Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“RAMİZ MEHDİYEVLƏ YARIM SAAT SÖHBƏTİMİZ OLDU…” –“YAP-ın rəhbərliyində də islahatlar aparılmalıdır”

 


Musa Musayev (4)

Yenixeber.org: :Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları mövzusunda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş deputat Musa Musayevlə müsahibəni təqdim edirik.

- Musa müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatlarını, YAP Siyasi Şurasının üzvü kimi, necə xarakterizə edirsiniz?

– Cənab Prezident İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin edəndə ona Nazirlər Kabinetində və hökumətdə islahatların aparılmasına dair tapşırıqlarını verdi. Əslində Prezident İlham Əliyevin siyasətində kadr islahatları hər zaman gündəmdə olub. Mən, Prezidentin Əli Əsədova tapşırıqlarından sonra bəyan etdim ki, Nazirlər Kabineti ilə yanaşı Prezident Administrasiyasında və Yeni Azərbaycan Partiyasında (YAP) da islahatlar aparılmalıdır. YAP-ın yaradıcılarından biri, partiyanın Siyasi Şurasının üzvü kimi deyim ki, YAP-da İcra Katibliyində və rəhbər strukturlarda, Siyasi Şurada, mərkəzi aparatda da islahatlar getməlidir. İnanıram ki, Prezidentin apardığı bu kadr islahatı tezliklə Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarını da əhatə edəcək. Konkret olaraq İdarə Heyətini, İcra Katibliyini və Siyasi Şuranı. Biz yeniliklərin şahidi oluruq və mənə elə gəlir ki, bu yeniliklər hakim partiyada da həyata keçirilməlidir.

- Kadr islahatlarının növbəti mərhələsinə yaşları 70- ötmüş Hacıbala Abutalıbov və Əli Həsənovun istefaları ilə start verildi…

– Bəli, hörmətli Baş Nazir müavini, Bakı Şəhər İcra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov nümunə göstərdi. Bildiyiniz kimi, mərhum Prezident, Ulu öndər Heydər Əliyev Hacıbala müəllimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edəndə onun nümunəvi iş fəaliyyətinə dair sərəncam imzalamışdı. Hacıbala Abutalıbov iş əsnasında nümunəvi olduğu kimi, fikrimcə, istefa mədəniyyəti məsələsində də nümunə göstərdi, birinci oldu. Yəni öz ərizəsi əsasında istefaya göndərildi.

- Hacıbala Abutalıbov və digərləri həm də “91-lər”dəndir, YAP-ın quruculuğunda xidmətləri olub…

– Əlbəttə. Hacıbala Abutalıbov bu gün də Yeni Azərbaycan Partiyasının İdarə Heyətində təmsil olunur. Əli Həsənov hakim partiyanın sədr müavinidir. Akademiyanın sabiq prezidenti Akif Əlizadə YAP-da sədr müavini postunu tutur. Yəni istefaya gedən bu şəxslər Yeni Azərbaycan Partiyasında təmsil olunur və böyük postlar tuturlar. Bununla belə, bir daha vurğulayım ki, fikrimcə, YAP-da kadr və struktur islahatları aparmaq lazımdır.

- Akademik Ramiz Mehdiyevin istefasını necə qarşıladınız?

– Ramiz Mehdiyev 1970-ci illərdə də Ulu öndərlə işləyib, Heydər Əliyev cənabları ikinci dəfə hakimiyyətə qayıdanda da Ramiz Mehdiyev böyük vəzifələrə irəli çəkilib. Mənə elə gəlir ki, Mehdiyev yaşı və səhhəti ilə əlaqədar, eyni zamanda cənab Prezidentin apardığı islahatların nəticəsi olaraq istefaya getdi. Onun istefası təbii sayılmalıdır, yəni faciə baş verməyib.

- Amma çoxları bu istefanı sensasiya kimi qarşıladı…

– Xeyr, heç bir sensasiyadan söhbət gedə bilməz. Cənab Prezident Hacıbala Abutalıbovu və Əli Həsənovu istefaya göndərən zaman çıxışında qeyd etdi ki, yaşı 70-dən yuxarı olan insanlar gedib elmi fəaliyyətlə, öz ailə işləri ilə məşğul olmalıdır. Çünki gənclərə meydan vermək lazımdır, gənc kadrlar da yetişməlidir. Gənc deyəndə söhbət ondan getmir ki, 25-30 yaşlı insanlar vəzifəyə irəli çəkilir. Əksinə, gənclərə müəyyən vəzifələr vermək və onların yanında 50-65 yaşında olan təcrübəli kadrlardan istifadə etmək lazımdır.

Musa Musayev (23)

- Uzun illər belə qəbul olunurdu ki, Ramiz Mehdiyev hakimiyyətdə ən güclü fiqurdur, müəyyən təsir imkanları, rıçaqları, tərəfdarları, güclü xarici əlaqələri var. Sizcə, Ramiz Mehdiyevin uzun illər bu şəkildə təqdim edilməsində həqiqət payı var idimi?

– Mən onun tərəfdarı deyiləm ki, bu şəkildə təqdimat olunsun. Ən böyük qüvvə, ən böyük potensial və ən nüfuzlu şəxs bizim cənab Prezidentimiz İlham Əliyevdir. Azərbaycanı, millətini və dövlətini sevən bütün vətəndaşlar cənab Prezidentin ətrafında birləşib. Bu gün YAP-ın yüz minlərlə üzvü var, onlar intellektual və ziyalı potensialı olan insanlardır. Və cənab Prezidentin, YAP-ln sədri İlham Əliyevin ətrafında sıx birləşiblər.

