İlham Əliyevin məxməri inqilabı – Ekspertlər nə gözləyir?
Azərbaycanda baş nazirin dəyişməsi, yeni təyin olunan Əli Əsədovun Nazirlər Kabinetinin işində həyata keçirəcəyi dəyişikliklər ciddi müzakirə mövzusudur.
Yenixeber.org: Xarici siyasət məsələləri üzrə ixtisaslaşmış Novruz Məmmədovun hökumət kabinetinə rəhbər gətirilməsi cəmiyyətdə nə qədər böyük təəccübə səbəb olmuşdusa, iqtisadçı, uzun illər ölkənin iqtisadi siyasətinin formalaşmasında yaxından iştirak etmiş Əli Əsədovun baş nazir təyin olunması bir o qədər təbii qarşılandı.
Əksər müşahidəçilər baş nazirin məhz iqtisadçı, ən əsası isə Azərbaycan iqtisadiyyatını yaxından tanıyan, ayrı-ayrı sahələr üzrə potensiala bələd olan biri olmağının gərəkdiyini bildirirlər.
Bəs tanınmış iqtisadçılar necə, yeni baş nazirdən nə gözləyirlər? Ə.Əsədov nələri dəyişməli, hansı sahələrə diqqət yetirməlidir?
İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Nazirlər Kabineti icra hakimiyyəti strukturudur: «Bu qurum, bir növ təsərrüfat fəaliyyəti həyata keçirir. Nazirlər Kabinetinə sırf iqtisadi məsələlərlə məşğul olan, təsərrüfat işindən, istehsaldan və ticarətdən başı çıxan adam rəhbərlik etməlidir. Obrazlı şəkildə desəm, Nazirlər Kabineti hökumətin ürəyi rolunda çıxış edirsə, Prezident və ya dövlət başçısı düşünən beyindir, onun şüur obyektidir.
Ümumiyyətlə, bizdə Nazirlər Kabineti dövlət başçısı, yəni Prezident tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Qurumun tərkibinə 40-dan çox struktur daxildir. Bunları əlaqələndirmək, koordinasiya etmək asan məsələ deyil. Belə bir quruma peşəkar bir kadrın rəhbərlik etməsi daha məqsədəuyğundur. Yəni Nazirlər Kabineti siyasətlə məşğul olmadığı üçün ona siyasətçinin rəhbərlik etməsi nəticəsində, rəhbər şəxsin şəxsi keyfiyyətlərindən asılı olmayaraq, ciddi effektə nail olmaq mümkün deyil”.
P.Heydərovun sözlərinə görə, Nazirlər Kabineti həddindən artıq şişmiş bir struktura malikdir: “Bu quruma 40-dan yuxarı struktur daxildir. Bu, hər şeydən əvvəl dövlət büdcəsinə düşən yük baxımından əlverişli deyil. Əlbəttə, islahata ehtiyacı olan bir strukturda rəhbər dəyişikliyi ilə yüz faizlik effekt əldə etmək mübahisəli məsələdir. Lakin hesab edirəm ki, Nazirlər Kabinetinin özündə struktur islahatlarının aparılması zəruridir.
Düzdür, ölkə prezidentinin rəhbərliyi altında ayrı-ayrı strukturlarda belə islahatlar aparılır. Amma düşünürəm ki, yeni baş nazir bilavasitə Nazirlər Kabinetində bu islahatların daha da dərinləşdirilməsi üçün təşəbbüslər göstərməlidir. Bu zaman o, özünün Azərbaycan iqtisadiyyatına dair hərtərəfli biliklərindən bəhrələnə biləcək, çünki uzun illərdir iqtisadi proseslərdə yaxından iştirak edir. Ə.Əsədov Nazirlər Kabinetini daha effektiv və çevik bir quruma çevirmək imkanındadır”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, Nazirlər Kabinetində ciddi islahatlar ölkə rəhbərliyinin razılığı ilə aparıla bilər: “Bir qayda olaraq, belə struktur islahatları, kadr dəyişiklikləri ölkə prezidentinin birbaşa razılığı ilə həyata keçirilir. Yeni baş nazir iqtisadiyyatda iştirak edən kadrdır, bu günə qədər mövcud konyukturun formalaşmasında birbaşa iştirakçılardan biridir. Bu baxımdan, yeni baş nazirin bu istiqamətdə təkliflərini ölkə rəhbərliyinə çatdırmaq imkanları var.
Düzdür, baş nazirin dəyişməsi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə radikal dəyişiklik olacağını gözləmək mümkün deyil. Ən azı Nazirlər Kabinetinin səlahiyyət çərçivəsi buna imkan vermir. Amma yeni baş nazirin iqtisadi qanaddan gəlməsi hökumətdə iqtisadi proseslərin nisbətən daha çevik idarə olunması üçün şərait yarada bilər”.
R.Həsənovun fikrincə, ölkə iqtisadiyyatında ciddi addımların atılmasının zəruri olduğu bir sıra istiqamətlər var: “Bu gün Dünya İqtisadi Forumu tərəfindən ölkələrin yeni rəqabət qabiliyyətliliyi indeksi açıqlanıb. Bu indeksə görə, Azərbaycanın mövqeyi 11 pillə irəlilədi.
Rəqabət qabiliyyətinə görə Azərbaycan 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Yaxud Dünya Bankının “Doing Business” hesabatında keçən il islahatçı ölkələrin ilk onluğuna, bu il isə ilk iyirmiliyinə düşmüşük. Digər bir sıra hesabat və indekslərdə də Azərbaycanın mövqeyi ilbəil yaxşılaşır. Lakin paradoksal haldır ki, bu irəliləyiş ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna cəlb olunan birbaşa və dolayı xarici investisiyalarda öz əksini tapmır. Son illərdə, elə bu ilin ötən dövründə də bu investisiyaların həcmi getdikcə azalır.
Bu, əslində çox ciddi problemin olmasından xəbər verir. Problem ondan ibarətdir ki, iqtisadi islahatlar institutsional və siyasi islahatlarla müşayiət olunmur. Makromühit deyəndə burada həm iqtisadi, həm siyasi, həm sosial, həm hüquqi, həm texnoloji mühit nəzərdə tutulur. Azərbaycanda isə islahat deyiləndə yalnız qanunverici sahədə, bir də iqtisadi sahədə islahatlar başa düşülür. Bu gün qlobal rəqabətlilik indeksində həm Gürcüstanın, həm Türkiyənin mövqeyi Azərbaycandan geridədir. Amma hər iki ölkənin investisiya cəlb etmə səviyyəsi bizdən xeyli dərəcədə yüksəkdir, hər iki ölkənin iqtisadiyyatında aktiv xarici investor iştirakçılığı var. Çünki makromühitin bütün sahələrində islahatlar bir-birini tamamlayır. Azərbaycanda buna nail olmaq üçün investorun hüquqları qorunmalı, məhkəmə institutunun müstəqilliyi təmin olunmalı, inhisarçılıq aradan qaldırılmalıdır, məmur biznesi tam olaraq ləğv olunmalıdır. Bütün bunlar baxımından, yeni baş nazirin qeyd etdiyim istiqamətləri hədəfləməsi, ölkənin resurs asılılığından qurtarması üçün islahatların dərinləşdirilməsi xətti götürməsi lazımdır”.(yenisabah)