirlinin yenilənmiş parlamentə yeni nəfəs gətirəcəyinə ümidlər çoxdur. Adı çəkiləndə daha çox “Formula” yarışları yada düşən Nigar Arpadarai də Milli Məclisdəki yeni simalardandır. Onun əsas rəqibi Bəxtiyar Hacıyevin bütün cəhdlərinə baxmayaraq, N.Arpadarainin deputat seçilməsi MSK tərəfindən təsdiq edildi. Partiya sədri Fərəc Quliyevlə qalmaqallı bloger Mehman Hüseynovun çəkişməsi hesabına həyatından ilk dəfə deputat olmaq şansını əldə edənlərədn biri də Etibar Əliyev oldu. Məlum qüvvələrin fəaliyyəti ilə Füzuli rayonunun seçicilərinin səfərbər olması hesabına digər namizdələrə xeyli qabaqlayan Vüqar Bayramovun da mandatına heç bir şübhə olmayan yeni deputatlardan olduğunu söyləmək mümkündür. Çox cüzi fərqlə dairəsində lider namizəd olan AXCP-nin qanadlarından birinə liderlik edən Razi Nurullayev də yeni deputatlardandır.

Bunlarla yanaşı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev, biznesmenlərdən Məşhur Məmmədov, Elnur Allahverdiyev, keçmiş MTN-çi Arzu Nağıyev, jurnalistlərdən Sevil Mikayılova, Bəhruz Məhərrəmov, Dağ yəhidilərini təmsil edən Anatoliy Rafailov və Könül Nurullayeva bitərəf olan yeni depuatatlardandır.

YAP-ın siyahısında yeni namizədlərdən yeni depuatat seçilənlər arasında isə həm adını YAP-çıların da eşitmədiyi Səbinə Xasayeva, Fatma Yıldırım, Anar Məmmədov, Nurlan Həsənov, həm də kifayət qədər tanınan Anar İsgəndərov, Əziz Ələkbərov, Ramin Məmmədov, Elşad Mirbəşiroğlu, Cavid Osmanov, Ramil Həsən də var.

Göründüyü kimi, ümumi hesablayanda YAP-dan kənarda yalnız Milli Məclisə yalnız 10 nəfər yeni sima düşə bilib. YAP-ın yeni simalrına gəlincə, orada gənclərin yer alması təqdirəlayiq olsa da, YAP-dakı yeni simaların sayı da 10 nəfər civarındadır. Bu halda Milli Məclisi nəinki “yenilənmiş”, yeniliyin və islahatın yanından keçməyə cəhd etmiş parlament adlandırmaqdan başqa çarə qalmır.

Bu halda bəzi ekspertlərin söylədiyi kimi, bu parlamenti “yenilənmiş” yox, keçid dövründə lazım olan müvəqqəti tərkib də adlandırmaq olar. Bəzi maraqlı qüvvələrin təsirində olan keçmiş depuatatların parlamentdə kreslolarını qoruyub saxlamalarından sonra bu tərkibin islahatlara dəstəkdən daha çox islahatlara əngəl törədəcəyinə şübhə yaranır.(aztoday)

Hikmət Ağayev