Hələ 2002-ci ildə konstitusiyada dəyişiklik edilən zaman müxalifət mətbuatı yazırdı ki, guya Ulu öndər Heydər Əliyevin parlament sədri Murtuz Ələsgərova inamı yoxdur və buna görə də, konstitusiya dəyişikliklərində Prezident səlahiyyətlərinin baş nazirə verilməsi məsələsi gündəmə gətirilib. Mən hələ o vaxt Milli Məclisin tribunasından bəyan etdim ki, cənab Prezident Heydər Əliyev hakimiyyəti öz varisi, onun ləyaqətli davamçısı İlham Əliyevə verəcək. Mənim 2002-ci ildə dediyim söz öz təsdiqini tapdı. Bu gün də görürük ki, cənab Prezident İlham Əliyev Ulu öndərin yolunu ləyaqətlə və şərəflə davam etdirir. Ola bilər siz sual edərsiniz ki, Prezident İlham Əliyev özündən sonra hakimiyyəti kimə təhvil verə bilər… Mən tam səmimi və dəqiq şəkildə deyirəm ki, Ulu öndər Heydər Əliyevin məktəbində ən yaxşı dərs alan, bu universitetin layiqli davamçısı İlham Əliyev və ondan sonra da hörmətli Birinci vitse-prezident Mehriban Əliyevadır. Bu insanlar Heydər Əliyev məktəbindən bəhrələniblər, bu məktəbin məzunlarıdır.

- Zamanında belə xəbərlər yayılırdı ki, Musa Musayevin deputatlıqdan və icra başçılığından uzaqlaşdırılmasının səbəbkarı Ramiz Mehdiyevdir. Bu iddialar nə dərəcədə həqiqətə yaxın idi?

– Ramiz Mehdiyevlə mənim aramda xoşagəlməyən münasibət olmayıb. Mən Milli Məclisdə təmsil olunmuşam, bu seçkili orqandır. 2005-ci ildə Binəqədi rayonundan YAP-ın rəsmi namizədi olmuşam. Burada seçkiyə müdaxilə edən hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən interpol xətti ilə axtarışa verilən Elşad Abdullayev olub. O, dələduzun biri idi və seçkidə qarışıqlıq yaratdı. Sonradan MSK və DSK Elşad Abdullayevi qalib elan etdi, amma az sonra da aydın oldu ki, Elşad seçki prosesi zamanı dələduzluq edib. Bu səbəbdən də Binəqədi rayonunun 8-ci seçki dairəsinin 12 seçki məntəqəsinin nəticələri ləğv edildi və seçkidə ikinci yerdə olan Arzu Səmədbəyli deputat seçildi.

İcra başçısı məsələsinə gəldikdə isə… deyim ki, məni Naftalan şəhərinin icra başçısı vəzifəsinə cənab Prezident təyin etmişdi və cənab Prezident İlham Əliyev də icra başçısı vəzifəsindən azad etdi.

Onu da qeyd edə bilərəm ki, Naftalan şəhərinə icra başçısı gedəndə Ramiz Mehdiyevlə yarım saat söhbətimiz oldu. O da hakimiyyət idarəçiliyində uzun illər işləyən ağsaqqal kimi mənə tapşırıq və tövsiyələrini verdi. Yəni Ramiz Mehdiyevlə bizim aramızda pis münasibət olmayıb. Mətbuat bu münasibətləri şişirdib, amma mən bunun tərəfdarı deyiləm. Məni vəzifəyə Prezident təyin edib, Prezident də azad edib. Bunun başqa adamlara aidiyyəti olmayıb. Buna baxmayaraq, mən YAP Siyasi Şurasının üzvüyəm, dövlətə, Prezidentə sədaqətliyəm və ölən günə qədər də məni bu yoldan heç kəs döndərə bilməz!

- Sizcə, son kadr dəyişiklikləri Azərbaycana nə verəcək?

– Azərbaycan iqtisadiyyatında, qeyri-neft sektorunda inkişaf gedir. Cənab Prezidentin sərəncamlarından biri də bir neçə nazirlik və komitə barəsində oldu. Yəni İqtisadiyyat Nazirliyinin bazasında struktur dəyişikliyi həyata keçirildi. Bu nazirliklər birləşdirildi və son illər özünü peşəkar mütəxəssis kimi sübut edən Mikay Cabbarov da nazir təyin olundu. Onu demək istəyirəm ki, bu dəqiqə cənab Prezidentin əsas diqqət mərkəzində olan məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu gün bizim iqtisadiyyatımz, sənayemiz, kəns təsərrüfatımız inkişaf edir. Yəni neftdən asılılıq ildən-ilə azalır. Bu gün Azərbaycan MDB-də yeganə dövlətdir ki, heç kimdən borc almadan özü-özünü idarə edir. Cənab Prezidentin kadr islahatları aparması, yeni təfəkkürlü və intellektual kadrlara etimad göstərməsinin mayasında Azərbaycanı işıqlı gələcəyə aparmaq istəyi dayanır. Ümid edirəm ki, yeni təfəkkürlü, müasir dünyagörüşlü gənc mütəxəssislər də ölkəmizin inkişafına töhfə verməklə Prezidentin onlara göstərdiyi etimadı doğruldacaqlar.(azpolitika.info)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam