Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda
Rusiya Azərbaycanın notasına cavab verdi, amma necə...; Məmmədyarov "İzvestiya" vasitəsilə Rusiya ermənilərinə səsləndi...
Yenixeber.org: Rusiyadakı erməni çevrələrinə bağlı rus deputat, Dövlət Duması komitəsinin sədr müavini Konstantin Zatilinin Qarabağa qanunsuz səfəri, orada ölkəmiz əleyhinə verdiyi bəyanatlar ətrafında gərginlik sovuşmayıb. Hələ ki rəsmi Bakının olayla bağlı Rusiyaya ünvanladığı etiraz notası cavabsız qalır. Halbuki Zatulin sıradan biri yox, hətta adi deputat da yox, Rusiya qanunverici orqanının aşağı palatasının komitə sədrinin 1-ci müavinidir.
Bu mənada Azərbaycanın etirazı tam əsaslı, qanuni və yerində idi. Azərbaycan XİN haqlı olaraq, sənəddə bunu da vurğulayıb ki, Zatulinin qanunsuz səfəri ilk növbədə Azərbaycanla Rusiya arasında əlaqələrə zərbə vurmaq, kölgə salmaq niyyəti güdür. Doğrudan da, iki dövlət arasında, məxsusən onların liderləri arasında son illər dinamik yüksəlişdə olan münasibətlər kimlərinsə, hansısa dairələrin xoşuna gəlmir. Həmin dairələrin ünvanı əslində qeyri-müəyyən də deyil.
Demək, ən azı buna görə Rusiya XİN notaya cavabı gecikdirməməli, K.Zatulinin özbaşınalığını qınamalı, onun söylədiklərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bəyan eləməli, Dağlıq Qarabağ məsələsində mövqeyini bir daha ortaya qoymalıdır. Necə ki, ötən il erməni mənşəli Rusiya vətəndaşlarının Bakı hava limanından Azərbaycana buraxılmaması, ölkəmiz ərazisində guya diskriminasiyaya məruz qalması barədə Rusiya tərəfinin iddiaları ilə bağlı notasına Azərbaycan XİN vaxtında aydın, hüquqi çərçivədə və arqumentli şəkildə cavab vermişdi.
*****
Söz düşmüşkən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən bir daha bu mövzuya toxunub. Nazir"İzvestiya" qəzetinə açıqlamasında bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etməsində hər hansı əngəl yoxdur (APA). Ancaq onun sözlərinə görə, onlar səfər etmədən əvvəl Azərbaycanın Rusiyadakı səfirliyini bu haqda məlumatlandırmalıdırlar. Çünki Azərbaycanın baş diplomatı haqlı olaraq hesab edir ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı emosionallıq (oxu: Ermənistanla müharibə vəziyyəti - “YM”) nəzərə alınmalıdır."Biz həmişə Rusiya tərəfi ilə bu məsələ barədə kifayət qədər açıq danışırıq", - deyə nazir vurğulayıb.
Yada salaq ki, keçın il Rusiya vətəndaşı Kristina Qevorkyan facebookda yeni il bayramını keçirmək üçün Bakıya gəldiyini, hava limanında bir neçə saat gözlədildiyini və daha sonra Azərbaycana buraxılmadığını bildirmişdi...
Problem də ondadır ki, ermənilər zaman-zaman təkcə Azərbaycana, Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə yaşamayıblar, həm də daim Azərbaycanla Rusiyanın, Türkiyə ilə Rusiyanın arasını vurmağa, təfriqə yaratmağa çalışıblar. Bir növ arada “qaratikan” rolu oynayıblar. Bu “missiya” indi də davam edir. Hərçənd rusların özlərinin də onlardan maşa qismində istifadə eləmək yanğısı unudulmamalıdır.
İndi də Suriyadakı ermənilərin Türkiyəyə qarşı təxribatçı əməllərinin şahidiyik. Artıq xəbər verildiyi kimi, Nubar Ozanyan adına Suriya erməni könüllülərindən (oxu: terrorçulardan - “YM”) ibarət batalyon Türkiyə silahlı qüvvələri ilə döyüşə yollanıb. Bununla bağlı batalyonun yaydığı bəyanatda deyilir ki, guya Türkiyə Suriyadakı torpaqları ələ keçirmək istəyir və bu səbəbə ərəblər, kürdlər və ermənilər Türkiyə ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırılır.
*****
Bu arada Suriyanın şimalında - Türkiyə Ordusunun əməliyyat apardığı zonada yaşayan dinc erməni sakinlərin Ermənistana gəlmək istəmədiyi məlum olub. Bu haqda “Jamanak” qəzeti yazıb. Qəzetin bildirdiyinə görə, kürdlərin nəzarətində olan Qamışlıda 4 minə yaxın erməni yaşayır.
“Bizim mənbəmizin məlumatına əsasən, onlara ya Hələbə, ya da Ermənistana köçmək təklif olunub. Lakin onlar hər iki təklifdən imtina ediblər və onu da deyiblər ki, Ermənistandakı həyat şəraitinin heç də yaxşı olmadığından xəbərləri var. Ermənilərin yaşadıqları kvartallar hələ ki atəşə məruz qalmır, hərgah bombardmanların səsi burada yaxşı eşidilir”, - deyə nəşr sonda qeyd edib.
İşğalçı Ermənistanda dolanışıq, güzəran isə həqiqətən ağırdır. Ağlı başında olan erməni ora getməz, əksinə, oranı tərk edər. Necə ki, “məxməri inqilab”ın ardınca boşboğaz baş nazir NikolPaşinyanın verdiyi şirin vədlərdən sonra da Ermənistandan kütləvi köç dayanmayıb. Qarabağ, işğal problemləri aradan qalxmayınca dayanmayacaq da.
Odur ki, Qamışlı erməniləri elə öz yerlərində qalsalar, ən əvvəl özləri üçün yaxşı olar. Çünki Türkiyə əsgəri dinc əhali ilə vuruşmur və azad etdiyi yerə yalnız sabitlik, təhlükəsizlik və inkişaf gətirir. Türkiyədə on minlərlə Ermənistan ermənisinin əmək miqrantı kimi öz ailələrinə çörək pulu qazanması da Türkiyənin nə dərəcədə humanist dövlət olduğuna şübhə yeri saxlamır...
*****
Bu xüsusda bir daha mənfur qonşulara xatırlatmaq zərurəti var: erməni xalqının xoşbəxtliyi Türkiyə və Azərbaycanla, bütövlükdə Türk toplu ilə düşmənçilikdə yox, dostluq və müttəfiqlikdədir. Bu gerçəyi ermənilər nə qədər tez anlasalar, ən çox özləri uduşda olarlar - Suriyadan, Yaxın Şərqdən tutmuş, Qafqaza, Qarabağa qədər...
P.S. Yazı hazırlanarkən məlum oldu ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib."Rusiya XİN-in saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu aktual xəbərdarlıqdır və hamıya aiddir", - deyə Zaxarova qeyd edib.
Göründüyü kimi, rəsmi şəxs kimi Zatulinin Qarabağa qanunsuz səfəri, iki ölkə əlaqələrinə zərbə vuran hərəkətləri pislənilmir, ona qarşı hər hansı qınaq bildirilmir. Yəni başdansovdu bir cavab. Əgər ona cavab demək mümkünsə...
“Yeni Müsavat”