Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ

“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...”


Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcəyi barədə xəbər yayılsa da, hələlik konkret vaxt və məkan barədə açıqlama verilməyib. Hələlik rəsmi Bakı Ermənistanın XİN başçısının sentyabrın 6-da İrəvanda keçirdiyi mətbuat konfransında verdiyi anonsa münasibət bildirməyib.

Yenixeber.org: Qeyd edək ki, Mnatsakanyan yaxın günlərdə keçirilməsi nəzərdə tutulan görüşün planlaşdırıldığını deyib. Onu da bildirib ki, görüş tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. “Mən də XİN başçıları və ATƏT-in Minsk Qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, - erməni nazir bildirib.

Elə bu görüş anonsundan bir az əvvəl Ermənistan tərəf davamlı şəkildə növbəti təxribatlara əl atdı. Düzdür, təmas xəttində atəşkəsin pozulması halları baş versə də, intensivlik müşahidə olunmur və itkilər yoxdur. Lakin Ermənistan XİN başçısının səfirləri də yığıb Qarabağa gəlməsi, burada “iki dövlətin əməkdaşlığı” barədə sərsəm fikirlər səsləndirməsi danışıqları mənasız edir.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza danışıqların perspektivləri barədə danışıb. “Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir” - Brayza “Report”un Gürcüstan bürosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: “Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün nəyisə güzəştə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə, doğru deyil”.

M.Brayza özü də etiraf edir ki, Paşinyanın açıqlamaları “qəribə”dir. Ancaq Ermənistanın baş nazirinin “miatsum” bəyanatından sonra amerikalı diplomatın danışıqların əhəmiyyətindən danışması, üstəlik, Azərbaycan tərəfini də dolayısı ilə güzəştlərə çağırması anormal görünür. Əslində cənab Brayza həmsədr olduğu dönəmdə də ziddiyyətli açıqlamaları ilə əsəblərimizlə oynamağa öyrəncəli idi. Brayzanın Azərbaycanda səfir təyinatına erməni diasporunun cidd-cəhdlə mane olmasını yəqin ki, diplomat özü də bilir. Ancaq onun işğalçı ilə işğala məruz qalan tərəf arasında balans saxlaması təəccüblüdür.

“Cənab Brayzanın verdiyi açıqlamaya yanaşmada əsas müsbət cəhət kimi onu görmək lazımdır ki, o, problemi dəqiq bilən bir şəxsdir və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri olub. Paşinyanın verdiyi qeyri-adekvat bəyanatlarla bağlı da Brayzanın mövqeyi odur ki, Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil bir qurum adlandırmaqla münaqişənin həllini tapmaq mümkün olmayacaq”.

Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, ilk növbədə bir kompromis variant tapılmalıdır ki, danışıqlar davam etdirilsin: “Digər tərəfdən, nazirlərin görüşündə də bu suala tam aydınlıq gətirilməlidir: Paşinyan nə demək istəyir? Sülh və ya müharibə, yoxsa təxribata çəkmək üçün siyasi gedişlər? Görüşdə bu suallara erməni tərəfi cavab verməlidir və görüşün vacibliyi də məhz buna görə lazımdır. Kompromisə və ya güzəştə gəldikdə isə Azərbaycan tərəfi dəfələrlə bunu edib və təəssüf ki, ermənilər bunu başa düşmək istəməyib. Çünki onların istəyi nəyin bahasına olursa-olsun, hazırkı status-kvonu saxlamaqdır. Qərar qəbul etmək üçün siyasi iradə lazımdır, bu isə nə Paşinyanda, nə də ki, digər erməni rəhbərlərində görünür. Buna görə də erməni tərəfi güzəşt deyil, beynəlxalq normalara riayət etsə, daha düzgün olardı”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə xatırlatdı ki, Metyu Brayza xeyli vaxt idi bizim regionda gedən proseslərə münasibət bildirmirdi: “Onu ermənilər Azərbaycan tərəfdarı kimi təqdim etsələr də, mən bu adamın sırf bizim mövqedən çıxış etdiyini görməmişəm. Brayza daha çox bölgəyə sülhün gəlməsini istəyib, bunu isə hamı istəyir. Onun ATƏT-in Minsk Qrupunda həmsədr kimi ölkəsinin maraqlarından çıxış etdiyinə şübhə yoxdur. İndi də o, Amerikanın mövqeyindən çıxış edir, Azərbaycanı güzəşt etməyə səsləyir. Amerikanın nəzərincə, Azərbaycanın son mərhələdə güzəştə getməsi o ola bilər ki, Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq versin və beləliklə, Dağlıq Qarabağ de-yure də əlimizdən çıxsın”.

Q.Çaxmaqlı dedi ki, Ermənistanın özündə belə Azərbaycanın güzəştindən danışarkən bu sayaq düşüncə irəli sürmürlər: “İlk prezident Ter-Petrosyan deyir ki, işğal olunmuş ərazilərin qarşılığında Azərbaycanın güzəşti sülhə razılaşmaq ola bilər. Başqa bir siyasətçiyə görə, Dağlıq Qarabağa Azərbaycanın dünyada mövcud olan ən böyük statusu verəcəyi vədi ən böyük güzəştdir. Brayza isə Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir və Paşinyanı da Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmaqda, ya da ”müstəqilliyi" ilə bağlı ziddiyyətli fikirlər səsləndirməkdə qınayır. Dolayısı ilə Paşinyana Dağlıq Qarabağın “müstəqilliyini” istəməsinin daha doğru olduğu işarəsini vurur. Amma Brayza Ermənistanın güzəştlərindən danışmır. Nədən? Çox maraqlıdır. Brayzanın “güzəşt” fikrinin BMT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsində edilməsi də düşündürücüdür. Əcəba, bu, ABŞ-ınmı mövqeyidir?"
"Yeni Müsavat"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam